Dekabrın 21-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 2011-ci il 28 dekabr tarixli Fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Bizimaz.az: Maliyyə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, həmin Fərman Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.
Komissiyanın sədri, Maliyyə naziri Samir Şərifov bildirib ki, hərbi qulluqçuların mənzil təminatı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və nəzarətindədir. Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 763 hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb. Qeyd olunub ki, hazırda mənzil növbəsində olan 339 hərbi qulluqçu ilə birlikdə bugünkü iclasın qərarına əsasən, növbəyə qəbul edilən hərbi qulluqçulardan 97 nəfəri də daxil olmaqla cəmi 436 hərbi qulluqçunun mənzillə təmin olunması nəzərdə tutulub.
Bu məqsədlə Mənzil İnşaatı Dövlət Agentliyinin sifarişi ilə inşa edilən Bakı şəhəri, Hövsan Yaşayış Kompleksindən 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait hesabına 436 ədəd tam təmirli mənzil alınıb, həmin mənzillərin hərbi qulluqçuların mülkiyyətinə verilməsi və onların adlarına rəsmiləşdirilməsi istiqamətində işlər həyata keçirilir.
Bununla da, bu günədək Komissiya tərəfindən 1721 nəfər hərbi qulluqçunun Bakı şəhəri daxil olmaqla respublikanın müxtəlif regionlarında mənzillə təmin olunması ilə bağlı qərarlar qəbul edilib.