Qocalar evinə getmişdin bu gün,
Orda nələr gördüm, nələr İlahi...
Ana balasından ayri düşübdür,
Qısılıb bir küncə mələr İlahi.
Qocalar evinə getmişdim bu gün,
Burda dil susmuşdu, göz danışırdı.
Alov qor atmırdı, tüstü çıxmırdı,
Ocaqlar sönmüşdü, köz danışırdı.
Qocalar evinə getmişdim bu gün,
Bir cüt göz zillənib hara baxırdı...
Bir ana həsrətlə oğul gözləyir,
Bir gəlin əlinə həna yaxırdı.
Qocalar evinə getmişdim bu gün,
Kədərdən bir qaşı çatılan ğördüm.
Dayanıb qarşımda bir məğrur ata,
Qocalar evinə atılan gördüm.
Qocalar evinə getmişdim bu gün,
Ata yada salır ötən çağları.
Nəvəm gələr deyə, ağbirçək ana,
Düzübdür yanına oyuncağları.
Qocalar evinə getmişdim bu gün,
Soyuq divarlarda salxımlanıb buz.
Boylana-boylana qalıb analar,
Nə nəvə gorünür, nə oğul nə qız.
Qocalar evinə getdiyi o gün,
Talıboğlu bir ömür də qocaldı.
Nurani analar, məğrur atalar,
Gözümdə, könlumdə bir də ucaldı.