Hər gün Abşeron rayon 28 May qəsəbəsində elektrik enerjisinin verilməsində fasilələr yaranır.
Bizimaz.az: Bu barədə Axar.az-a qəsəbə sakinləri məlumat verib. Sakinlər qəsəbədəki evlərin elektriklə təchizatında hər gün ən azı 3-4 saat fasilə yarandığını, bunun isə kombi sisteminin fəaliyyətini iflic etdiyini və havaların soyuduğu vaxtda çətinliklər yaşadıqlarını bildiriblər.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib ki, qəsəbədə enerji təchizatında fasilələr verilməsinə səbəb Xırdalanda və ətraf qəsəbələrdə ASC tərəfindən aparılan işlərlə əlaqədardır:
“Hazırda Xırdalan şəhərinin və ətraf qəsəbə sakinlərinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədi ilə işlər görülür. Azərenerji ASC tərəfindən yeni inşa edilən 110 kV-luq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kV-luq yarımstansiyası tikilərək şəbəkəyə qoşulub. 220/110/10 kV-luq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kV-luq kabel xətlərinin yeni 35 kV-luq yarımstansiyaya köçürülməsi işləri davam etdirilməkdədir.
Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün Azərişıq ASC tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilməkdədir.
Qeyd olunan yaşayış məntəqələrində 35; 10; 6 və 0.4 kV-luq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır”.
T.Mustafayev bildirib ki, işlərin dekabr ayının sonuna qədər tamamlanması nəzərdə tutulur.