Hazırda həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovu dəstəkləyənlərin bir hissəsinin məqsədi başqadır.
Bizimaz.az Axar.az-a istinadən xəbər verir ki, bunu Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.
O bildirib ki, dövlət siyasətinə zidd bəyanatlar səsləndirən bu şəxslər "Palmali"nin rəsmi mövqeyini əks etdirmir:
"Palmali Holdinqin qurucusu Mübariz Mənsimovun əsassız həbsindən sonra bir sıra siyasətçilər, mühacirətdə olan müxbirlər, müxalif yönlü blogerlər müdafiə xarakterli yayınlar etməyə, yazılar yazmağa və qruplar yaratmağa başladılar. Əvvəlcə bunların müdafiə xarakterli olduğunu görsək də, sonradan məqsədlərinin başqa istiqamətlərə döndüklərinin şahidi olduq. Zaman keçdikcə bu qruplarda aqressiv şəkildə dövlət siyasətinə zidd bəyanatlar, əxlaqsız video, səs yazıları və xəbərlər paylaşıldı. Qəti şəkildə bəyan edirik ki, "Palmali" şirkəti hər zaman Azərbaycan və Türkiyənin dövlətçiliyini dəstəkləyib və dəstəkləyəcək. Bu şəxslər heç bir halda "Palmali”nin rəsmi mövqeyini təmsil etmirlər. Bundan narahatlığımızı gizlətmirik və hətta Mübariz Mənsimovun sərt reaksiyasını da ictimaiyyətə çatdırmışıq. Mübariz Mənsimov hər zaman dövlətinin yanında olub və vətəninə zərrə qədər zərər verəcək, sabitliyi pozacaq heç bir addımı dəstəkləməyib. Məsələnin ifrat dərəcədə siyasiləşməsi və çirkinləşməsi bizi, şirkət olaraq, çox narahat edir.
"Palmali" olaraq bəyan edirik ki, bizim rəsmi məlumatlar və rəsmi mövqeyimiz rəsmi sosial media səhifəmizdə və mətbuat katibliyi səviyyəsində ictimaiyyətə çatdırılır. Şirkət tərəfindən yayımlanan bəyanatlar və xəbərlər yalnız və yalnız bu səhifələrdən və Mübariz Mənsimovun şəxsi sosial media hesablarından götürülməlidir. Birmənalı şəkildə vurğulayırıq ki, Mübariz Mənsimov adı altında sosial mediada və internet kanallarında təşkil olunan verlişlərə və orada səslənən istənilən fikirlərə görə "Palmali" məsuliyyət daşımır.
Biz hüquqi dövlətdə yaşayırıq və burada hər şey qanun çərçivəsində həll olunur. Türk ədalətinin düzgün qərar verəcəyinə əminik. Bir daha Mübariz Mənsimovu dəstəkləyən hər kəsə təşəkkür edir, qarşısında baş əyirik".