Xəbər lenti

Nazirlik Kukla Teatrında yoxlama aparır
 

Mədəniyyət Nazirliyi Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yoxlama aparır. Bu barədə “Qafqazinfo”ya teatrdakı mənbə məlumat verib.

 

Bildirilib ki, yoxlama ötən gündən başlayıb və bu gün də davam etdirilir.

 

İddia olunur ki, teatrın rejissoru Səidə Haqverdiyevanın Mədəniyyət Nazirliyini tənqid etməsindən sonra teatra qarşı təzyiqlər başlayıb və yoxlamalar da bununla bağlıdır. 

Qeyd edək ki, S. Haqverdiyeva bir neçə gün əvvəl “Qaynarinfo”ya müsahibəsində bu fikirləri səsləndirmişdi: “Bu yaxınlarda peşəkar, işinin ustası rejissor Namiq Ağayevin 60 illik yubiley gecəsini keçirdik. Tədbirdə Azərbaycan mədəniyyəti və incəsənətinin görkəmli nümayəndələri iştrak etdilər. Lakin bir neçə gün öncədən dəvət olunduqları halda Mədəniyyət Nazirliyindən bir nəfər də olsun yubileyə gəlmədi. Bir-iki teatrı nəzərə almasaq, nazirliyin müvafiq şöbəsinin bu sahəyə ögey münasibəti var”. 

Bir neçə ay əvvəl isə Kukla Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadə Lent.az-a müsahibəsində teatrda qarşı ögey münasibət bəsləndiyini bildirmişdi: “Teatrın 90 illiyi keçirildi, bu ölkə üçün, mədəniyyətimiz üçün hadisə hesab olunmalıdır. Amma nazir bu tədbirə gəlmədi. Bu, nonsensdir, dünyada belə bir şey yoxdur”. 

Mədəniyyət Nazirliyi isə məsələyə münasibət bildirməyib.

***

Nazirliyin mətbuat katibi Nuridə Allahyarova yoxlama ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb: “Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.

Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov