Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın Xalq rəssamı Tahir Salahov 92 yaşında dünyasını dəyişib.
Bizimaz.az “Qafqazinfo”-a istinadən bu məqamda dünya şöhrətli rəssamın tərcümeyi-halını təqdim edir:
Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakıda anadan olub. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə isə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirib.
1951-ci ildə V. İ. Surikov adına Moskva Dövlət Rəssamlıq (İncəsənət) İnstitutuna daxil olub. 1955-ci ildə “Dalğa” və “Estakada” adlı ilk əsərlərini çəkib, ümumittifaq, xarici və respublika sərgilərində iştirak edib.
“Səhər eşelonu”, “Rezervuar parkı”, “Neftçi”, “Təmirçilər”, “Qara Qarayevin portreti”, “Xəzər üzərində” əsərlərini çəkib. 1960-1961-cı illərdə Azərbaycan Rəssamlar İttifaqının məsul katibi, sonra dosent vəzifəsini yerinə yetirib. 1966-1970-ci illərdə 7-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub.
1967-ci ildə Oktyabr inqilabının 50 illiyinə həsr olunmuş Ümumittifaq bədii sərgisində “Abşeron qadınları”, “Bəstəkar Fikrət Əmirovun portreti” və “Aydan” işləri ilə iştirak edib. 1968-ci ildə SSRİ rəssamlar İttifaqının idarə heyətinin katibi seçilib.
1970-1974-cü illərdə 8-ci çağırış SSRİ Ali Sovetinin deputatı olub. 1971-ci ildə SSRİ-nin yaradılmasının 50 illiyinə həsr olunmuş Ümumittifaq rəssamlıq səgisində iştirak edib. 1972-ci ildə Azərbaycan SSR Rəssamlar İttifaqı idarə heyətinin sədri seçilib.
1973-cü ildən 1992-ci ilə qədər SSRİ Rəssamlar İttifaqı idarə heyətinin birinci katibi, 1979-cu ildən 1997-ci ilə qədər SSRİ Rəssamlıq Akademiyasının Rusiya Rəssamlıq Akademiyası rəyasət heyətinin üzvü olub.
1980-ci ildə 10-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilib. Onun həmin ildə Çexiyanın Praqa şəhərində əsərlərinin fərdi sərgisi təşkil olunub. 1982-ci ildə Tahir Salahov SSRİ Rəssamlıq Akademiyasının rəyasət heyətinin üzvü seçilib.
1983-cü ildə SSRİ Rəssamlarının VI qurultayında SSRİ Rəssamlar İttifaqı İdarə Heyətinin birinci katibi, Avstriya Rəssamlar İttifaqının fəxri üzvü və UNESCO-nun nəzdində Millətlərarası plastik incəsənət Assosiasiyasının vitse-prezidenti və fəxri prezidenti seçilib. 1984-cü ildə 11-ci çağırış RSFSR Ali Sovetinin deputatı seçilib. O, həmin ildə Ümumittifaq “Yer və insanlar” sərgisində iştirak edib və “Dananın portreti” əsərini çəkib. Tahir Salahov 1984-cü ildən 1992-ci ilə qədər V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunun Rəssamlıq və kompozisiya kafedrasının müdiri işləyib. 1986-cı ildə “Xəzərdə səhər” əsərini çəkib. 1987-ci ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib.
1992-ci ildə Rəssamların Beynəlxalq Federasiyasının vitse-prezidenti seçilib. 1996-cı ildən Rusiya Xalq rəssamıdır.
1996-ci ildən 2000-ci ilə qədər elm, təhsil, səhiyyə və mədəniyyət üzrə Palatanın sədrinin müavini, Rusiya Federasiyası Prezidenti Yanında Yaradıcılıq İttifaqları ilə Əlaqələr Komissiyasının Siyasi məşvərət şurasının sədri kimi fəaliyyət göstərib. 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. O, 1998-ci ildə Qırğızıstan Rəssamlıq Akademiyasının həqiqi üzvü, Azərbaycan Ekoenerji Beynəlxalq Akademiyasının akademiki və İspaniyanın San-Fernando Gözəl Sənətlər Kral Akademiyasının müxbir üzvü seçilib.
2011-ci ildə Avropa Elm və İncəsənət Akademiyasının həqiqi üzvü və Almaniya Rəssamlar İttifaqının fəxri üzvü seçilib. 2012-ci ildə Ulyanovskda keçirilən A.A.Plastova adına təsviri incəsənət sahəsində beynəlxalq mükafatın - “Beynəlxalq Adlar” nominasiyasının laureatı adına layiq görülüb.
2012-ci ildə Bakının İçərişəhər tarixi-memarlıq qoruğunun İlyas Əfəndiyev küçəsində ev-muzeyi açılıb. Ev-muzey Tahir Salahovun Azərbaycan dövlətinə bağışladığı, özünün rəsm əsərlərindən ibarət kolleksiyası və şəxsi arxivi əsasında yaradılıb.
Tahir Salahovun əsərlərinin bir qismi xalça üzərinə köçürülüb və 2018-ci ildə Bakıda keçirilən “Ənənələrin izi ilə” adlı sərgidə nümayiş olunub. Bu işlər xalçaçı rəssam Tariyel Bəşirov tərəfindən 10 il müddətinə hazırlanıb.
Rəssamının əsərləri dünyanın bir çox sərgilərində və hərraclarında yüksək diqqətə layiq görülüb. 2020-ci ilin dekabrın 1-də Londonun Sotheby`s hərrac evində Tahir Salahovun “Aydan” əsəri 269 min funt sterlinqə (406 000 $) satılıb.
1947-ci ildə Tahir Salahov Vansetta Qarayaqubova ilə ailə həyatı qurub. Vansetta xanımla Tahir Salahovun nikahından Lara Salahova (1949), Alagöz Salahova (1953) və Aydan Salahova (1964) adlı 3 qız övladı dünyaya gəlib. Lakin sonradan cütlük arasında münasibətlər pozulub.
Boşandıqdan sonra Tahir Salahov Varvara Salahova ilə ailə həyatı qurub. Onların 1977-ci ildə İvan Salahov adlı oğlu dünyaya gəlib.
İqor Moiseyev Dövlət Ansamblının keçmiş solisti Varvara Aleksandrovna ötən ilin noyabrında Bakıda dünyasını dəyişib.
Tahir Salahov həyat yoldaşı haqqında qüsurları olmayan ideal bir insan olduğunu deyirdi. Fırça ustası “Varvara məktub ilə” portretini sevimli həyat yoldaşına həsr edib.
Tahir Salahovu ölkə daxilində və xaricdə məşhurlaşdıran möhtəşəm əsərlərindən bir neçəsinin fotosunu təqdim edirik: