Travmatologiya və ortopediya kliniki təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq, onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə birinci növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə qalça çıxıqları, skaliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları, aiddir.
Tibb elmləri üzrə fəlsəfə doktoru Travmatoloq-Ortoped (Artroloq) AAOS (American Academy of Orthopaedic Surgeons) Ayaz Hümbətov Azərbaycanda sözügedən sahənin uzman mütəxəssislərindən hesab olunur.
Ayaz Musa oğlu Hümbətov 04 iyul 1972-ci il tarixdə doğulmuşdur. 1979 -1989-cu illərdə orta məktəbi oxumuşdur. 1989 - 1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1995-1996-cı illərdə internatura keçmişdir. 1996 - 2006-cı illər ərzində Respublika Elmi Artroloji Mərkəzində ortoped vəzifəsində, travmatoloq-ortoped aspirant, şöbə müdiri və böyük elmi işçi vəzifəsində çalışmışdır. 2006-cı ildən Tibbi Bərpa İnstitutunun Ortralogiya şöbəsində Böyük Elmi işçi vəzifəsində işləmişdir. 2007-ci - 2015-ci illərdə "Uniklinika"da travmatoloq-ortoped vəzifəsində çalışmışdır.
2005-ci ildə "Qonartrozun erkən mərhələsində cərrahi taktika" mövzusunda dissertasiya müdafiə edərək Tibb elmləri namizədi və sonra Tibb elmləri üzrə fəlsəfə doktoru adını almışdır. 2015-ci ildən MediStyle Hospital Travmatoloq-Ortoped vəzifəsində çalışır. 2004 - 2006-cı illərdə “İSAKOS" (Ümumdünya Beynəlxalq Artroskopiya və Diz Cərrahiyyəsi Cəmiyyətinin Türkiyə mərkəzində) təkmilləşdirmə kursu keçmişdir. 2005-ci ildən Azərbaycan Taekvando Federasiyasının Konsultant Həkimidir. Dr. Ayaz Hümbətov 50 - dən çox elmi məqalənin müəllifidir.
Ayaz həkimin çalışdığı MediStyle Hospitalda Travmatologiya və Ortopediya şöbəsində klassik üsullarla yanaşı həmçinin müasir üsullardan olan artroskopiya, endoprotezləşdirmə, intramedulyar və ekstramedulyar osteosintez, boy uzatma, anadangəlmə sümük-əzələ sistemindəki defektlərin rekonstruksiyası əməliyyatları icra olunur. Xüsusi Əl Cərrahiyyəsi bölməsində, əllə olunan bütün əməliyyatlar, sinir-damar dəstəsinin travmaları, vətər kəsilmələri və digər mikroskopik əməliyyatlar həyata keçirilir. Müxtəlif Travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında Rentgenoqrafiya, Komputer Tomoqrafiya (KT), Maqnit-Rezonans Tomoqrafiya (MRT), Artroskopiya kimi müasir və informativ üsullardan istifadə olunur. Bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq, nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə təchizatı) daimi nəzarətdə saxlanılır. Bütün xəstələrin əməliyyatları, tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalı tərəfindən yüksək səviyyədə xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta və axşam yeməkləri verilir, xəstə evə buraxılanadək peşəkar həkimlərin təqibində olurlar. Xəstəxanada icra olunan əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.
Hospitalda yaradılmış əlverişli şəraitdən yararlanan doktor Hümbətov xəstələrə yüksək səviyyədə və keyfiyyətli tibbi xidmət göstərir. İnternet üzərində onun barəsində məlumatları araşdıranda rəsmi mənbələrdən olan təqdiredici məqalələrlə yanaşı, sosial mediada da ona ünvanlanan minnətdarlıq nidalarına, əllərindən şəfa tapan insanların səmimi duyğularını ifadə edən alqışlarına tez-tez rast gəlinir. Feyzbuk istifadəçiləri Sevda Əliyeva, Özal Eyyubzadə, Günel Xalıqverdiyeva və başqaları Ayaz həkimdən gördükləri xidmətdən razılıqlarını bildirir, onun sahənin ən aparıcı mütəxəssisi olduğunu təsdiqləyirlər. Onun xidmətləri sayəsində Azərbaycan idmançılarının xüsusi fərqləndikləri olimpiya yarış növü olan taekvondo yığmamızın üzvlərinin səhhət durumu nəzarətdə saxlanılır, bu əlbəyaxa döyüş ustaları üçün spesifik olan travmalar, idman yaralanmaları aradan qaldırılır.
İnanırıq ki, hələ gənclik təravətini itirməyən Ayaz həkim uzun müddət insanların sağlamlığının keşiyində dayanacaq, tibb elmimizin inkişafına xidmət edəcək, biz qələm adamlarına da yazmaq üçün gözəl mövzular verəcəkdir.
Afət Qubalı