Xocalı qətliamının erməni cəlladları tərəfindən deyil, guya ruslar tərəfindən törədildiyini deyən Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə özünü gülünc vəziyyətə saldı.
Bizimaz.az: Bu sözləri Axar.az-a açıqlamasında Rusiyanın tanınmış tarixçilərindən biri, hərbi-siyasi analitik Oleq Kuznetsov deyib.
“Xocalı hadisələri ilə bağlı 2016-cı ildə rus və ingilis dillərində işıq üzü görmüş “Transmilli erməni terrorizmi tarixi – XX əsrdə” kitabımda detallı olaraq bu soyqırımı təşkil edən qüvvələrdən və onların başında duranlardan yazmışam.
Paşinyan qismən haqlı olaraq Xocalıdakı cinayətlərə görə məsuliyyətin Qarabağ ermənilərinə aid olmadığını söyləyir. Soyqırımın əsas günahkarları üç etnik erməni olan ABŞ vətəndaşının - Monte və Markar Melkonyan və Jirair Səfilyanın Livan, Suriya, İordaniya əsilli ermənilərdən yaratdığı “Arabo batalyonu” adlı qanunsuz silahlı qruplaşmaya daxil olan ermənilərdən ibarət beynəlxalq terrorçular olub.
Qeyd edim ki, adı çəkilən Jirair Səfilyan 2016-cı ildə Ermənistanda çevriliş etməyə cəhd göstərən “Sasna Srer” qruplaşmasına rəhbərlik edir”, - deyə həmsöhbətimiz qeyd edib.
Kuznetsovun sözlərinə görə, Xocalı qətliamının əsas qüvvəsi çox sayda etnik ermənini özündə cəmləyən, Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Seyran Ohanyanın komandanlığı altında tapşırıqları yerinə yetirən 366-cı motoatıcı alayın 2-ci batalyonu idi. Onlar əsasən Ermənistanın yerli sakinləri idi. Ohanyan Qarabağ ermənisi olsa da, atası azərbaycanlı idi:
“Nikol Paşinyanın 366-cı motoatıcı alayın ruslara aid olduğunu dilə gətirməsi böyük siyasi səhvdir. 25 fevral 1992-ci il tarixindən etibarən bu alay MDB Birgə Silahlı Qüvvələrinin bir hissəsi idi, baxmayaraq ki, Rusiya Baş Qərargahının komandanlığına təhvil verilərək Orenburq vilayətinə dislokasiya olunmalı idi.
Həmin vaxt alayın rus komandanlığının tərkibinə təhvil verilməsi barədə bir əmr də verilmişdi, amma bu baş tutmadı.
Məsələnin maraqlı hissəsi ondan ibarətdir ki, 25 fevral 1992-ci il çərşənbə axşamı idi. Alayın yeni növbətçi stansiyaya təhvil verilməsi martın 2-si bazar ertəsi günü başlamalı idi. Seyran Ohanyan bu barədə alay komandirindən bir gün əvvəl, fevralın 24-də - bazar ertəsi günü müşavirə zamanı xəbər tutmuşdu.
Ohanyan gözəl başa düşürdü ki, artıq erməni separatçıları martın 2-dən etibarən bu alaydan silah-sursat bazası kimi istifadə edə bilməyəcək. Məhz bu səbəbdən o öz tabeçiliyində olan 366-cı motoatıcı alayın 2-ci bölüyünü təcili olaraq Xocalıya tərəf aparır və əsas məhvedici qüvvə kimi istifadə edir. Ohanyan və onun bu bölükdən olan bir neçə erməni əsilli zabiti Melkonyan-Səfilyan silahlı birləşməsinə qatılır”.
Rusiyalı tarixçi həmçinin bildirib ki, həmin ərəfədə 366-cı alayın bir hissəsi əmrə uyğun olaraq Vazianidəki Rusiya hərbi bazasına çəkildi və martın 10-da ümumiyyətlə dağıdıldı, bu alayın zabitlərindən heç biri Rusiya Silahlı Qüvvələrinə qəbul edilmədi. Xocalı cinayətlərinin utanc pərdəsinə bürünmüş 366-cı motoatıcı alay hazırda da mövcud deyil.
“Paşinyan növbəti dəfə özünü biabır etdi. Bu statusu yazmamışdan qabaq gərək o, heç olmasa Vikipediyanı açıb oxuyardı. Ən azından təqaüddə olan Seyran Ohanyana da zəng edib soruşa bilərdi”, - deyə həmsöhbətimiz qeyd edib.
Xatırladaq ki, ötən gün Nikol Paşinyan Xocalı qətliamının səbəbkarının 366-cı motoatıcı diviziya olduğunu əsas gətirərək, erməniləri məsuliyyətdən qurtarmağa gülünc bir cəhd etmiş, daha sonra isə tənqidlərə görə statusunu silmişdi.