“... Bütün ciddi və əhəmiyətli hadisələr kimi bu əhvalat da xırda, ilk baxışda heç yada düşməyən bir məsələdən başlayır. Salur Qazana xəbər verirlər ki, Oğuzda düşmən casusu var...”
Kamal Abdulla “Yarımçıq əlyazma”
Bir neçə gündür ki, ictimaiyyətin elm və təhsil sahəsində gedən prosesləri bir qədər daha ciddi şəkildə, bir qədər daha dəqiqliklə və bəlkə də bir qədər daha yüksək həssaslıqla izləyən ziyalı təbəqəsinə müzakirə və mübahisələr yarada biləcək yeni “gündəm” təqdim olunub. Mövzusu da belədir – Azərbaycan Dillər Universitetində növbəti qalmaqal. Ya da təxminən belədir... Əslində bunun elə bir ciddi önəmi də yoxdur. Yəni mövzu başlığı müxtəlif interpretasiyalarla təqdim oluna bilər. Olunur da. Önəmli olan isə budur ki, həmin mövzu artıq təqdimat prosedurunu “uğurla” başa vurub və bu gün məsələyə yaxından-uzaqdan aidiyyatı, işin mahiyyətindən az-çox xəbəri olan-olmayan, hətta cərəyan edən hadisələrin iştirakçılarını tanıyan-tanımayan bir çox insanlar məsələyə rəy verməyə, münasibət bildirməyə, bir sözlə yaranmış problemin müzakirəsində və bəlkə də bəziləri hətta həllində iştirak etməyə səy göstərirlər. Çox maraqlıdır ki, mətbuatda yayımlanan bəzi fikir müəllifləri əslində baş verənlərdə kimin haqlı, kimin haqsız olmasını araşdırmaq, məsələnin mahiyyətinə aydınlıq gətirmək niyyətində belə deyillər. Belələri daha çox bu və ya digər tərəfi müdafiə edən “düşərgələr”də yer almış insanlara qarşı şəxsi münasibətləri zəminində özlərinə mövqey seçirlər. Yəni, mənim dostum ADU-nun rektorunu tənqid edirsə, mən də ona qoşuluram. Və yaxud da, münasibətlərimizdə müəyyən problemlər olan hansısa redaksiya Kamal Abdullanı müdafiə edirsə, mən də qarşı tərəfi haqlı çıxarmağa çalışıram. Əlbəttə, mövqey seçiminə təsir edən amillər müxtəlif olur. Burada maddi maraq amili də, hansısa vəzifə sahibinin “xahişi” də həlledici rol oynaya bilər. Həm də bütün bunlar artıq çoxdan hər kəsə məlumdur və heç kim də bunu inkar etmək niyyətində deyil. Hamı da bilir ki, az müddət sonra bu mövzu da digərləri kimi gündəmdən düşəcək və fikirləri artıq başqa bir qalmaqal məşğul edəcək. Bu gün baş verənlərin təəssüratlarını hələ bir müddət sonra da yaşayacaq, bu günə qədər sürdükləri yaşam tərzinə, sahib olduqları tanışlıq dairəsinin sahəsinə və tərkibinə bu qalmaqalın müəyyən təsirini mütləq şəkildə hiss edəcək insanlar isə, yenə də bu hadisələrin bilavasitə iştirakçıları olacaqlar. Hə, bir də sifarişçiləri...
"Bir yarpağı gizlətmək istəyirsənsə,bunun üçün meşədən gözəl yer yoxdur" .
Elə bilirəm, çoxları bu qalmaqalın rektor Kamal Abdullaya qarşı məhz sifarişlə hazırlandığına heç bir şübhə etmirlər. Əgər hələ də müəyyən şübhə doğuran məqamlar varsa, onlar da yalnız sifarişçinin kimliyi ilə bağlı ola bilər. Yəni, konkret sübut-dəlil əldə olmayınca heç kim ittiham irəli sürmək istəmir. Elə mən də istəmirəm. Amma bir məsələ də var ki, xaotik şəkildə yayımlanan çoxsaylı məlumat, açıqlama və iddialardan, eləcə də onların daha çox saylı təkrarlamalarından ibarət ümumi informasiya kütləsinin içindən müəyyən epizodları seçib onların düzgün ardıcıllığına diqqət yetirəndə istər-istəməz daha konkret mənzərənin (bəlkə də portretin?) cizgilərini görmək olur.
İlk öncə belə bir məqama diqqət yetirək ki, Kamal Abdullaya qarşı fikirlərin ifadə olunduğu yazıların dərc edildiyi bir neçə saytı bir-birinə bağlayan ümumi cəhətlər mövcuddur. Bu cəhətlərdən biri onların eyni “qəhrəmanlar”a pərəstiş etmələridir. Demək olar mümkün deyil ki, bu saytlardan birində təriflənmiş kimsə, həmin çevrəyə aid olan ikinci bir saytda tənqid edilsin. Bu həmin çevrənin mənsubları arasında ümumi qəbul edilmiş böyük bir qadağadır və bu qadağanı pozan dərhal çevrə hüdudlarından çıxarılır.
Yenə də, bu saytların ən azından həmrəy, həmfikir olduqlarını vurğulayan ikinci bir cəhət də həmin saytların əksəriyyətinin “peyk saytlar”a malik olmalarıdır. Yəni, həmin saytlarda dərc edilən yazılar, xüsusən də tənqidi-sifarişli yazılar bir qayda olaraq dərhal bir neçə başqa saytlarda da sinxron şəkildə təkrarlanır. Bu zaman əsas iki məqsəd güdülür. Birincisi daha çox ictimai diqqəti cəlb etmək, ikincisi də “izi itirmək”. Belə ki, yazının surəti nə qədər çox yayımlanarsa, mənbəni gizlin saxlamaq imkanı da bir o qədər çox olar. Əlbəttə ki, mənbə deyərkən yazını ilk dərc etmiş sayt və ya şikayətçi kimi ictimaiyyətə təqdim olunan şəxs nəzərdə tutulmur. Söhbət məhz sifarişçidən gedir. Məhz bu şəxsin gizlin qalması üçün “peyklər”dən istifadə olunur. Təsəvvür edin ki, bir neçə eyni saytda davamlı olaraq ictimai şəxslərdən birinin tərifinə həsr edilmiş yazılar verilir. Bir müddət sonra isə, yenə də eyni saytlarda başqa bir ictimai şəxsə qarşı artıq “qaralama kampaniyası”na start verilir. Bu zaman, əgər həmin iki şəxs arasında müəyyən bağlılıqlar varsa, diqqətli oxucu buna dərhal fikir verəcək. Məsələn, həmin iki ictimai şəxs eyni sahədə fəaliyyət göstərə bilərlər, uzun müddət eyni bir qurumda çalışa bilərlər, biri digərini tutduğu vəzifədə əvəzləyə bilər, eyni layihəni icra etmək hüququnu qazanmaq üçün tenderə qatıla bilərlər və sairə, və ilaxır. Məhz belə eyniliklər əksər hallarda sifarişçini müəyyənləşdirmək üçün düzgün istiqamət götürməyə ipucu verir və məhz diqqəti bu eyniliklərdən yayındırmaq üçün də “qaralama kampaniyası”nın müəllifləri hücumlarını eyni zamanda müxtəlif və mümkün qədər çox sayda saytlardan başlamağa çalışırlar. Hər zaman olmasa da, bəzən bu fənd özünü hər halda doğrulda bilir.
“Cherche la femme...”
Bəli, hər zaman olduğu kimi, yenə də bir qalmaqal baş verirsə, onun kökünə gedib çıxmaq üçün, fransız dostlarımızın tövsiyyəsilə məhz qadın axtarışına başlamaq lazım gəlir. Əslində, bu deyimin tərənnüm etdiyi ideyanı istənilən hadisənin araşdırılmasına şamil etməyin özü mübahisə doğura biləcək bir qərar ola bilər. Amma baxdığımız halda deyil. Bu dəfə hətta qadın həmrəyliyinin ən qatı tərəfdarları olan xanımlar belə, ADU qalmaqalının başdan-ayağa qədər ətir qoxusu və ya əgər belə demək daha doğru olarsa, qadın ətri saçdığını etiraf etməli olacaqlar. Həm də sadəcə olaraq rektor Kamal Abdullaya qarşı çıxış etmək üçün seçilmiş əməkdaşların məhz xanım olduqlarına görə deyil. Əksinə, elə ilk həmlələrdən sonra artıq məlum idi ki, rektora qarşı irəli sürülən ittihamlar əslində onları səsləndirən insanların öz nöqsanlarının ifşasına yol açmış oldu. Həqiqətən də, ADU-da kökü 3-4 il bundan əvvələ qədər gedib çıxan nöqsanlara görə hazırkı rektor məsuliyyət daşıya biməz. Həm də məhz elə bu nöqsanları aradan qaldırmağa çalışdığı üçün. Amma mən burda artıq son bir neçə gündə mətbuatda dəfələrlə ifadə olunmuş fikirləri, səsləndirilmiş arqumentləri yenidən ortaya qoymaq niyyətində deyiləm. Mənim məqsədim, dediyim kimi, bu qalmaqalın sifarişçisini müəyyənləşdirmək üçün düzgün istiqaməti tapmaqdır. Məsələ bundadır ki, “qadın izi” yuxarıda qeyd etdiyim kimi, kampaniyanı aparmaq üçün seçilmiş saytların bir çoxunda son vaxtlar dərc olunmuş yazılarda da aşkar müşahidə olunur. Sadəcə bu izləri görməyə çalışmaq lazımdır. Bunun üçün əvvəlcə həmin saytlarda mütəmadi olaraq mədh olunan simaları müəyyən edək. Bu elə də çətin prosedur deyil. Belə ki, həmin saytlarda davamlı olaraq, təkrar-təkrar təriflənən insanlar – müəyyən vəzifə sahibləri, ictimai xadimlər, təhsil müəssisə rəhbərləri sayca elə də çox deyillər. Sonra, onların arasından, yenə də yuxarıda qeyd etdiyim sxem üzrə, Kamal Abdulla ilə müəyyən bağlantıları olan şəxsləri ayıraq. Daha sonra, ayırdığımız şəxslərdən eyni sahədə fəaliyyət göstəriciləri Kamal Abdullanın fəaliyyətilə müqayisə edilə biləcək və ən əsası da bu müqayisədə uduzacaq insanları seçək. Ola bilsin ki, Kamal Abdullanın fəliyyətilə bağlı hansısa bir qurumda səsləndirilən fikirlər, onun gördüyü işlərin daha yüksək qiymətləndirilməsi həmin müəssisənin indiki rəhbərliyi tərəfindən qısqanclıqla qarşılansın. Yəni, bu da bir ehtimaldır. Amma gördüyünüz kimi, məhz bu ehtimalların hesabına sifarişçi qisminə namizədlərin dairəsi də kifayət qədər daralır. Üstəgəl, ADU rektoruna qarşı çıxış edənlərdən birinin özünü hələ bu vəzifəyə seçilməmiş YAP ərazi təşkilatının Qadınlar Şurasının sədri kimi təqdim etməsi də müəyyən düşüncələrə əsas verir...
Nə isə, məndən bu qədər. Ümid edirəm ki, ən azından heç kimi yanlış istiqamətə yönəltmədim.
Zaur Vəliyev.