Baş verənləri biz kompramislərə doğru atılan addım kimi də qiymətləndirə bilərik.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Tofiq Abbasov Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonun Rusiyanın öz gələcəyini Avropadan kənarda görməməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib. O bildirib ki, heç Avropa Şurası da tərkibindən hansısa ölkənin çıxmasının marağında deyil:
“Burada hər hansı tərzdə və miqdarda maliyyə vəsaitini ödəməkdən də söhbət getmir. Doğrudur, son illər AŞ-ın öz siyasətində hansısa ölkələri hədəf aldığını görürük. Bəzi problemlərin həllində öz baxışlarını, standartlarını digər ölkələrə sırımağa çalışırlar. Halbuki problemə vahid bir baxışdan yaxınlaşmaq doğru deyil. Çünki hər ölkənin daxili həyatında müəyyən xüsusiyyətlər var və onları da nəzərə almaq lazımdır”.
Politoloq qeyd edib ki, AŞ-dan Rusiyanın uzaqlaşmasını istəməyən qüvvələr də kifayət qədər çoxdur:
“Rusiya ilə bağlı qalmaqallı vəziyyət qalmaqdadır. Ancaq Rusiyada bu yaxınlarda keçiriləcək prezident seçkilərinə görə rəsmi Kreml qalmaqallı vəziyyətlərin kəskinləşməsini istəmir. Prezident Putinin Rusiya qoşunlarının Suriyadan çıxarılması ilə bağlı qərarı da bununla bağlıdır. Doğrudur, AŞ-ın Ukrayna istiqamətində hadisələrdən dolayı Rusiya ilə münasibətləri gərgindir. Ancaq düşünürəm ki, tərəflər arasında konsensus əldə oluna bilər. Rusiyanın AŞ-dan çıxması inandırıcı deyil. Onun AŞ-dan uzaqlaşması məsələsi də Avropanın xeyrinə deyil”.
Qeyd edək ki, Rusiya Federasiya Şurasının rəhbəri Valentina Matviyenko müsahibəsində Rusiyanın Avropa Şurasından çıxmayacağını bildirib. Onun sözlərinə görə, Rusiya öz gələcəyini Avropadan kənarda görmür.