Hazırkı atəşkəs rejimi müvəqqəti və sırf humanitar xarakter daşıyır. Əgər İrəvan bütün beynəlxalq qətnamələri yerinə yetirməyi öhdəsinə götürərsə, yəni qoşunlarını Azərbaycanın işğal olunmuş bütün torpaqlarından və ya Qarabağ ətrafındakı ən azı yeddi rayondan çıxarsa, Ermənistan ilə Azərbaycan arasında sülh razılaşması imzalana bilər. Amma artıq aydındır ki, Nikol Paşinyan hökuməti bunu etmək niyyətində deyil.
Bizimaz.az bildirir ki, bu barədə Axar.az-a açıqlamasında rusiyalı politoloq, PolitRUS ekspert-analitik şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov danışıb.
V.Arkov bildirib ki, Paşinyan torpaqları Azərbaycana qaytarsa, bu, erməni cəmiyyəti tərəfindən xəyanət kimi qiymətləndiriləcək və təbii ki, o, hakimiyyəti itirəcək:
“Ermənistan torpaqları müharibə yolu ilə itirsə, bu vəziyyət Paşınyan üçün daha əlverişli olar. Belə olan halda Paşinyan deyə bilər ki, torpaqları geri qaytarmayıb, müharibə zamanı itirib. İndi onun əsas ideyası məsuliyyəti erməni hərbçilərinin üzərinə atmaqdır”.
Ekspertin sözlərinə görə, Ermənistanın generaliteti Paşinyana tabe olmaq istəmir və Moskvada elan edilmiş humanitar atəşkəs rejimi onlar üçün prioritet deyil:
“Onlar bu qərarı tanımırlar, hazırda yalnız öz maraqları üçün fəaliyyət göstərirlər. Odur ki, mən Ermənistanda hərbi çevriliş ssenarisini istisna etmirəm. Erməni generaliteti Paşinyanın hərəkətlərini xəyanət kimi qəbul edir və hakimiyyəti devirmək niyyətindədir. Hakimiyyətə Qarabağ klanının nümayəndələri qayıdacaq”.