Perunun rəsmi dövlət qəzeti “El Peruano”da avqust ayında azad olunmuş ərazilərimizdə səfərdə olmuş tanınmış perulu jurnalist, Peru Jurnalistləri Federasiyasının vitse-prezidenti Rikardo Sançezin müəllifi olduğu “Bakıdakı muzeydə 10 mindən çox Azərbaycan xalçası sərgilənir” başlıqlı məqaləsi dərc olunub.
Azərbaycanın Meksikadakı Səfirliyindən verilən məlumata görə, yazıda 1967-ci ildə Bakının İçəri Şəhər ərazisində dünyada ilk xalça muzeyinin əsasının qoyulduğu, 2014-cü ildən isə 10 mindən çox xalçanın sərgiləndiyi Azərbaycan Milli Xalça Muzeyi kimi fəaliyyətini davam etdirdiyi bildirilir.
Qeyd olunur ki, xalçaçılıq ənənəsinin fars mədəniyyətindən gəldiyi düşünülsə də, əslində bu türk xalqlarına məxsus qədim sənətkarlıq növüdür və fars xalçaları kimi tanınan əsərlərin də müəllifləri məhz türk xalqları olub.
Muzeydə Azərbaycan hökuməti tərəfindən dünyanın müxtəlif yerlərində tapılaraq vətənə qaytarılan xalçalarla yanaşı, 1992-ci ildə Şuşa şəhərinin Ermənistan tərəfindən işğalından qısa müddət öncə Şuşa Tarix Muzeyindən gətirilmiş, habelə məcburi köçkünlərin özləri tərəfindən də xilas edilərək muzeyə təqdim edilmiş xalçaların sərgiləndiyi qeyd olunur.
Məqalədə Azərbaycanda mövcud olan müxtəlif xalçaçılıq məktəbləri, o cümlədən Qarabağ, Gəncə-Qazax, Quba-Şirvan və Təbriz məktəbləri, həmin məktəblərə xas toxuculuq üslubu, istifadə olunan ölçülər, naxışlar, rənglər, xalçalar üzərində əks olunmuş fiqurlar və onların rəmzi mənası və xalçaların istifadə təyinatı haqda ətraflı məlumat verilir.