Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi əraziyə Rusiya sülhməramlıları üçün modul tipli yataqxanalar quraşdırılıb.

 

“KamAZ” markalı avtomobillərlə əraziyə gətirilən konteynerlər ərazidə olan kran vasitəsilə yolun hərəkət hissəsinə qoyulub.

Bu o deməkdir ki, Rusiya sülhməramlıları bu ərazidə uzunmüddətli müşahidə aparmağa hazırlaşırlar.

***12:54

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Oxu.Az xəbər verir ki, hazırda aksiya iştirakçılarının sayı artmaqdadır.

 

Gecə saatlarında idmançılarımızdan ibarət qrup aksiyanın keçirildiyi əraziyə gəliblər.

Bir neçə dəqiqə əvvəl isə 200 nəfərdən ibarət könüllü qrupu Şuşa-Xankəndi yoluna çatıblar və aksiyaya qoşulublar.

***10.52

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.

Hazırda aksiya iştirakçılarının sayı artmaqdadır və paytaxt Bakıdan aksiyanın keçirildiyi Şuşa-Xankəndi yoluna ictimai fəalların axını başlayıb.

Aksiya iştirakçıları səsucaldıcılarla “Volkov, cavab ver!”, “Ekoloji terrora son!” şüarlarını səsləndirirlər.

Aksiya iştirakçıları Qarabağ iqtisadi rayonunun bəzi ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Onu da qeyd edək ki, Şuşa-Xankəndi yolunu Rusiya sülhməramlıları bağlayıb. Onlar ZTR və hərbi yük avtomobilləri vasitəsilə həm Laçın istiqamətindən, həm də Xankəndidən gələn yolu bağlayıblar.

***08:25

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir.

BAKU.WS aksiyadan canlı yayımı təqdim edir:

 
VİDEO