2017-ci ildə Həmkarlar İttifaqları təşkilatları tərəfindən 8 sanatoriyaya, 1 müalicə pansionatına və 10 istirahət bazasına yollayışlar verilib. Bu sanatoriyaların 6-sı ilboyu, 2-si – müalicə pansionatı və istirahət bazaları isə mövsümi fəaliyyət göstərir.
bizimaz.az Ötən illə müqayisədə 2018-ci ildə verilən yollayışların qiymətində demək olar ki, dəyişiklik baş verməyib.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bildirib.
N.Ağamirovun sözlərinə görə, sanatoriyalara və istirahət mərkəzlərinə yollayışların orta qiyməti 600-700 manatadır:
“Yollayışlarda qiymət fərqi bir qayda olaraq yataq otaqlarının şəraiti ilə bağlıdır.
Sanatoriya və istirahət evlərinə yollayışlar Məcburi Dövlət Sosial Sığortasına cəlb olunan və digər yollayış almaq hüququ olan şəxslərə verilir. Həmin şəxslər yollayışı dəyərinin 15%-ni ödəməklə əldə edirlər. Yollayışların ümumi sayının 10 faizi isə işçilərə (aztəminatlı ailələrə, müharibə iştirakçılarına, əlil, şəhid ailələrinə və s.) ümumiyyətlə tam güzəştlə pulsuz verilir.
İşçilər iş yerlərində, tələbələr isə təhsil aldıqları müəssisələrdə həmkarlar ittifaqı komitələrinə ərizə ilə müraciət edərək yollayışlar ala bilərlər. Müəssisələrin həmkarlar ittifaqı komitələri, onların xüsusi komissiyaları yollayışlara daha çox ehtiyacı olanları müəyyən edir və işçilərin təqdim etdikləri tibbi arayışa uyğun olaraq müvafiq yollayışlarla təmin edir.
Məcburi Dövlət Sosial Sığorta (MDSS) haqqı ödəyən şəxs ailə üzvü üçün də yollayış almaq istəyirsə: əgər ailə üzvü məcburi Dövlət Sosial Sığorta haqqı ödəyirsə onda ailə üzvü üçün də yollayışın dəyərinin 15%-ni ödəyir, əgər işləmirsə – MDSS ayırmaları ödəmirsə, yollayışı dəyərinin 50%-ni ödəməklə əldə edə bilər.
Həmkarlar itifaqı təşkilatlarının vətəndaşlara yollayışları tam dəyəri ödənilməklə də vermək hüququ vardır”.
Şöbə müdiri son iki ildə sanatoriya-kurort və istirahət ocaqlarında 140 mindən çox əməkçi və onların ailə üzvlərinin istirahət etdiiyini bildirib:
“90 min nəfərə yaxın işçinin və ailə üzvlərinin müalicə və istirahəti həmkarlar ittifaqları təşkilatlarının daxili imkanları hesabına təmin olunub. Ümumilikdə ilk həmkarlar ittifaqı təşkilatlarının öz üzvləri üçün təşkil etdikləri kütləvi gəzinti və istirahət də nəzərə alınmaqla 200 min nəfərə yaxın insan istirahət və müalicəyə göndərilib”.
N.Ağamirov qeyd edib ki, 2018-ci ildə 70 min nəfərdən artıq vətəndaşın yollayışlardan istifadə edəcəyi gözlənilir:
“Onu da nəzərinizə çatdırım ki, AHİK-in üzv təşkilatları da öz vəsaitləri hesabına inşa etdirdikləri müasir tipli pansionatlarda işçilərinin istirahətlərini təşkil edirlər. Məsələn, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqının Nabran zonasındakı “Rabitəçi” istirahət mərkəzində mövsüm ərzində 500 nəfərə yaxın, Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqının Nabrandakı “Lokomotiv” istirahət mərkəzində 1000 nəfər, Dövlət idarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqının Nabrandakı “Ülfət” istirahət zonasında 1000 nəfərə yaxın, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Nabrandakı “Təhsil” istirahət mərkəzində 1500 nəfərə yaxın, dəniz nəqliyyatı işçilərinin “Dənizçi” istirahət mərkəzində 1900 nəfərə yaxın, Səhiyyə İşçiləri Həmkarlar İttifaqının Qusar rayonu ərazisində yerləşən “Şəfa” istirahət mərkəzində 1000 nəfərdən artıq həmkarlar ittifaqı üzvü istirahət edir. Hal-hazırda Mədniyyət İşçiləri Həmkarlar İttifaqı da öz vəsaiti hesabına aldığı 2 hektar torpaq sahəsində öz işçiləri üçün sağlamlıq-istirahət mərkəzinin inşasını davam etdirir.
Daha bir müalicə-sağlamlıq ocağı – Metropoliten İşçiləri Həmkarlar İttifaqı Birliyinin nəzdindəki sanatoriya-profilaktoriya bu il də fəaliyyətini davam etdirəcəkdir. Həmin sağlamlıq ocağında hər il 850 nəfər müalicə alaraq sağlamlığını bərpa edir. Sanatoriyaya bir ədəd yollayışın qiyməti 250 manatdır. Məcburi dövlət sosial sığortasına cəlb olunmuş şəxslər, yəni metropoliten işçiləri yollayışın dəyərinin 15 faizini, yəni 37 manat ödəməklə əldə etmək hüququna malikdirlər, lakin bu vəsaitin ödənilməsini də Metropoliten İşçiləri HİB öz üzərinə götürüb və işçilər yollayışları tam güzəştli olaraq pulsuz əldə edirlər.
Azərbaycan həmkarlar ittifaqları öz üzvlərinin sağlamlığına, istirahətinə önəm verdiyi kimi, onların uşaqlarının da yay istirahətlərinin təşkilini diqqətdə saxlayır. Belə ki, son iki ilin yekununa görə, 40 min nəfərdən artıq uşağın istirahəti təşkil edilib. Bunlardan 5000 min nəfər Həmkarlar İttifaqlarının yay-sağlamlıq düşərgələrində istirahət ediblər”.