Bizimaz.az: Moderator.az dünyaca məşhur şəxsiyyətlərin bilinməyən sirlərinin, hobbiləri və şəxsi keyfiyyətlərinin ictimaiyyətdən gizli saxlamağa çalışdıqları tərəflərinin oxuculara təqdimatına başlayır. İlk olaraq haqlı olaraq "Sirr dağarcığı" hesab olunan SSRİ rəhbəri Yuri Vladimiroviç Andropovu oxuculara daha da yaxından tanıtmağa çalışacağıq:
Yuri Andropov XX əsrdə qurulan və dağılan SSRİ-nin tarixində Brejnev hakimiyyətinin dayağı, sərt mövqeyi ilə seçilən radikal “KQB” rəhbəri kimi yadda qalsa da onu diktator Stalinin mənəvi varisi və davamçısı hesab edirlər. Qəribə olsa da bu qapalı, azdanışan, zarafatları sevməyən, “soyuq müharibə” tərəfdarı, hətta Qərb və Amerika ilə uzun illər davam edən siyasi mübarizəni hərbi fazaya, real savaş meydanına keçirməyə hazır olan lider Brejnevdən sonra zamanında haqqında ən çox lətifələr danışılan baş katib olub. “Dəmir əl” sahibini sözün əsl mənasında qılınc və qələm adamı adlandırmaq da olar. Milli kimliyi hələ də mübahisə doğuran Andropovun yunan, yəhudi, hətta alman əsilli rus olduğu da söylənilir.
Yuri Vladimiroviç Andropov 1914-cü ildə Stavropol vilayətinin Kursavsk rayonunda, Naqutskaya stansiyasında doğulub. Gənclik illərində özünü bir çox peşədə sınayıb, müxtəlif işlərdə çalışıb. Voljsk gəmiçiliyinə məxsus gəmilərdə matros və kapitan köməkçisi kimi uzun müddət xidmət edib. Könüllü gəmi xidmətinə gəlmək üçün isə Yuri Andropov teleqraf işçisi olmaqdan imtina etmişdi, üstəlik, ona hörmət edənlərə sayğısızlıq göstərib işindən ərizə yazmadan, xəbərsiz çıxıb getmişdi.
1936-cı ildə texnikumu bitirən, yaşıdları arasında fəallığı ilə seçilən bu komsomol katibi az ötmədən, 1938-ci ildə Yaroslav partiya komitəsində işə göndərilir və vilayətin komsomol komitəsinin rəhbərliyi gənc Andropova tapşırılır. Tarix-filologiya fakültəsinin məzunu Yuri Andropov az keçmir ki, silahlı əsgərə çevrilir. O, iki savaşın - Karel-Fin-SSRİ və Sovet-Alman müharibəsinin iştirakçısı olur. Müharibə illərində onun bacarığı nəzərə alınaraq məxfi xidmətə cəlb edilir. Bir müddət Andropov hərbi sahədə çalışır. Müharibədən sonra isə müxtəlif vəzifələrdə işləyir. Nəhayət, bu enerjili kadr 1951-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitə aparatına gətirilir. Özünü “idealist” kommunist kimi göstərən Yuri Andropov 1953-cü ildən Xarici İşlər Nazirliyində çalışmağa başlayır. 1954-1957-ci illərdə Sovet İttifaqının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri olur. Gərgin bir dövrə təsadüf edən bu illərdə Andropovun adı qanlı Macarıstan olayının əsas iştirakçılarından biri kimi həmişə hallandırılıb. Onun Macarıstan qırğınının baş müəllifi hesab edənlər isə sonralar anladılar ki, qətiyyən yanılmayıblar. 1962-ci ildə Sov.İKP MK-nın katibi olan Andropov 1967-ci ilədək bu vəzifədə çalışıb. 1967-ci ildən Dövlət Təhlükəsizlik Komitəsinə (KQB) sədrlik edib. Və hakimiyyətin zirvəsi: 1982-ci ildə Sov.İKP MK-nın baş katibi seçilib.
Barəsində çoxlu lətifələr və şayiələr gəzən Andropovun ölümü barədə də şübhəli ehtimallar az deyil. Onun sui-qəsd nəticəsində aradan götürüldüyünə inanan bəzi araşdırmaçılar bunun obyektiv və subyektiv səbəblərini də sadalayırlar. Onun ölkə rəhbərliyinə gələndən sonra hərbi üsul-idarə yaratmaq istəyi, korrupsiyaya bulaşan yüksək ranqlı məmurların Kremldən və Mərkəzi Komitə aparatından təmizlənməsi planına start verməsi, rəhbər vəzifələrdə işləyənlərin yaratdığı “aşağıdan yuxarı rüşvət” sistemini, ittifaq boyunca yayılan nəhəng şəbəkəni dağıdıb birdəfəlik yox etmək cəhdi, ciddi ictimai nəzarət əsasında işsiz vətəndaşların kütləvi şəkildə məcburi əməyə cəlb edilməsi üçün tədbirlərə rəvac verməsi saraydaxili narazılıqlara səbəb olmuşdu. Bəzi ekspertlərin fikrincə, bütün bunlar, eyni zamanda başqa super güclərə meydan oxuyan qırmızı imperatorun “müharibə hər gün başlaya bilər” prinsipi ilə ölkədə savaş təbliğatını gücləndirməsi, SSRİ diplomatiyasına hədə pafosu gətirməklə atom bombasından istifadə edə biləcəyinə dair mesajı, ölkənin hərbi arsenalını, nüvə başlıqlı raketləri müharibə hazırlığı vəziyyətinə gətirməsi general Yuri Andropovun siyasi karyerasının faciəvi sonluqla bitməsinə gətirib çıxarıb.
Hər halda rəsmi sənədlərdə onun öz əcəli ilə vəfat etdiyi (həkimlərdən biri Andropovun ölüm kağızına imza atmaqdan imtina edib) qeyd edilir. Yuri Andropov 1984-cü il fevralın 9-da Moskvada dünyasını dəyişib.