Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə Prezidenti seçildikdən sonra əvvəlki iqtidarlardan xalqımız üçün hansı problemlərin miras qaldığı hamıya məlum idi. Torpaqlarımızın işğalı, on minlərlə şəhid və döyüş əlillərinin olması, yüz minlərlə azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi, iqtisadiyyatın çökməsi həmin iqtidarların səriştəsiz idarəçiklərinin məntiqi nəticəsi idi.
Orta və yuxarı yaşlı nəslin nümayəndələri Ulu Öndər Heydər Əliyevin bu problemlərin həlli üçün hansı əziyyətlərə qatlaşdığının şahidi olublar. Bir tərəfdən Ermənistanın artan hərbi hücumlarının, digər tərəfdən separatçılıq meyllərinin qarşısının alınması, o cümlədən strateji qida olan çörək çatışmazlığının aradan qaldırılması, yüz minlərlə məcburi köçkünün yaşayış yerləri ilə təmin olunması ölkə rəhbərindən gecə-gündüz zəhmət, qətiyyət tələb edirdi. Lakin Heydər Əliyev öz xalqının problemləri ilə yaşayan milli rəhbər idi. Məhz onun idarəetmə səriştəsi, liderlik ustalığı nəticəsində sosial kataklizmlərin prioritetləri seçildi, bu yönümdə ardıcıl məqsədyönlü Atəşkəsin əldə olunması, ölkədə ictimai siyasi-sabitliyin yaranması, tarixi neft kontraktlarının imzalanması, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyi təhlükələrini aradan qaldırdı. Bunun ardınca Ulu Öndərin tarixi xilaskarlıq missiyası tənəzzüldən inkişafa doğru dönüşün əsasını qoydu. Eyni zamanda bu missiya sabitlikdən sosial rifaha sürətli keçidi təmin etdi.
Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir.
Bu baxımdan İkinci Qarabağ savaşında istər hərbi, istər diplomatik cəbhələrdə qələbəyə gedən yolun təməli hələ Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə qoyulmuşdu.
Fəxrlə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkəmizdə başlanan dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün gücü ilə qürurlandığımız, suverenliyimizin və ərazi bütövlüyümüzün yeganə təminatçısı olan Azərbaycan Ordusudur. 1994-cü ildə atəşkəs sazişinin imzalanmasından sonra Azərbaycanda ordu quruculuğu, ölkənin müdafiə qabiliyyətinin artırılması istiqamətində görülən işlər yeni fazaya daxil oldu. Vahid komandanlıq əsasında hərbi hissələrin formalaşdırılması tezliklə başa çatdırıldı.
Heydər Əliyev fəaliyyəti boyu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bütün dünyaya çatdırır, beynəlxalq hüquq normaları əsasında regionda sülhün təmin edilməsi üçün həmin təşkilatların təsir imkanlarından istifadə etməyə çalışırdı. Bu zaman Ulu Öndərin istinad etdiyi əsas sənədlər BMT-nin 4 qətnaməsi idi. Bununla yanaşı, Heydər Əliyev hər bir beynəlxalq təşkilatın Zirvə görüşünün yekun sənədində Azərbaycanın ərazi bütövlüyünü təsbit edən müddəanın salınmasına xüsusi diqqət yetirirdi. Çünki bu, Dağlıq Qarabağ probleminin istər diplomatik, istər hərbi yolla həllində müvafiq beynəlxalq hüquqi bazanın formalaşması üçün mühüm əhəmiyyət kəsb edirdi. Heydər Əliyev çevik və dəqiq diplomatik addımları ilə Azərbaycanın dünya birliyi tərəfindən müdafiə olunmasına nail oldu.
Heydər Əliyev Ermənistanın Azərbaycana təcavüzünün birbaşa nəticəsi olan problemlərin həllinə xüsusi həssaslıqla yanaşırdı. Qaçqın və məcburi köçkünlərin mənzil və sosial problemlərinin həlli, Ermənistanla aparılan müharibədə şəhid ailələrinin, əlil olmuş vətəndaşlarımızın yüksək qayğı ilə əhatə olunması Ulu Öndərin xüsusi diqqət yetirdiyi sosial məsələlər idi.
Heydər Əliyevin bu problemi ölkənin bir nömrəli problemi adlandırması təsadüfi deyildi.
Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Ümummilli Liderə məxsus idi. Ümummilli Liderin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə verdiyi diqqətin nə dərəcədə böyük olduğunu sadə rəqəmlərlə də ifadə etmək olar. Belə ki, 1993-2003-cü illər arasında qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi 90 dəfə, yemək xərcləri üçün müavinət 60 dəfə, kommunal xidmət xərcləri 120 dəfə artırılmışdı.
Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ötən 17 ildə daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub.
Xüsusilə qeyd etməliyik ki, cənab İlham Əliyev məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini sistemləşdirdi, mərhələlərlə ən ağır şəraitdə yaşayan məcburi köçkünləri yeni evlərlə təmin etdi. Hələ 2003-cü il oktyabrın 1-də Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə görüş zamanı "Ölkədə bir dənə də çadır düşərgəsi qalmayacaq” deyə bəyan edən bu vədini vaxtından bir il əvvəl - 2007-ci ildə tam yerinə yetirdi. İndiyədək ölkəmizin müxtəlif ərazilərində qaçqın və məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturu ilə birlikdə 100-dən artıq qəsəbə və şəhərcik salınmışdır.
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təmin edilmə proqramı da ildən-ilə gücləndirilir. Bu həssas sosial məsələlərlə bağlı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr respublika ictimaiyyəti tərəfindən razılıqla qarşılanır. Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın ilk diqqət yetirdiyi məsələ Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin yeni mənzillərə köçürülməsi oldu. Qarabağ döyüşlərində sağlamlığını itirmiş vətəndaşlarımızın sosial müdafiəsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası məsələləri də Mehriban Əliyevanın xüsusi diqqətindədir. Qısa müddətdə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış, xəsarət almış əsgərlərimizin sağlamlığının bərpası, əlillərin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi istiqamətində mühüm işlər görülüb və həmin insanların normal həyata inteqrasiyasına böyük töhfələr verilib.
Ümummilli Lider Azərbaycan xalqına son müraciətində İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan edərək demişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatına və başqa beynəlxalq strukturlara üzvlüyə qəbul ediləndə onların hər biri Dağlıq Qarabağı ölkəmizin ərazisi kimi tanıyıb. Bütün dünya dövlətlərinin yaxşı bildiyi BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini konkret formada sübut edən beynəlxalq hüquqi sənədlərdir. Bu sənədlərin qəbul edilməsinin lehinə səs verənlər həm də danışıqlar prosesində ATƏT-in Minsk qrupuna həmsdərlik edən dövlətlərdir. Lakin onlar heç bir zaman BMT qətnamələrinin yerinə yetirilməsini işğalçıdan tələb etmədilər. Qeyd edim ki, müasir tariximizdə bir sıra ölkələrə qarşı beynəlxalq sanksiyalardan və hətta güc amilindən istifadəyə dair çoxsaylı hadisələr var.
Buna baxmayaraq, Azərbaycan dövləti öz haqq işi uğrunda mübarizəsini davam etdirdi. Bu mübarizənin əsas xətlərindən biri diplomatik sferada Ermənistanın sıxışdırılması idi ki, Prezident İlham Əliyev müdrik siyasətçi kimi buna yüksək peşəkarlıqla nail oldu. Ermənistanın baş nazirinin ötən il Xankəndidə sərsəmləməsindən sonra Prezident İlham Əliyevin Soçidə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında "Qarabağ Azərbaycandır və nida” cavabı Ermənistana vurulan güclü siyasi-diplomatik zərbə kimi tarixə düşdü.
Ermənistana qarşı hücumçu diplomatiya ilə yanaşı, müasir, yeni döyüş texnologiyaları ilə zəngin ordu quruculuğu ötən 17 ildə Prezident İlham Əliyevin fəaliyyətinin ardıcıl, sistemli prioritet istiqamətini təşkil edib. Bunun nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun döyüş imkanları dünyanın ən güclü orduları ilə bir sırada dayanır.
Möhtərəm Prezident İlham Əliyev torpaqlarımızın güc yolu ilə azad edilməsinin mümkünlüyünü həmişə bəyan edib.
Hər bir qələbəni, hər bir uğuru tarix və şərait yetişdirir. Bu qələbənin müəllifi isə düzgün və düşünülmüş qərarlar qəbul edən lider olur. Fəxarət hissi ilə qeyd etməliyik ki, İlham Əliyev elə bir uğurlu siyasət irəli sürdü ki, ordumuz öz missiyasını layiqincə həyata keçirdi. Torpaqlarımızı azad etmək istəməyən Ermənistan güc yolu ilə ərazilərimizdən qovuldu, darmadağın edildi. Bir sıra strateji vacib yüksəkliklər, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Xocalı və Xocavəndin kəndləri və milli mədəniyyətimizin məbədlərindən olan Şuşa döyş yolu ilə düşməndən azad edildi.
İlham Əliyevin 44 gün davam edən müharibə günlərində beynəlxalq təzyiqləri diplomatik peşəkarlıqla dəf etməsi, 30-a yaxın beynəlxalq KİV-ə verdiyi müsahibələrdə dünya erməniliyinə vurduğu zərbələr də bu qələbəni şərtləndirən amillərdir. Möhtərəm Prezidentimizin həmin günlərdə xalqa müraciətləri hamının sevə-sevə dinlədiyi el ifadələri, şirin milli terminologiyalarla zəngin nitqlər idi. Prezidentə məhəbbət, ona sıx bağlılıq Vətən müharibəsi dövründə özünü daha bariz şəkildə göstərirdi. Bunun nəticəsi olaraq Ermənistan İlham Əliyevin şərtləri əsasında kapitulyasiya aktına qol çəkdi və artıq üçtərəfli razılaşmaya əsasən Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Artıq ərazi bütövlüyünü təmin edən Azərbaycan vətəndaşları öz torpaqlarına geri dönür.
Şuşaya çəkilən avtomobil yolu, Ağdama çəkilən dəmir yolu hələlik başlanğıc olmaqla, İlham Əliyev iradəsinin göstəriciləridir. Bu dönüş möhtəşəm olacaq və işğaldan azad edilmiş ərazilərimiz ən qısa vaxtda öz inkişafları ilə yeni nümunələr yaradacaqlar.
Dekabrın 1-də Laçının azad olunması münasibətilə xalqa müraciətinin sonunda Prezident İlham Əliyev dedi: "Cəbrayıl bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçın bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”
Dekabrın 3-də Prezident İlham Əliyevin sərəncamı ilə iki tarixi gün 27 sentyabr Anım, 8 noyabr isə Zəfər günü kimi elan edildi. Hər iki tarix xalq-Prezident birliyinin, milli qələbəmizin simvolu kimi tarixə düşəcək və ömürlük yaddaşlarda yaşayacaqdır.
Bəli, Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Artıq Prezidentin qeyd etdiyi kimi, Dağlıq Qarabağ problemi yoxdur. Bu qələbənin, bu zəfərin qəhrəmanları, xalqımızın sevimli, fədakar oğlu Müzəffər Ali Baş Komandan İlham Əliyev və şanlı Ordumuzdur. Qəhrəmanlar isə ən yüksək adlara və titullara layiqdirlər.
Manaf Manafov,
Pirallahı rayon Mənzil Kommunal -Təsərrüfat Birliyinin rəisi