Bizimaz.az xəbər verir ki, bu barədə “Euronews” telekanalında yayımlanan reportajda qeyd olunur.

2010-cu ildə UNESCO onları bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edib.

Reportajda qeyd olunur ki, ənənəvi Azərbaycan xalçaları sıx teksturaya malikdir, onların üzərində olan naxışların xarakteristikası isə bu sənətin yayıldığı müxtəlif bölgələrə görə dəyişir.

Telekanalın yayımladığı süjetdə bildirilir ki, dünyanın ilk xalça muzeyi Bakıda yerləşir. Burada nəfis xalçaçılıq nümunələri sərgilənir və kövrək eksponatların müdafiəsi üçün xüsusi iqlim-nəzarət sistemi yaradılıb.

“Xalça Azərbaycan mədəniyyətinin və xalqının rəmzidir. Ulu babalarımızdan aldığımız bu miras əsrlər boyu nəsildən-nəslə ötürülmüşdür. Xalça Azərbaycan xalqına o qədər əziz və yaxındır ki, siz onu hər evdə və hər ailədə görə bilərsiniz. Bu isə xalçaları həyat tərzimizin çox vacib və ayrılmaz bir hissəsinə çevirir”, - deyə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov qeyd edib.

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova isə söyləyib ki, xalçalar üzərində olan ornamentlər dərin mənalar daşıyır və onları başa düşməklə müxtəlif tarixi dövrlərin xüsusiyyətlərini öyrənmək olar.

Reportajda həmçinin qeyd olunur ki, Azərbaycan Xalça Muzeyi 1967-ci ildə xalçaşünas alim Lətif Kərimov tərəfindən yaradılıb.