Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, sentyabrın 8-də Azərbaycan nümayəndə heyətinin rəhbəri Hikmət Hacıyev İstanbulda fəaliyyət göstərən beynəlxalq media qurumlarının nümayəndələri ilə görüşərək müzakirələr aparıb.
Prezidentin köməkçisi özünün Tvitter səhifəsində görüşlə bağlı yazıb:
“İstanbulda fəaliyyət göstərən beynəlxalq media nümayəndələri ilə görüşmək və açıq dialoq aparmaq çox xoş idi. Ermənistan-Azərbaycan münaqişəsi, regional və beynəlxalq mövzularda geniş müzakirələr apardıq”.
Qeyd edək ki, üç gün davam edən səfər sentyabrın 8-də başa çatacaq.
Xatırladaq ki, Azərbaycan nümayəndə heyətinin Türkiyəyə səfərinin əsas məqsədi ölkələrimiz arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılması işini daha da fəallaşdırmaqdır.
Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin informasiya təminatı sektorunun rəhbəri Fərhad Əmirbəyov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktoru Balakişi Qasımov daxildirlər.