bizimaz.az erməni
KİV-nə istinadən xəbər verir ki, Ermənistanın müxalif Respublikaçılar partiyasının mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov Paşinyan hökumətini “tostlar” səviyyəsində beynəlxalq əlaqələr qurmaqda, boşboğazlıqda və ölkəyə yeni təhdidlər cəlb etməkdə günahlandırıb.
Onun sözlərinə görə, baş nazirin mitinqdə dediyi kimi, Respublikaçılar heç də Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən yox, bu münasibətlərin pisləşməsindən narahatdır. Və İrəvanın
Moskva ilə münasibətlərinin əvvəlkitək olmamasında bilavasitə Paşinyan məsuliyyət daşıyır. Çünki Şarmazanovun fikrincə, Rusiya xarici işlər naziri
Sergey Lavrovun dedikləri heç də sadə çağırış yox, İrəvana xəbərdarlıqdır.
“Ermənistanla Rusiyanın gələcək münasibətləri üçün narahatlığa əsas var. Fikrimcə, Paşinyan bizdən daha çox narahatdır, çünki bir səhvin ardınca digərini təkrarlayır. Yeni hökumət Rusiya ilə münasibətlərini “tostlar” səviyyəsində qurur. Lakin beynəlxalq münasibətlər tost söyləməklə qurulmur. Necə deyərlər, siyasətdə başlıca məsələ boşboğazlıq yox, effektivlikdir. O da ki, yeni hökumətdə yoxdur. Paşinyan nə istəyir bəyan edə bilər. (Putinlə) görüşlərdən və telefon danışığından da bəhs edə bilər, amma əsas olan bu deyil. Əsas nəticədir. Bizim üçün nəticə isə Rusiya Xarici İşlər Nazirliyi və onun rəhbəri
Sergey Lavrovun Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasəti sərt qiymətləndirməsi və tənqididir”, - deyə Şarmazanov vurğulayıb.
Parlamentin vitse-spikeri onu da bildirib ki, Paşinyan öz gələcəyindən və vəzifədən getməkdən qorxduğuna görə, şantaj və populizm yeni hökumətin əsas silahına çevrilib. Şarmazanovun sözlərinə görə, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik etmək istəyi də bununla əlaqədardır. Və gülməlisi odur ki, Paşinyan bunu heç gizlətmir də və mitinqdə əleyhdarlarından qorxduğunu açıq şəkildə nümayiş etdirib. Bu isə o deməkdir ki, Paşinyan üçün hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistanın gələcəyi və sabitliyi yox, baş nazir postunda möhkəmlənmək daha vacibdir.