İsrail parlamenti qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsini ilkin səsvermədə rədd edib. İsrailin xarici işlər nazirinin müavini Tsipi Xotoveli bildirib ki, məsələ ciddi siyasi xarakter daşıyır, hətta diplomatik fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən İsrail qondarma "erməni soyqırımı" məsələsi ilə bağlı rəsmi mövqe tutmayacaq.
Sözügedən qanun layihəsi İsrailin müxalifət “Eş Atid” partiyasının lideri Yair Lapid tərəfindən irəli sürülmüşdü. Ermənipərəst mövqeyi ilə seçilən partiya sədri çıxışlarında İsrailin Türkiyə ilə barışıq əldə etməsinə qarşı çıxıb, dəfələrlə kürdlərə dəstək nümayiş etdirib.
İsrailin “erməni soyqırımı”nı qəbul etməməsinə səbəb nədir? Millət vəkili, politoloq
Rasim Musabəyov AzVision.az-a bildirib ki, ermənilər İsraildə təsir dairələrini artırmağa çalışırlar. Buna baxmayaraq, onlar qondarma “soyqırım”ın tanıdılmasına nail ola bilmirlər.
“İsrail parlamentində sayca ikinci olan fraksiyanın rəhbəri “soyqırım”la bağlı ermənilərə müəyyən vədlər vermişdi. Ermənilər hər şeydən istifadə edirlər ki, təsirlərini artırsınlar. Anlayırlar ki, İsrail ərazisi və əhalisinə görə elə də böyük dövlət deyil. Amma, onun imkanları daha çoxdur. Bu dəfə də İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi qəbul olunmadı. Hesab edirəm ki, ermənilər səylərini davam etdirəcəklər, onlar bu niyyətlərindən əl çəkən deyillər”.
R.Musabəyov qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri ermənilərin niyyətlərini həyata keçirməyə imkan vermir: “Azərbaycanın İsraillə indiki iqtisadi, siyasi, hərbi sahədə münasibətləri, Ermənistanın İsraillə münasibətlərindən 50 dəfə əhəmiyyətli və artıqdır. Ona görə də heç nə edə bilmirlər. Yəni, Azərbaycan İsrail münasibətləri ermənilərin oyunlarını pozur”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq
Elxan Şahinoğlu isə bildirib ki, qondarma “soyqırım” iddiası İsrail parlamentində artıq 5-ci dəfədir müzakirəyə çıxarılır.
“Çox qəribədir ki, əvvəlki 4 müzakirə komitə iclaslarında baş tutub və hər dəfə “erməni soyqırımı”nın tanınmasından imtina edilib. Bu dəfə maraqlı nüans ondan ibarətdir ki, təşəbbüsü irəli sürən partiyanın parlamentdə cəmi 11 üzvü olsa da, 28 səs qazandı. Deməli, partiya üzvlərindən başqa 17 nəfər layihəyə səs verib və getdikcə bu səslər artır. Bu, bir qədər mesaj xarakteri daşıya bilər. Hər halda İsrail höküməti bilir ki, belə bir layihə qəbul olunsa, təkcə Türkiyə ilə yox, Azərbaycanla münasibətlərə müəyyən qədər kölgə sala bilər. Təsüdüfi deyil ki, İsrail xarici işlər nazirinin müavini çıxış edərək deputatları layihənin əleyhinə səs verməyə çağırıb”.
E.Şahinoğlu vurğulayıb ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımamasında Azərbaycanla münasibətlər çox önəmli rol oynayır: “İsrail-Türkiyə arasında münasibətlərin soyuq olduğunu nəzərə alan erməni lobbisi çox hiyləgərdir və münasib vaxt seçməyə çalışıb. Amma, İsrail hökuməti soyuq məntiqdən çıxış edərək layihəni rədd etdi. Burada İsrail-Azərbaycan münasibətləri də öz rolunu oynayıb. Bununla belə, bu, o demək deyil ki, məsələ İsrail parlamentində bir daha gündəliyinə gəlməyəcək. Ermənilərin hədəfi İsrail və
ABŞ parlamentlərində onu tanıtmaqdır”.
Xatırladaq ki, İsrailin müdafiə naziri
Aviqdor Liberman bir müddət əvvəl RTV1 telekanalına müsahibəsində "erməni “soyqırımı”nı Azərbaycana görə tanımadıqlarını bildirmişdi. Nazir xüsusilə qeyd edib ki, İsrailin qondarma “erməni soyqırımı”nı tanımaması birbaşa olaraq ölkəsinin Azərbaycanla münasibətləri ilə bağlıdır: “Sözsüz ki, Azərbaycanla əlaqələrimiz bizim üçün daha vacibdir”.