Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bir qrup abituriyent tərəfindən Ombudsmana edilmiş müraciət əsasında Dövlət İmtahan Mərkəzinə (DİM-ə) məktub ünvanlayıb.
Bizimaz.az bildirir ki, Ombudsman Aparatından Modern.az-a verilən məlumata görə, müraciətdə koronovirus pandemiyası ilə əlaqədar olaraq məktəblərin bağlanması, həmçinin qrup halında məşğələlərin məhdudlaşdırılması ilə bağlı abituriyentlər üçün yaranmış çətinliklər, internetə fasiləsiz çıxışın olmaması səbəbindən bəzi abituriyentlərin onlayn dərslərə qoşulmasında ortaya çıxan problemlər, imtahan vaxtlarının dəyişdirilməsi məsələsi və bütün bunların nəticədə həmin abituriyentlərin imtahanlarda yüksək bal toplamasına mane olduğu qeyd olunub.
Abituriyentlərin Müvəkkilə müraciətini və bütün dünyada olduğu kimi ölkəmizdə də koronovirus epidemiyasının daha geniş yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin normal həyat şərtlərini dəyişməsini, eyni zamanda cari ilin məzunlarının əvvəlki illərin abituriyentləri ilə müqayisədə daha gərgin psixoloji vəziyyətdə olmasını nəzərə alaraq, Ombudsman Səbinə Əliyeva müsabiqə şərtlərinin yumşaldılması və yaranmış vəziyyətlə bağlı müvafiq köməklik göstərilməsi ilə bağlı DİM rəhbərliyinə müraciət edib.