Bu gün görkəmli alim, pedaqoq - akademik Vaqif Məhərrəm oğlu Abbasov ikiqat təbriklərin ünvanıdır. Həm peşə bayramı (5 Oktyabr - Müəllimlər Günü), həm də 67 yaşının tamam olması münasibətilə.
Ak. Yusif Məmmədəliyev adına Neft - Kimya Prosesləri İnstitutunun direktoru və "Çoxfunksiyalı reagentlərin kimyası və texnologiyası" şöbəsinin müdiri, 1000-ə yaxın çapdan çıxmış elmi əsərlərin, o cümlədən xaricdə nəşr olunmuş 300-ə qədər elmi məqalə və tezislərin, 50-dən artıq şəhadətnamə və patentin müəllifi Vaqif Abbasovun və onun sələfləri olmuş Azərbaycan alimlərinin rəhbərliyi altında İnstitutun əməkdaşlarının qazandığı nailiyyətlər oktyabrın 2-də bu elmi müəssisənin yaradılmasının 90 illik yubileyinə həsr olunan yığıncaqda sadalandı. Dövlətin elmimizə və alimlərimizə qayğısının növbəti göstəricisi olaraq, Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun üç əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edildi, bu elmi müəssisənin üç əməkdaşı “Əməkdar elm xadimi”, bir əməkdaşı “Əməkdar mühəndis” fəxri adlarına layiq görüldü, daha 5 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif edildi. Şəxsən Vaqif müəllimin özünün qazandığı fəxri adları, orden və medalları, elmi titulları sadalamaq fikrindən uzağıq. Onun Azərbaycan və dünya elminə verdiyi töhfələrin sadalandığı mənbələr maraqlanan oxucu üçün kifayət qədər əlçatandır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi neft strategiyasının elmi təminatına Neft-Kimya Prosesləri İnstitutu böyük töhfələr verir. İnstitut elmin və təhsilin uğurlu inteqrasiyası sahəsində əla təcrübə yaradıb, habelə ali məktəblər və istehsalat üçün yüksəkixtisaslı kadrlar yetişdirib. Hazırda magistratura və doktorantura səviyyəsində bu iş uğurla davam etdirilir. İnstitutun alimləri ümumtəhsil məktəbləri və ali təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin hazırlanmasında fəal iştirak edirlər. Azərbaycanın əməkdar müəllimi, qabaqcıl təhsil işçisi, çoxsaylı beynəlxalq və xarici ölkələrin elmi qurumlarının üzvü kimi dünyanın müxtəlif elmi mərkəzlərində Azərbaycan elmini ən yüksək səviyyələrdə təmsil edərək bir çox xarici universitetlərdə ustad dərsləri keçən akademik Vaqif Abbasov yalnız keçmişdə qazanılanların xatirəsilə yaşamır, Azərbaycanın tərəqqisi, elmimizin inkişafı naminə düşərli fəaliyyətini davam etdirir, "hədəf və perspektivlərimiz böyükdür" - deyir: "Yeni yataq neftlərinin tədqiqi, səmərəli emal üçün təkliflər hazırlanması, ağır neftlərin və neft qalıqlarının neft kimya məhsullarına emalı texnologiyalarının, neftlərin və yanar şistlərin birgə emalı proseslərinin işlənməsi akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun hədəfləri sırasındadır. İnstitutda neft və bitki mənşəli üzvi birləşmələr əsasında aqrokimya təyinatlı məhsulların və onların alınma texnologiyaları, neftdən alınan tibbi və kosmetik yağların efir yağları ilə kompozisiyaları, Bakı neftləri əsasında yarımsintetik və sintetik baza yağlarının alınma texnologiyaları işlənib hazırlanacaq. Bununla yanaşı, elmi müəssisədə dizel distillatlarının hidrokrekinqi proseslərinin, keyfiyyətli benzin və aviasiya yanacaqlarının alınma proseslərinin işlənməsi, neft məhsullarının və onların bitki xammal növləri ilə qarışıqlarının dərin hidrokrekinqinin aparılması üçün yeni katalizatorların hazırlanması, təbii qazın neft emalına cəlb edilməsilə ağır neft məhsullarının müasir neft kimya məhsullarına çevrilməsi prosesi də həyata keçiriləcək. Bütün bunlar sənayenin inkişafına töhfələr verəcək". Millətinə və dövlətinə bağlı alim böyük enerji ilə bu gün həm də azərbaycançılıq ideyalarını yüksək vətəndaşlıq, universal ziyalılıq səviyyəsində əzmkarlıqla təbliğ edir. Vaqif müəllim təhsilimizin, elmimizin böyük qayğıkeşi olmuş ulu öndər Heydər Əliyev siyasətini yorulmadan təbliğ edən, dövlətçiliyimizi hər zaman yüksəkdə tutan alimlərimizdəndir. O, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin bugünkü uğurlu dövlət siyasətini ölkə daxilində və xaricində içdən gələn məhəbbətlə durmadan təbliğ və təşviq edir, bu missiyanı hər bir ziyalının mənəvi borcu hesab edir. İstənilən elm sahəsində dərin məzmunlu nitqlər söyləyən, fikir mübadilələri aparan Vaqif müəllim gözəl natiqdir, şəffaf fəaliyyəti ilə kütləvi informasiya vasitələrinə açıqdır. Biz jurnalistlər onu həm də şair, filosof, müdrik kəlamların müəllifi kimi tanıyırıq. Aşıq Kamandarın sözüdür: Alimlik, insanlıq yüzdə birdədi, Yüz "mənəm"də bir zərrəsi görünür. İnsan, alim olmaq böyük zirvədi, O zirvədən Yer kürrəsi görünür. Şərəfli alim ömrü yaşayan, İnsanlığın, Almliyin zirvəsində qərar tutan Vaqif Abbasovu doğum günü və peşə bayramı münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq. Zaur Vəliyev