Türkiyənin Qarabağın həll prosesinə müdaxilə və ya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını Qarabağdakı danışıqlarla bağlamaq cəhdi hər iki prosesə mane olur.
Bunu Avropa Parlamentinin Xarici Münasibətlərinin Komissiyasında çıxışı zamanı Ermənistan Xarici İşlər naziri Edvard Nalbəndyan söyləyib. Onun sözlərinə görə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması iki ölkənin xaqları üçün yeni imkanlar yarada bilərdi:
“Ermənistan bu prosesin uğurla başa çatması üçün səylərini əsirgəməyib. Türkiyə barışmaq üçün tarixi imkanını əldən verdi. Ermənistan ön şərtləri qəbul etmir”.
Komissiyada çıxışı zamanı erməni nazir yenidən tarixi faktları saxtalaşdırmaq cəhdlərindən əl çəkməyib. O, komissiyada Dağlıq Qarabağın heç vaxt guya müstəqil Azərbaycanın tərkibində olmadığını bildirərək, bununla erməni tərəfinin mövqeyinin haqlı olduğunu komissiya qarşısında sübut etməyə çalışıb. Bundan başqa Nalbəndyan Azərbaycan Prezidenti İlham Əliyevin azərbaycanlıların İrəvana – öz tarixi yurdlarına qayıtması fikrinin, guya Ermənistana ərazi iddiaları kimi təqdim etməyə cəhd edib.
Qeyd edək ki, bundan öncə Ermənistan bu il ərzində Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması barədə imzalanan protkolları ləğv edəcəyini açıqlamışdı.
Prezident İham Əliyev Yeni Azərbaycan Partiyasının altıncı qurultayında azərbaycanlıların İrəvana geri qayıtmalı olduğunu söyləmişdi:
“Bunun başqa yolu yoxdur. Biz heç vaxt imkan verə bilmərik ki, torpağımızda ikinci erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və heç vaxt olmayacaq. Biz, sadəcə olaraq, öz səylərimizi daha da artırmalıyıq və artırırıq. Əminəm ki, bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz ədalətli həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Onu da qeyd etməliyəm ki, biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq”.