Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkən kimi tanınan iş adamının məhkəməsi davam etdirilib. O, mənimsəmədə ittiham edilib.
Bizimaz.az: Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci ( cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 179-cu (mənimsəmə) maddəsi ilə ittiham edilən Kabulov Əşrəf Rafael oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında məlum olub ki, Kabulovun yaxınları dəymiş zərəri ödəyib.
Vəkil 33 min 600 manat məbləğində zərərin ödənilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edib.
Bildirilib ki, ümumi dəymiş zərər kimi göstərilən 420 min manatın 8 faizə qədəri ödənilib.
Prosesin davamında məhkəmə istintaqının başa çatdığı elan edilib. Hakim dövlət ittihamçısına çıxış üçün söz verib.
Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror törətdiyi əmələ görə Əşrəf Kabulovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Ə.Kabulovun vəkili müdafiə etdiyi şəxs barəsində şərti cəza təyin edilməsini istəyib.
Kabulov da məhkəmədən ədalətli qərar çıxarılmasını xahiş edib. O deyib ki, 420 min manatdan sadəcə 1 faiz ona çatıb. Kabulov 8 faiz zərəri ödəməyə razı olduğunu və ödədiyini deyib.
Məhkəmə müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən Əşrəf Kabulova 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Məhkəmə Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsini tətbiq edərək Kabulovu azadlığa buraxılıb.
Əşrəf Kabulova verilən ittihama görə, Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi layihələrə saxta sənədlər hazırlayıblar. Belə ki, vəzifəli şəxslərin adından sənədlər imzalayaraq müxtəlif layihələrin icra olunduğunu göstərərək ayrılan vəsaiti mənimsəyiblər.
Həmin sənədlər əsasında Emil Bədəlovun müxtəlif banklarda olan hesablarına pullar köçürülərək nağdlaşdırılıb.
İttihamda ümumi dəymiş zərər Kabiloba münasibətdə 420 min manat olaraq göstərilir. Kənd Təsərrüfatı Nazirliyinin mülki iddiası da qeyd edilən miqdardadır.
Hökmdə nazirliyin nümayəndəsi zərərin müəyyən hissəsinin ödənildiyini, amma tam olaraq ödənilməsini tələb etdiklərini bildirib.
O deyib ki, bu işdə adı keçənlərdən yalnız Esmira Əliyevanı tanıyır.
"Özüm uzun illər "Bank Respublika"da işləmişəm. Esmira Əliyeva ilə də orada birlikdə çalışmışıq. 2015-ci ildə Esmira dedi, 4 şirkət lazımdır ki, pul köçürmə həyata keçirsin. Mən də ona 4 şirkətin adını verdim. Özü deyirdi ki, şirkətlərdən pul köçürülüb. Məndən yenə də şirkət istədi. Amma olmadığını dedim. Sonradan istintaqda məlum oldu ki, on beşə yaxın şirkətin adından köçürmələr edilib.
Mən bu işdə adı keçən nə Sevinci, nə də Emili tanıyıram. Sadəcə Esmiranı tanımışam"- deyə təqsirləndirilən şəxs bildirib.
Bu işdə adı keçən Emin Bədəlov və Sevinc Zeynalova barəsində də ayrıca cinayət işi açılıb. Əmin Bədəlov həbsdədir. Onlar barəsindəki cinayət işi də Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.
Qeyd edək ki, Ə. Kabulov MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova və digərlərinin cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Həmin iş üzrə ittihamda göstərilirdi ki, MTN əməkdaşları Ə.Kabulovdan barəsində cinayət işi açacaqları adı ilə 30 min manat pul alıb. Həmin cinayət işi də banklardan qanunsuz pul köçürmələri ilə bağlı olub.