Təhsil Nazirliyinin elan etdiyi təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsi çərçivəsində orta məktəb şagirdləri üçün ölkədə ilk dəfə olaraq dərsliklərin mobil tətbiqi hazırlanıb.
5,6 və 7-ci sinif Ədəbiyyat dərsliklərini əhatələyən layihə Gəncə şəhərində təhsil ictimaiyyətinə təqdim olunub.
Kəlbəcər rayon 19 saylı tam orta məktəbin Ədəbiyyat müəllimi Nofəl Şirinovun müəllifi olduğu bu layihə orta ümumtəhsil məktəblərində təhsil alan şagirdlərlə yanaşı, görmə imkanları məhdud olan uşaqların təhsil imkanlarını genişləndirməyə xidmət edir.
Şagirdlər Ədəbiyyat dərsliklərindəki bədii mətinləri səsli formatda www.sesliderslik.az saytı ilə yanaşı, bundan sonra mobil tətbiqdən də istifadə edərək rahat bir şəkildə dinləyərək öyrənə biləcəklər.
Android əməliyyat sistemi ilə işləyən mobil qurğularda bu tətbiqi quraşdıraraq uğurla istifadə etmək mümkündür.
Gəncə şəhərində yerləşən 11 nömrəli Kəlbəcər tam orta məktəbində keçirilən təqdimat mərasimində iştirak edənlərə layihə haqqında geniş məlumat verilib və bu resurslardan istifadə olunmasının tədris mühitinə qazandırdığı üstünlüklərdən geniş söhbət açılıb. Qeyd edilib ki, sayta daxil olaraq “mobil tətbiqi yüklə” linkindən istifadə edərək, hər bir şagird və müəllim bu resurslardan faydalana bilər.
Layihə rəhbəri bildirdi ki, qarşıya qoyulan hədəflərə çatmaq istiqamətində "Səsli Dərslik" mobil tətbiqi layihəsi hazırda üç kitabı əhatə edir və gələcəkdə digər dərsliklərin də mobil tətbiqdə yer alması mümkündür.
Tədbirdə iştirak edən Azərbaycan Televiziyasının “Təhsil üçbucağı” verilişinin müəllifi və aparıcısı Orxan Cabbarlı bu layihənin tədrisdə innovativ texnologiyaların tətbiqi baxımından yenilik olduğunu vurğulayaraq,şagird və müəllimlər üçün çox faydalı olacağını bildirdi. O,müasir təhsildə elektron tədris resurslarının yaradılması və bu resurslara çıxış imkanlarının genişləndirilməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Kəlbəcər rayon Təhsil Şöbəsi Metodkabinetin müdiri Zəhra İbrahimova bu layihə çərçivəsində yaradılan resursları müəllimlər üçün dərsi daha da maraqlı edəcəyi və şagirdlərin dərsi öyrənməsini asanlaşdıracağını bildirib.
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin yaradıcı müəllimlər üçün yaxşı imkan olduğu qeyd edilən tədbirdə iştirakçıların sualları cavablandırılıb və mobil tətbiqin istifadə qaydaları ilə bağlı videoçarx nümayiş etdirilib.
istinad