Azərbaycanın işğaldan azad edilmiş Talış və Suqovuşan kəndlərində peşəkar jurnalist fəaliyyətini həyata keçirən “Euronews” çəkiliş qrupunun və onların istifadə etdiyi nəqliyyat vasitəsinin Ermənistan silahlı qüvvələri tərəfindən kornet tipli tank əleyhinə raketlə atəşə tutulmasını kəskin şəkildə pisləyirik.

 

Bizimaz.az bildirir ki, BAKU.WS-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev deyib ki, Ermənistanın bu hücumunu azad sözə və peşəkar jurnalistikaya təcavüz kimi qiymətləndiririk:

"Xoşbəxtlikdən raket hədəfdən yayınmışdır, çəkiliş qrupu xəsarət almamışdır. Nəqliyyat vasitəsinə qəlpələrlə zərər dəymişdir.

Üzərində “Euronews”un uzaq məsafədən seçilən fərqləndirici nişanı olan nəqliyyat vasitəsinə tank əleyhinə idarəolunan raket vasitəsilə hücum hədəfli və məqsədyönlü xarakter daşımışdır.

“Euronews”un reportajında raketin hərəkətdə olan nəqliyyat vasitəsinin üzərindən yaxın məsafədən keçdiyi aydın şəkildə görünür (https://vimeo.com/472347741).

Bundan əvvəl Azərbaycan media nümayəndələri də Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmuş, jurnalistlər arasında yaralananlar olmuş, çəkiliş qruplarının nəqliyyat vasitələrinə zərər dəymişdir".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan tərəfdən hərbi əməliyyatlar barədə reportajlar hazırlayan beynəlxalq media nümayəndələri öz ölkələrinə qayıtdıqda belə erməni lobbi dairələrinin verbal və fiziki hücumları, şantajları və təhdidləri ilə üzləşirlər:

"Bəzi hallarda erməni lobbisinin təzyiqləri altında peşəkar fəaliyyətini həyata keçirən jurnalistlər işlərini itirməli olurlar. Fransanın TF1 televiziya kanalına və onun Azərbaycandan reportaj hazırlamış çəkiliş qrupuna Fransa erməni lobbisi tərəfindən olan hücumlar bunun bariz nümunəsidir.

Hal-hazırda Azərbaycanda 70-dən artıq beynəlxalq media nümayəndəsi fəaliyyət göstərir. Cəbhədəki əməliyyat şəraitinə uyğun olaraq onların cəbhədən reportajlar hazırlamasına və öz peşəkar fəaliyyətini həyata keçirməsinə imkan yaradılır".