Xəbər lenti


 

Bakı zəfərinin yaratdığı tarix: bu şəhərə paytaxt statusu qazandıran 15 sentyabr gününü “Paytaxt günü” təsis etməklə yaddaşlara həkk etməliyik;
 
Bakı zəfərinin hələ zamanında əfsanələşən komandanı Nuru Paşanın həlak olmuş əsgərlərinin məzarları başında qayalaşan abidəsi olmalıdır.
 
Qafqaz İslam Ordusunun (QİO) Bakı yürüşünün zəfəri 1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Cümhuriyyətini yaşatdı, onu paytaxtına qovuşdurdu. Zəngin sərvəti və strateji mövqeyi olan Bakının Azərbaycan hakimiyyəti altında olması iqtisadi, hərbi, siyasi əhəmiyyətindən də az önəmli olmayan mənəvi qalibiyyət demək idi. Qafqaz müsəlmanlarının milli fikir mərkəzinə çevrilmiş Bakıda fəaliyyət göstərməsi Azərbaycan Cümhuriyyətinin özünə güvənliyini təmin etdi. Bakı qələbəsi Qafqaz İslam Ordusunun növbəti vəzifələrini həyata keçirməyə imkan yaratdı.
QİO Cənubi Qafqaz müsəlmanlarının qətliamının davamını dayandırdı; çar hökuməti tərəfindən hərbi xidmətə çağırılmamış, silahsız-sursatsız azərbaycanlıların ordu quruculuğuna böyük dəstək və stimul verdi. Azərbaycan hərbi hissələri Qafqaz İslam Ordusunun tərkibində döyüşə-döyüşə formalaşırdı. Azərbaycan ordusunun peşəkar mühitdə, tanınmış hərbçilər tərəfindən yaradılması dövlət təhlükəsizliyinin qarantı idi. QİO Cənubi Qafqazı tərk edəndə artıq nizamlı peşəkar Azərbaycan Ordusu var idi.
QİO-nun Gəncədən başlayan yürüşü (Gəncədəki ermənilərin tərksilah edilməsi ilə) Qaraməryəm, Kürdəmir, Şamaxı döyüşləri ilə müşayiət olunurdu. Bakıya yaxınlaşdıqda yerli müsəlmanların, Bakı kəndlilərinin orduya cəlb olunması əhalinin özünəinamını qaytardı, çarəsiz, üzgün ovqatını dəyişdi. Bakı zəfəri Azərbaycan xalqının mənəvi gücünü artırdı, ruh yüksəkliyi yaratdı. Ən başlıcası Azərbaycanın istiqlalını qorudu.
QİO-nun missiyasının başlıca nəticəsi azərbaycanlıların kütləvi qətliamının qarşısını almaq oldu. Azərbaycan Cümhuriyyəti həqiqi anlamda bərqərar oldu. Azərbaycanın müstəqilliyi qorundu. Bakı Azərbaycanın paytaxtı oldu. Azərbaycan xalqının özünəinamı qayıtdı. Osmanlı dövlətinin simasında özünü çarəsiz hiss etmədi. Çağırışına hay verəcək, yardımına çatacaq bir gücün olduğuna əminliyi yarandı. QİO missiyasının Azərbaycan xalqı üçün mənəvi əhəmiyyəti praktiki əhəmiyyətindən heç də az önəmli olmadı. Hər iki cəhətdən bu missiya strateji əhəmiyyətli idi. Azərbaycan Cümhuriyyətinin ərazi bütövlüyünün təmin olunmasında Bakı uğrunda hərbi əməliyyatların, Qarabağ və Dağıstan hərəkatlarının tarixi əhəmiyyəti vardır. Gürcüstanla, Dağıstanla sərhədlərinin təhlükəsizliyinə nail olunması ilə Azərbaycanın qərb və şimal sərhədlərinin təhlükəsizliyi təmin olundu.
Nəticə etibarilə, 1918-ci il noyabrın əvvəllərində Lənkəran bölgəsi istisna olmaqla, Cümhuriyyətin sərhədləri çərçivəsində Azərbaycan hakimiyyəti bərqərar edildi. Bakının azad olunması həmin dövrdə regional geopolitikanın Azərbaycan xalqının maraqlarına xidmət etmək səmtində inkişaf etməsi baxımından cahanşümul bir hadisə idi.
QİO Azərbaycan və Türkiyə hərbi əməkdaşlığının şanlı səhifəsidir. Azərbaycan ordusu Osmanlı zabitlərinin dəstəyi ilə savaşa-savaşa qurulurdu. Azərbaycanın görkəmli hərbi xadimləri Əlağa Şıxlinski, Həbib Səlimov və b. Osmanlı zabitləri ilə birgə şərəfli bir missiya gerçəkləşdirdilər. QİO ləğv olunsa da, 100 ili aşan bir tarix yazdı. Türk milləti adına yazılmış bu tarix sadəcə bir hərbi salnamə deyil, 100 ilin sınağından çıxmış mənəvi bağlılıqdır. Azərbaycan naminə canından keçmiş Türk əsgər və zabitinin məzarları Cümhuriyyətimizin hüdudlarını xəritədən torpağa köçürən, geniş Vətənimizin coğrafiyasına tikilmiş yaddaş abidələridir. Azərbaycan xalqı sovet dövrünün yasaqlarına, təqiblərinə baxmayaraq, türk nişanlı məzarları qorumuş, saxlamış, müstəqilliyinə qovuşduqda isə bərpa-tikinti işləri aparıb, ətrafını abadlaşdıraraq ziyarət yerinə çevirmişlər.
QİO 100 il öncə dövrünün beynəlxalq mövzusuna çevrilmiş «Bakı məsələsi»ni qətiyyətlə çözdü. 15 sentyabr 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin paytaxtı olmaq hüququnu qazanmış Bakı artıq 102 ildir ki, bu statusu qoruyub saxlayır.
Bakı artıq Azərbaycanın paytaxtı kimi, bütün dünyada tanınan, sevilən, beynəlxalq aləmə qovuşan bir şəhər kimi dünya azərbaycanlılarının baş şəhəridir. Və bu şəhərə paytaxt statusu qazandıran tarixi “Paytaxt günü” təsis etməklə yaddaşlara həkk etməliyik.
Bu tarixi yaradan insanları layiqincə anmalıyıq. Bakı zəfərinin hələ zamanında əfsanələşən komandanı Nuru Paşanın həlak olmuş əsgərlərinin məzarları başında qayalaşan abidəsi olmalıdır. “Dağları, dərələri, susuz səhraları aşıb gələn qardaşlarımızla bərabər şu doğma topraqlarımız üzərində qayalaşdıq, yenidən qardaş olduq” deyən Rəsulzadələrin təməlini qoyduğu abidənin nəhayət 100 ildən sonra ucaldılması ədalətin təntənəsi olar!
 
Firdovsiyyə Əhmədova, 
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri
 

 

 
14 Noyabr 2024 Prezidentin bu çıxışını bütün salon alqışladı
27 Sentyabr 2024 UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Anım Günü qeyd edilib
15 İyul 2024 “Onun böyük adı və kölgəsi həmişə üstümüzdədir”
24 Aprel 2024 “Oğluma Ali Baş Komandanın adını verəcəyik”
19 Dekabr 2023 Mənim namizədim İlham Heydər oğlu Əliyevdir!
05 Oktyabr 2023 Bu foto uğrunda hərə bir qəhrəman oldu...
29 Avqust 2023 General Məmmədovun məhkəməsi başlayır - Büdcəyə 40 milyon ödənilib
25 İyun 2023 Priqojinin “Vaqner”ə “dağılışın” əmrinin arxasında dayananlar - TƏHLİL
24 İyun 2023 Kamaləddin Qafarov: “24 iyun – müasir dövlətçiliyimizin təməl günüdür”
13 İyun 2023 Kamaləddin Qafarov: “Şuşa Bəyannaməsi mühüm tarixi sənəddir”
30 May 2023 Ərdoğanın hakim ittifaqı Türkiyə parlamentində çoxluq təşkil edir
28 May 2023 Kamaləddin Qafarov: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması unikal hadisədir”
03 May 2023 GÖRƏN TORPAQ BİLİRMİ QOYNUNDA HEYDƏR YATIR?
11 Aprel 2023 İlham Əliyev Azərbaycanı daha qüdrətli dövlətə cevirdi
22 Mart 2023 Kamaləddin Qafarov: “Azərbaycan Almaniya ilə əməkdaşlığa böyük önəm verir”
09 Mart 2023 Milli maraqların təminatı etibarlı əllərdədir
06 Mart 2023 Qarabağda və sərhəddə gərginlik: Azərbaycan nə edəcək? - TƏHLİL
31 Yanvar 2023 "Azərbaycan gəncliyi etibarlı gələcəyimizdir"
26 Yanvar 2023 Davos Forumu dünyada yeni inkişaf modelini formalaşdırır
23 Yanvar 2023 Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə regionda dəstək verən ilk ölkə olub”
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov