Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.
Bizimaz.az: BAKU.WS-in Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.
Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:
• Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik;
• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;
• Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır;
• Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;
• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;
• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.
Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:
• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;
• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;
• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;
• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.