Azərbaycandan neft məhsullarının alqı-satqısından tutmuş Sierra-Leonedə almaz yataqlarında hasilat işlərinə qədər ən müxtəlif və qaranlıq işlərlə məşğul olan müəmmalı biznesmen-oliqarx, milyonlarla dollarlıq dələduzluq əməlində ittiham olunan Ələddin Yusifovun işi üzrə məhkəmə prosesində yenə sensasion məlumatlar açıqlanıb. Virtualaz.org xəbər verir ki, iş üzrə məhkəmədə Ələddin Yusifov və onun aldadaraq milyonlarla avro pulunu mənimsədiyi almaniyalı iş adamı Hans-Georq Tomas ifadə veriblər. Hər iki tərəf səs-küylü məlumatlar açıqlayıb.
bizimaz.az Xatırladaq ki, Ələddin Yusifov Almaniya vətəndaşı, alternativ və bərpa olunan enerji mənbələri üzrə layihələr həyata keçirən “Airwerk” şirkətinin sahibi Hans-Georq Tomasa 6 milyon avro “atmaqda” ittiham olunur. Həmin ittihamın detalları barədə virtualaz.org ötən həftə sonu geniş yazıb. (Bax: http://virtualaz.org/last/119507)
Bundan əvvəl zərərçəkən səhhətinə görə Almaniyadan Bakıya gəlib istintaqda iştirak edə bilməmişdi və “Skype” vasitəsilə ifadə vermişdi. İndi isə Hans-Georq Tomas artıq Bakıdadır və məhkəmədə onun milyonlarla avro pulunu dələduzluq sxemi ilə ələ keçirən Yusifovun əməlləri barədə danışıb. Habelə zərərçəkmişin təqsirləndirilən şəxsə qarşı dəyən ziyanın ödənilməsinə dair mülki iddia qaldırdığı məlum olub.
Yusifov kimin pullarını “fırladırdı”?
Prosesdə əvvəlcə təqsirləndirilən Ə.Yusifov ifadə verib. O, özünü kifayət qədər uğurlu iş adamı kimi təqdim edib, deyib ki, həbs olunana qədər bir neçə ölkədə şirkətləri olub, illik dövriyyəsi 50 milyon, gəliri isə 10 milyon dollara yaxın idi.
Ə.Yusifov ifadəsində 2010-cu ildə Georg Tomasın şirkətin iki əməkdaşı ilə birgə işgüzar münasibətlər yaratmaq üçün onun yanına gəldiyini deyib:“Onların anketini çıxartdırdım və Almaniyada heç bir uğur əldə etmədiyini öyrəndim. “Airwerk” şirkətinin hesabında heç 1 dollar da pul yox idi. Alternativ külək enerjisi ilə bağlı Azərbaycan tərəfi həmin şirkətə 104 milyon avro ayırmışdı. Georg Tomas və onun işçiləri bir il mənim ofisimdə oturublar. Otuz nəfər işçim bunlar üçün havayı işlədilər. Sonradan həmin ofisi girov əvəzi götürdülər”
Azərbaycanın küləyə verilən 140 milyon dolları
Yusifovun bildirdiyinə görə həmin vaxt “Airwerk” şirkətinin rəhbəri başqa şəxs – Holqar Hart idi. Lakin məhkəmədə ona qarşı mülki iddianı Hans-Georg Tomas qaldırıb. Təqsirləndirlən şəxs iddia edir ki, bunu alman maliyyə təşkilatları da təsdiq edə bilərlər.
“Bu adamlar Azərbaycanda qanunsuz fəaliyyət göstəriblər”-o deyib.
Ə.Yusifovun ifadəsinə görə, “Airwerk” şirkəti işlərini görmək üçün onun şəxsi hesabına 2 milyon avro pul köçürüb: “Mənim şirkətim bunların tenderində iştirak edib, tenderdə qalib gəlib. Amma sonra başqa adamın adına yönəltdilər. Həmin puldan 1 milyonunu şirkətin rəhbəri Holqar Harta, 200 minini Elşən Şıxkərimova (alman şirkətinin Azərbaycan və Orta Asiya üzrə təmsilçisi-red.) , yerdə qalanını isə Qazaxıstandakı şirkətə neft məhsulları almaq üçün köçürdüm. Bu günə qədər də Qazaxıstandakı şirkətdən pulumu geri ala bilmirəm”.
Ə.Yusifov adına xarici ölkələrdə ofşor hesablar olduğunu etiraf edib. Deyib ki, “Airwerk” şirkəti Azərbaycanda iş görmək üçün onun offşor hesabına 4 milyon avro pul köçürdü. Anlaşmaya görə o da qazancı nəğd şəkildə hissə-hissə Elşən Şıxkərimova verirdi
“Hətta Sənaye Nazirliyinin əməkdaşı olan Mehdi adlı şəxsin yanında Elşənə 4 miyon dollar pul vermişəm. 2014-cu ildə Elşən mənə sms yazdı ki, “bizə 300 min dollar verəcəyin qalıb”. Mən də xaricdəydim, gəlib ofisimi girov qoydum. Dedim ki, satıb, borcumu verərəm”-Yusifov deyib.
Alman iş adamı Yusifovun fantaziyasına heyrandır
Daha sonra zərərçəkmiş qismində alman vətəndaşı Hans- Georg Tomas ifadə verib. Keçmiş biznes ortağının ifadələrinə diqqətlə qulaq asdığını deyən G.Tomas onun fantaziyasına heyran qaldığını bildirib.
Almaniyalı iş adamının ifadəsindən: “Biz Azərbaycanda 125 milyon dollarlıq lahiyə (Söhbət Alternativ və Bərpa olunan Enerji üzrə Dövlət Agentliyinin “Yeni Yaşma” külək-elektrik stansiyasının tikintisi üçün verdiyi sifarişdən gedir-red.) udmuşduq. Yerli şirkətlərə podratçılar qismində təxminən 45 milyon dəyərində işlər vermişdik. Düzdü, Ələddinin ofisindən istifadə etmişik, lakin tenderlə bağlı işləri özümüz hazırlamışıq. Ələddin o vaxt özünü bizə inşaat rəhbəri kimi təqdim edib, tenderdə işi qazanmışdı. Biz onun inşaat sahəsində bacarıqlı insan olmadığını gördük. Onun inşaat üçün lazimi texnikası belə yox idi. Biz də tenderi ona vermədik. Amma onunla münasibətlərimizi davam etdirdik. Sonra Ələddin neft məmulatlarının alqı-satqısı ilə məşğul olduğnu dedi. Onun bu söhbətləri məni maraqlandırmağa başladı”.
“Əvvəl “Texnikabank”a 2 milyon avro köçürdüm…”
Alman vətəndaşı ifadəsində Ə.Yusifovun “Texnikabank”dakı hesabına 2 milyon avro pul köçürüldüyünü deyib. Bildirib ki, Ələddin sonradan məbləğin artırılmasını artırmasını istədi. Lakin pulları Bakıdakı hesabına deyil, Latviyadakı hesabına (“Parex Banka” bankında Yusifovun offşor şirkətinin hesabı) köçürməyi istəyib.
Hans-Georg bildirib: “Ona bir iş adamı kimi etibar edirdim. Ələddinə cəmi 6 milyon avro pul köçürdük. Ələddin Yusifovun bizdən aldığı pullara Afrikada qızıl yataqları aldığını demişidi. Ümumiyyətlə, Ələddini bir yerdə tapmaq çətin olurdu, gah Afrikaya gedirdi, gah da başqa ölkələrdə olurdu. Sonradan məlum oldu ki, prokurorluqda onun işi ilə bağlı araşdırma aparılır. Biz öyrəndik ki, o, Afrikada neft deyil, qızıl yataqları alıb. Ələddinlə sonuncu dəfə 2015-ci ildə görüşdüm və ona pullarımızı qaytarmasını tələb etdim. Bildirdi ki, guya pulları kiməsə qaytarıb, bizə borcu yoxdur. Sonra villasını bizə təklif edib, girov kimi qoydu. Hamısını yalan danışır. Mənim 12 şirkətim var. Həmçinin, Qazaxıstanda da şirkətim var. Özüm ora pul köçürə bilərdim. Ələddinə nə ehtiyac vardı? Ötən cümə günü Qazaxıstana pul köçürmüşəm. Mənim Ələddinə qarşı kinim, nifrətim yoxdu. Amma mənim 3 milyon pulumu geri qaytarsın. Mən pulu faizlə də tələb edərdim. Amma ədalətli olmağı tərcih edirəm. Əgər 5 milyon qaytararsa villasını da geri verə bilərəm. Mənə o villa lazım da deyil”.
İş üzrə məhkəmə prosesi davam edir.