Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması Muxtar Respublikanın iqtisadı inkişafına hərtərəfli dəstək olacaq.
Bizimaz.az xəbər verir ki, bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, Kiçik Qafqaz sıra dağlarının yamaclarında yerləşən digər regionlarımız kimi Naxçıvan da yetərincə faydalı qazıntı yataqlarına malikdir. Muxtar Respublika ərazisində 21 filiz yatağı aşkarlanıb. Aparılmış axtarış-kəşfiyyat işlərinin nəticəsi olaraq 5 filiz yatağı ehtiyatlar balansında qeydə alınıb.
Bunlardan Parağaçay molibden, Gümüşlü və Ağdərə polimetal və Darıdağ mərgümüş yataqları sənaye mənimsənilməsinə cəlb olunub, Qapıcıq yatağı ehtiyatda saxlanılıb. Digər 16 yataqda ilkin qiymətləndirmə işləri aparılıb. Məhz sözügedən nəqliyyat dəhlizi bu yataqların hasilatdan sonra növbəti emal proseslərində işğaldan azad edilmiş ərazilərimizdə olan yataqlarla birgə işlənməsi üçün iri emal kompleksinin yaradılmasına imkan verəcək.
Ekspert hesab edir ki, bu nəqliyyat dəhlizi təkcə faydalı qazıntıların işlənməsində inteqrasiyani deyil, iqtisadiyyatın digər sahələrində də çox şaxəli inteqrasiyanı təmin edəcək:
"Məsələn, Muxtar Respublika bu nəqliyyat dəhlizil vasitəsilə işğaldan azad edilmiş rayonlarımızın yenidən qurulmasına öz tövhəsini verə bilmək üçün yetərincə xammal baxımından dəstək göstərə biləcək. Eyni zaman da azad edilmiş rayonlarımızda yaradılcaq yeni iqtisadi inkişaf konsepsiyasında özünə məxsus yer tutaraq bundan faydalanacaq".
E.Əmirov hesab edir ki, bu dəhliz türk dünyasının inteqrasiya problemlərinin həllində önəmli rol oynayacaq. Belə ki, Türkiyə Orta Asiya ölkələrinin iqtisadi sabitliyini dəstəkləsə, iqtisadi əlaqələri genişləndirməyə çalışsa da, qərb bu işdə Türkiyəyə maneə olmağa çalışıb və Qarabağ faktorundan istifadə edərək Ermənistanı bufer zona kimi türk dünyasını dekordinasiya etməyə çalışmışdı:
"Daha dəqiq desək, Türkiyənin Orta Asiyaya çıxışı Naxçıvan ərazisində qapadılırdı. Lakin türk coğrafiyasında güclü və dərin inteqrasiya üçün dövlətlər arasında güclü bir iqtisadi asılılıq formalaşdırılmalı və bir-birilərinin bazarlarına çıxış əldə etməli idilər. Türkiyənin 2019-cu ildə ümumi ixracının həcmi 171 milyard dollar, idxalı isə 200 milyard dollardan çox olmuşdu.
Elə həmin il təkcə Rusiya ilə ticarət dövriyyəsi 22 milyard dollara çatsa da, Orta Asiya ölkələril ilə ümumi ticarət həcmi cəmi 8.5 milyard dolları ötə bilməyib. Göründüyü kimi, bu, elə də qənaət bəxşedici rəqəm deyil. Deməli, bu nəqliyyat dəhlizi eyni zamanda Türkiyənin Orta Asiyaya çıxışını təmin etmiş olacaq. Bununla da təkcə ticarət dövriyyəsi deyil, böyük iqtisadi əlaqələr sistemi yaradılacaq".
E.Əmirov əlavə edib ki, qardaş ölkənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı isə qeyri-şərtsiz Muxtar Respublikanın iqtisadi inkişafına öz tövhəsini verəcək. Türkiyə və Orta Asiya iqtisadi əlaqələrini ən əlverişli marşrutu üzərində olmaq Naxçıvanı bu axına qoşacaq:
"Nəqliyyat dəhlizinin digər bir böyük faydası onun bütün dəhlizlərdə olduğu kimi ənənəvi faydası, yəni daşımaçılıq faydasıdır. Odur ki bu yol, istər yük, istərsə də sərnişin daşımaçılığı sahəsində kifayət qədər vacib əhəmiyyətə sahib olacaq. Sirr deyil ki, paytaxtımızdan və digər ərazilərimizdən Naxçıvan MR-a gediş-gəliş nə qədər zaman və maddi sərfiyyat hesabına başa gəlirdi. Lakin bu dəhliz yüklərə və insanlara həm ucuz, həm də qısa zamanda mənzil başında olmağa imkan verəcək".