“AXC-Müsavat cütlüyünün fəaliyyətini demokratik adlandırmaq olmaz. Onlar indi hansı demokratiyadan danışa bilərlər?!”.
Bunu hakim Yeni Azərbaycan partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
YAP rəsmisi bildirib ki,
AXCP-Müsavat 1992-ci ildə hakimiyyətə zor gücünə gəlib: “O dövrdə prezident seçkisində iştirak etmək potensialı olan insanları kənarda qoydular. Süni şəkildə prezidentliyə namizədə 65 yaş məhdudiyyətinin qoyulması ulu öndər
Heydər Əliyevin seçkidə iştirakına imkan vermirdi. Digər tərəfdən parlamentin içindən bir qrupu seçərək onu Milli Şura adlandrımaq və digər deputatların böyük əksəriyyətini səlahiyyətindən məhrum edərək, kiçik bir qrupun qanunvericilik təşəbbüsü etməsi heç bir demokratiyadan xəbər vermir. Həmin qurup 26 səslə Azərbaycan xalqının adını türk xalqı adına dəyişdi. Bu zaman nə referendum keçirildi, nə cəmiyyətin fikiri öyrənildi”.
A.Mirzəzadə qeyd edib ki, AXC-müsavat hakimiyyəti dövründə mətbuata qarşı rəsmi hakimiyyət tərəfindən çox sərt münasibət vardı: “Jurnalistlərin döyülməsi, onlara qarşı hökumət üzvləri və rəsmilər tərəfindən xuliqanlıq hərəkətlərinin törədilməsi bu qəbildən olan hadisələr idi. O dövrdə Azərbaycan cəmiyyətində zorakılıq, qanunazidd hərəkətlər baş alıb gedirdi. Əgər hökumətin üzvü, dövlət televiziyasında canlı gedən verilişə daxil olub, iştirakçıları təhqir edirsə, cəmiyyətə hökumətinin iç üzünü göstərirsə, burada demokratiyadan danışmağa dəyməz. Eyni zamanda hakimiyyətlərinin son dövrlərində Gəncə əhalisini bombardıman etmək təşəbbüsü də o dövr hakimiyyətinin liderləri tərəfindən səsləndirilib”.
A.Mirzəzadə hesab edir ki, əgər 1993-cü il 15 iyun tarixi və ulu öndər
Heydər Əliyevin hakimiyytə gəlişi olmasaydı, vəziyyət daha da ağırlaşacaqdı.
“Hesab edirəm ki, 1993-cü ilə qədər Azərbaycanda demokratiyanın olmaması təsadüfi insanların hakimiyyətə gələrək müstəqilliyə ləkə gətirməsi ilə bağlıdır. Onların demokratiyadan danışmağa haqları yoxdur. Həm AXC əsasında yaranan
AXCP-də, həm də Müsavatda partiya rəhbərliyi opponentləri qovmaqla məşğuldur. Bu gün hər iki partiyanın daxilində demokratiyadan, fərqli fikirə dözümlülükdən danışmağa dəyməz. Bu baxımdan özlərinə demokratik imici sərgiləmək cəmiyyət tərəfindən istehza ilə qarşılanır”, - deyə A.Mirzəzadə vurğulayıb.
Qeyd edək ki, AXC-Müsavat cütlüyünün bəzi üzvləri hakimiyyətlərinin "demokratik" olduğunu iddia edib.