Azərbaycanlı rejissor Teymur Qəmbərovun “Quxuroba” filmi MDB ölkələrinin “Dostluq” gənc kinematoqrafçıların beynəlxalq kino məktəbi tənqidçilərinin əsas mükafatına layiq görülüb.
Bizimaz.az BAKU.WS-ə istinadən xəbər verir ki, MDB ölkələri gənc kinematoqrafçıları beynəlxalq kino məktəbinin beşinci mövsümü bu il Gürcüstanın Batumi şəhərində gəncləri bir araya gətirib. Kino məktəbinin təşkil etdiyi müsabiqə proqramına 14 ölkədən 31 film daxil olub.
Teymur Qəmbərov beynəlxalq kino məktəbinin müsabiqəsi barədə fikirlərini bölüşüb: “Tədbirdə əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. Hər bir iştirakçıya xüsusi diqqət var idi. Kino məktəbi yüksək səviyyədə təşkil edilmişdi.
“Quxuroba” filmimiz kino tənqidçilərinin əsas mükafatına layiq görüldü. Filmi dəyərləndirən hər kəsə minnətdaram”.
“Quxuroba” filmi Rasim adlı taksi sürücüsünün başına gələn macəralardan bəhs edir. O, müdirindən vacib bir tapşırıq alır.
Nəyin bahasına olursa-olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır.
Onların danışacaqları bir şey olmasa da, bir-birilərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.
Rejissoru və ssenari müəllifi Teymur Qəmbərov olan filmdə Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş rol alıb.