ABŞ Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır.
Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentindən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən Bako Saakyanın bu yaxınlarda Birləşmiş Ştatlara səfərini şərh edərkən deyiblər.
Qeyd olunub ki, Dövlət Departamentinə bu ayın əvvəlində Konqres nümayəndələrinin Dağlıq Qarabağdan gələn şəxslərlə görüşdüyü məlumdur:
“ABŞ, həmçinin Ermənistan daxil olmaqla, heç bir ölkə Dağlıq Qarabağda yaradılmış de-fakto rejimi tanımır. Birləşmiş Ştatlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və münaqişənin ərazi bütövlüyü çərçivəsində, güc tətbiq edilməməsi, bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə hüququ haqqında Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə nizamlanması üzrə işi davam etdirəcək”.
Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi özünü təqdim edən B.Saakyanın ABŞ-a səfəri və ABŞ Konqresinin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar olaraq, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta bir müddət əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
Səfirə Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası təqdim edilib.