Bakı Beynəlxalq Avtovağzalı bilet qiymətləri ilə bağlı ənəsinə sadiq qalmaqda davam edir. İnsanların çoxu bundan xəbərsizdir, məlumatlı olanlar isə azlıq təşkil edir.
bizimaz.az Ənənə ondan ibarətdir ki, sərnişin daşıyan avtobus sürücüləri yola çıxmaq istəyən hər bir kəsdən istədikləri məbləğdə gediş haqqı tələb edir. Əslində, bir qayda olaraq sərnişinlər avtovağzalın kassasına ödəniş etməklə səyahətə çıxa bilərlər. Bəzi işbaz sürücülər avtobusa yaxınlaşan insanlardan məsələn, 4 manat əvəzinə 7 manat istəyir. Əksər sərnişinlər bununla razılaşır, hətta vəziyyətdən xəbərdar olanlar isə mübahisə və gərginlik yaşamaması üçün yazılmamış qanunlara riayət edir. Qarşısında beynəlxalq sözü olmasına baxmayaraq avtovağzal elə “azərbaycansayağı” fəaliyyət göstərir.
Bu günlərdə Leyla adlı sosial şəbəkə istifadəçisinin işbazlarla mübarizə aparıb istəyinə çatması məsələni yenidən gündəmə gətirib. Belə ki, analoji hadisə onun da başına gəlib. Amma Leyla xanım sürücü ilə mübahisə etməyə ərinməyib, eyni zamanda kassirə də narazılığını bildirib və müvafiq dövlət qurumlarına bu barədə məlumat verəcəyini deyib. O, bütün bu səyləri nəticəsiz qalmayıb və qayda-qanunla müəyyən olunan məbləği ödəməklə avtobusda özünə yer ayıra bilib. O cümlədən digər sərnişinlərin də “gözünü açmağı” bacarıb. Amma onlar bayaq qeyd edildiyi kimi mübahisəyə çox da meyl göstərməyiblər. Beləliklə, səsini çıxarıb narazılıq bildirəndən və onun dostlarından başqa heç kim haqqını tələb etməyib.
Bundan əlavə, avtovağzaldan onlayn bilet almaq istəyən insanların problemlə üzləşməsi narazılıq doğuran məsələlər arasında yer alır. Belə ki, istənilən istiqamətdə səfərə çıxmaq üçün onlayn sistem vasitəsilə maksimum 8 bilet sifariş etmək mümkündür. Söhbət bir nəfərin qeyd olunan sayda bilet almaq istəyindən getmir, ümumilikdə bir avtobus üçün cəmi səkkiz onlayn bilet ayrılır.
Bilet satışının belə təşkil olunması həm də dövlət vergisindən yayınmaqla nəticələnir. Əldə edilən böyük vəsait dövlət büdcəsinə köçürülmək əvəzinə, kimlərinsə cibinə axır. Eyni zamanda qeyd edək ki, bilet kassadan şəxsiyyət vəsiqəsilə alınır. Bu zaman səfərə çıxmaq istəyən şəxsin cinayətkar olub-olmaması da kompüterə vurulduqdan sonra ortaya çıxır. Lakin satışın kortəbi və narazılıq doğuran şəkildə həyata keçirilməsi bütün standartları tapdayır.
Məsələylə bağlı Bakı Beynəlxalq Avtovağzalın mətbuat katibi Yaşar İsakovla əlaqə saxlamağa çalışdıq. Amma onun mobil telefonuna və otaq nörmərisinə etdiyimiz zənglər cavabsız qaldı. Hətta Yaşar bəyin sosial şəbəkə profilinə mesaj yazmağımıza baxmayaraq ondan münasibət öyrənmək cəhdlərimiz boşa çıxdı.
Qeyd edək ki, oxşar vəziyyət sabiq nəqliyyat naziri Ziya Məmmədovun vəzifədə olduğu dövrdə də mövcud idi. Bu məsələdə Məmmədovun qanunsuz əməlləri önə çəkilirdi. Amma onun xeyli müddətdir postundan uzaqlaşdırmasına baxmayaraq problem həllini tapmayıb.