Meşə massivinə zərər verənlərə qarşı bölgələrdə reydlər keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Lənkəran rayonu ərazisində keçirilən reydlər zamanı Təngivan, Lerik rayonu Bibiyanlı, Piran kənd sakinlərinin avtomobillərindən qanunsuz yolla əldə edilmiş vələs, fıstıq cinsli meşə materiallarının aparıldığı aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib olunub və onlara ümumilikdə 1631 manat məbləğində ziyan tətbiq edilib.
İsmayıllı rayonu ərazisində keçirilən reydlər zamanı kənd sakinlərindən 300 kisə, ümumi çəkisi 900 kiloqram olan ağac kömürü aşkar olunub. Faktlarla bağlı qanun pozucuları barəsində aktlar tərtib edilib.
Oğuz rayonu ərazisində keçirilən reydlər zamanı isə ağac kömürü hazırlanması məqsədilə Tayıflı kənd sakinlərinin qanunsuz əməlləri aşkar edilib. Onlara ümumilikdə 3 min 359 manat məbləğində ziyan və cərimə tətbiq olunub. Reydlər zamanı aşkar olunan kömür quyuları ləğv edilib.
Hazırda reydlər davam etdirilir.