İnsanın fiziki sağlamlığının qorunmasında idman aksesuarları, o cümlədən idman ayaqqabıları xüsusi yer tutur. Fiziki hərəkətlərin yerinə yetirilməsində onlar bir növ insanı stimullaşdırır. Təbii ki, bu baxımdan onların keyfiyyətli olması mühüm əhəmiyyət kəsb edir. Belə ki, istifadə edilən idman ayaqqabıları keyfiyyətli materialdan hazırlanmalı, rahat olmalı, insanın ayağında əks reaksiya doğurmamalıdır. Lakin təəssüflər olsun ki, bütün hallarda bu tələblərə əməl olunmur və bununla da istehlakçıların hüquqları pozulur. Ona görə də istehlakçılara idman ayaqqabıları alarkən diqqət yetirməli olduqları bəzi zəruri məsələlər barədə məlumat vermək istəyirik.
Bizimaz.az bldirir ki, İdman ayaqqabılarının kifayət qədər geniş çeşidləri mövcuddur. Bunlardan ümumi fiziki hazırlıq üzrə ketaları, yüngül atletika üçün ayaqqabıları, butsaları, ikiqat altlıqlı botinkaları, qaçış və s. üçün ayaqqabıları göstərmək olar. Bütün bu ayaqqabılar rezintekstilli tuflilər, rezintekstilli botinkalar və çimərlik rezin tuflilər kimi üç növdə qruplaşdırılır.
İdman ayaqqabılarının keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır. İdman ayaqqabılarının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Hər cütə məxsus ayaqqabılar bütün hissələri, detalları forma, ölçü və təyinatına görə eyni olmalıdır. Eyni zamanda, bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin.
Bu malları alarkən onlarda sökük, qopma, yarıq formasında hər hansı bir qüsurun olmamasına, içlik materialına xüsusi diqqət yetirin. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan idman ayaqqabısı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir. Nəzərə alın ki, istehsalında plastik materiallardan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığınıza böyük zərbə vura bilər. Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlamaq lazımdır.
İdman ayaqqabısı seçərkən əsas meyar model və rəngdən öncə onun rahatlığı olmalıdır.
Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmasına diqqət edin.
Rezin və tekstil materiallı hissələrin bitişdiyi yerlər bütöv olmalı, qopma və aralanmalara rast gəlinməməlidir. İstifadə zamanı idman ayaqqabıları insanın dərisinə, barmaqlarına xələl gətirməməli, təhlükəsiz olmalıdırlar.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının müdafiəsi Dövlət Xidmətindən bildiriblər ki, idman ayaqqabılarının keyfiyyət və təhlükəsizliyinə təminat verən sənəd həmin məhsullara olan uyğunluq sertifikatıdır. Ona görə də ticarət şəbəkəsindən idman ayaqqabıları əldə edilərkən birinci növbədə həmin sənədin olub-olmaması soruşulmalıdır. Uyğunluq sertifikatı olmayan malları almayın.
Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olun. Tikiş xətalarının olmamasına diqqət yetirin. Nəzərə alın ki, istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur və sağlamlığa böyük zərbə vurur.
Hər bir ayaqqabıda cütlərdən birinin rezin hissəsində onun əmtəə nişanı və istehsalçı müəssisənin adı, istehsal tarixi, ölçüsü və s. göstərilməlidir. Ayaqqabının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün qablaşdırmanın üzərindəki etiketinə baxın. İdman ayaqqabılarının istehsal tarixindən etibarən saxlanmasına zəmanət müddəti 12 aydır. Xüsusi qəlib üzərində formaya salınıb tikilən ayaqqabıların istismarına zəmanət müddəti 75 gün, təzyiq altında tökmə üsulu ilə istehsal olunmuşlarda isə 90 gündür.
Eyni zamanda nəzərə alın ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilmişdir. Bu, eyni zamanda aldığınız idman ayaqqabısına da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər.