Müsavat partiyasının keçmiş sədr müavini Tofiq Yaqubluya hökm oxunub.

 

Bizimaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nizami rayon məhkəməsinin hakimi Nəriman Mehdiyevin hökmü ilə T.Yaqublu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

T.Yaqublu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Rəsmi açıqlamaya görə, martın 22-si günorta saat 15 radələrində paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Daha sonra T.Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Bu zaman Elxan Cəbrayılovun sərnişini, həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu qadını da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb.

Qeyd edək ki, işə sədrlik edən hakim N.Mehdiyev son günlər karantində nəvəsinə toy etməsi ilə gündəmə gələn AMEA prezidenti Ramiz Mehdiyevin qardaşı oğludur.