Xəbər lenti

Bizimaz.az  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin Musavat.com-a müsahibəsini təqdim edir:

 

- Xoşbəxt müəllim, sizin xoşbəxtliyiniz həm də ondadır ki, Neft Daşları ilə bağlı hadisələrin canlı şahidi olmusunuz. Adətən sual olunur ki, neft olmasaydı, Azərbaycanı hansı tale gözləyərdi? Sizin nəzərinizcə, Azərbaycan nefti onun xoşbəxtliyidir, yoxsa əksinə?

- Bu sual çox verilir. Bilirsən necədir? Baxır neftdən necə istifadə edirsən. Hər şeydən səmərəli istifadə edərsən, nəticə yaxşı olar. Neftin bizə heç vaxt ziyanı olmayıb. Həmişə neft-qaz Azərbaycanın köməyinə gəlib. Həmişə cənab prezident də çıxışlarında deyir ki, neft gəlirlərindən düzgün istifadə edilməsi ölkəmizin xeyrinə olur. Həyatdakı var-dövlətini izafi xərcləsən, onun xeyri olmaz. Ona görə də əlbəttə, neftdən gələn gəlirləri düzgün istifadə edəndə işlər də yaxşı gedər. Sovet vaxtı neftimiz bizim əlimizdə deyildi, SSRİ-nin tabeliyindəydi. Müharibə başlayanda biz 23,5 milyon ton hasil edirdik, bütün SSRİ-də isə cəmi 35 milyon ton neft hasil edilirdi. Ola bilər ki, biz o dərəcədə neftin xeyrini görmürdük. Amma müstəqil olandan sonra... Hərdən mən deyəndə ki, bunu sovet vaxtı açmışıq, amma texnika, texnologiya olmadığına görə, yaxşı istismar edə bilməmişik, prezident də zarafatla deyir ki, elə yaxşı olub işləyə bilməmişik, yoxsa onun da gəlirləri sovetlərin büdcəsinə gedəcəkdi. İndi Allaha şükür müstəqilik, neft özümüzündür. Hazırda parlamentdə 2020-ci ilin büdcəsinə baxırlar, yenə də büdcənin 56 faizini neft təşkil edir.

- Bu fakt, yəni neft amili bizi arxayınlaşdırmır ki? Ən azı qeyri-neft sektorunun inkişafı baxımından...

- Dövləti arxayınlaşdırmır. Görürsünüz ki, son vaxtlar qeyri-neft sektoru necə inkişaf edir. Müstəqilliyin ilk illərində əlbəttə, neftin bizə çox böyük faydası var idi, çünki dünya miqyasına çıxartmaq üçün bizdə bir şey yox idi. Ona görə də neft öz işini gördü. İndi o vaxtdır ki, bunu qeyri-neft sektoru üçün istifadə edəsən. Dövlətin, cənab İlham Əliyevin də siyasəti buna yönəlib. İlbəil qeyri-neft sektorunda müsbət dinamikanı müşahidə edirik, faiz artır. Buna baxmayaraq, neft-qaz həmişə qiymətdə olub və olacaq. Ondan da heç kim imtina etmir. Mən eşidəndə ki, pomidordan neçə milyon dollar gəlirimiz olub, pomidorla da fəxr edirəm. (Gülür)

- Neft Daşlarına ilk dəfə gedişiniz nə vaxt olub?

- 1954-cü ilin mart ayında. Novruz bayramı vaxtı. 24 yaşımda. Mən institutu bitirəndən sonra dənizdə işə başladım. İdarədə işləyirdim, elə burda otururdum. Fuad Səmədov var idi, Allah rəhmət eləsin. Gəldi ki, əşi, Xoşbəxt, cavan oğlansan, bu kağız-kuğuzla nə qədər məşğul olacaqcan, gəl, səni aparım Neft Daşlarına. Mən getdim baş geoloqun yanına, dedim ki, Neft Daşlarına getmək istəyirəm. Bu qayıtdı ki, burda sənə bu qədər yaxşı şərait düzəltmişik. Mirkazım Məmmədov da şöbə rəisimiz idi. Hər dəfə Neft Daşları ilə telefonla danışanda deyirdi bunu belə edin, onu elə edin, mən düşünürdüm ki, o, nə yaxşı bunları bilir, ordakılara deyir. Mən ora getməsəm, bu şeyləri bilmərəm. (gülür) Ona görə də düzgün qərar verdim, getdim. Onda vertolyot yox idi. Burdan Pirallahıya getdim. Ordan da Neft Daşlarına gəmi ilə. Böyük bir çamadanım da var idi. Sahildən cəmi 40 km-dir. Gəminin üstündə mənə balaca bir otaq verdilər. Batırılmış gəminin kayutalarının birində qalırdım.

- Sonra fırtınalı dənizi görüb “niyə gəldim” peşmançılığı olmadı ki?

- Yox. Fırtına deyəndə ki... Dalğa güclü olanda bizi də tərpədirdi. Nə qədər ki, mədəndə baş geoloq işlədim, gəmilərdə qaldım. Sonra trestə baş geoloq gedəndə, artıq təzə estakadanın üstündə evlər tikmişdilər, orda normal otaqlarda qalırdıq.

- Belə başa düşdüm ki, belə bir həyat sizə zövq verib?

- Bilirsən necədir? Həyat belədir ki, gördüyün iş xoşuna gəldisə, davam edirsən. Mənim də gördüyüm iş xoşuma gəldi. Həm də mən institutu bitirəndə necə deyərlər, evimizdə yorğanımız da qalmamışdı, hamısı satılmışdı, çünki dolanmaq çətin idi. Birdən-birə gedib yaxşı maaş alanda o da insanı həvəsləndirir. Orda bir cəmiyyət yaratdım, elmi bilikləri yayan cəmiyyət. Cavan uşaqları yığdım ora. Bunların hərəsinə bir mövzu verdim ki, gedin, hazırlaşın, gəlin, çıxış edin. Hazırlaşıb çıxış edirdilər. Onların çoxu elmlər namizədi oldu. Hətta bu cəmiyyətin şöhrəti gəlib respublikaya çıxdı. Hətta məni mükafatlandırdılar, 60-cı ildə Rumıniyaya göndərdilər. İlk dəfə xaricə bu xətlə getdim.

- Xarici görəndən sonra sovetlərlə bağlı fikriniz dəyişmədi ki?

- Mən sovetlərdən pis bir şey görməmişəm. O zaman da başımı aşağı salıb işləmişəm. Sovetlər vaxtı üç orden almışam. İki “Qırmızı Əmək Bayrağı” və “Şöhrət” ordenləri.

- Ömrün bu çağında heç deyirsinizmi ki, kaş bu işi də görərdim, yoxsa bütün istəkləriniz çin olub?

- Yox. Həyatda elə insan olmaz ki, bütün istəklərinə nail olsun. Amma o istiqamətdə çalışanda nəticə əldə etmək mümkün olur. Məsələn, məni institutda, aspiranturada saxlamışdılar, dedilər atan tutulub, Moskva icazə vermir. Getdim Neft Daşlarına. Qarşıma vəzifə qoydum ki, madam orda məni müdafiə etməyə qoymadılar, burda müdafiə edəcəyəm. Elə ordaca elmi işlərlə məşğul oldum. 60-cı ildə elmlər namizədi oldum.

- Dənizin ortasında? Yəqin ilk nümunədir, eləmi?

- Hə. Məndən sonra başlandı. Ailəmi saxlamağa imkan qazandım, hörmət qazandım. Bunlar mən istədiklərimin bir hissəsi oldu.

- Ailədə böyük övlad olmusunuz, eləmi?

- Hə, məndən sonra iki bacım idi. Atam həbs olunanda çox balaca idik. Atamı 1935-ci ildə tutdular, başqa bəhanə ilə, sonra o da təsdiqlənmədi. 37-də isə repressiya başlandı. Anam rəhmətlik həmişə deyərdi ki, heç yaxşı olmadı e, amma atanı 35-də tutmasaydılar, 37-də mütləq tutacaqdılar, çünki 37-də onun bütün tanış-bilişini tutmuşdular. Özü də onların ailələrini sürgün etmişdilər. Deyirdi onda bizi də sürgün edəcəkdilər.

- Adınız Xoşbəxt olsa da, həyatınızın ilk illəri çox faciəli keçib...

- Bilirsən necədir? Həmişəlik xoşbəxtlik olmur. Məsələn, bir işi görürsən, onun yaxşı nəticəsi oldu, o gün sən xoşbəxtsən. Ya institutu bitirdin, sevinirsən ki, mən xoşbəxtəm. Mən geoloqam da, bir yataq açıldı, hə mən xoşbəxt adamam! 20 yatağın açılmasına rəhbərlik eləmişəm, “Azəri-Çıraq-Günəşli” neft yataqları sovet vaxtı açdığımız yataqlardır, indi işləyir. Mənim də pis günlərim olub, iki oğlumu itirmişəm...(Gözləri dolur) Demək olmaz ki, həyat həmişə normal gedir. Hər halda elə xoşbəxtəm ki, bu günə qədər yaşamışam. Bu qədər işlərə dözə-dözə gəlib bura çıxmışam. Mən insanların yaxşı tərəfini görməyə çalışmışam, heç kimdə pis nəsə axtarmamışam. Ona görə də adamlarla münasibətim həmişə yaxşı olub.

- Duzlu-məzəli söhbətləriniz, maraqlı lətifələriniz də öz yerində...

- (Gülür) Lətifələr həmişə məni çətin vəziyyətlərdən çıxarıb. O gün televizora baxıram, Kosıgindən (SSRİ Nazirlər Sovetinin sədri-E.P.) danışırdılar. Aleksey Nikolayeviç çox güclü adam idi. 1976-cı ildə mən Moskvada, Kosıginin yanında çıxış etdim. Rəhbər şəxslər hamısı kağızdan oxuyurdular. Mən səhərdən saat 6-dək orda oturmuşdum, nəhayət, söz verdilər. Nazirdən soruşdum ki, xəritələrim var, asım, asmayım? Dedi buranın ağası mən deyiləm, Kosıgindən soruş! Dedim onda asacağam. Xəritələrimi də asmışdım. Belə xəritəm də var idi. (Əli ilə divardakı xəritəni göstərir-E.P.) Mən danışanda Kosıgin qayıtdı ki, boş yerlər var orda, onlar xəritədə niyə boşdur, siz işləmirsiniz, ya başqa səbəb var? Dedim bizim Şərqdə Molla Nəsrəddin lətifələri var, icazə verin, mən lətifə ilə cavab verim. Dedi buyur. Qayıtdım ki, Molla Nəsrəddin qaranlıq otaqda sancaq itirir, çıxır bayırda axtarır. Biri görür soruşur ki, Molla, nə axtarırsan? Deyir sancaq. Deyir otaqda itirdiyinin bayırda niyə axtarırsan? Molla qayıdır ki, otaq qaranlıqdır, amma bayır işıqlı... (Gülürük) Dedim biz də oraya qədər işləyirik ki, ora “işıqlıdır”, yəni balıqçılar, hərbçilər bizə imkan verirlər. Dedi sən onları sıxa bilməzsənmi? Dedim mən nə mümkündür etmişəm, amma siz etsəniz, olar əla! Bu da gülməyən bir adam idi, hamı güldü, o da həmçinin. Yəni Molla Nəsrəddin lətifələri məni çox vaxt vəziyyətdən çıxarıb.

- Siz demisiniz ki, Azərbaycan indiyədək 492 milyon ton istehsal edib. Bəs, ehtiyatlarımız nə qədərdir?

- Dəqiqləşmiş qaz ehtiyatları 2 trilyon 600 milyarddır. Amma dəqiqləşmiş neft kondensat ehtiyatları 1 milyard 450 milyon tondur. Hələ mən proqnoz ehtiyatlarını demirəm. Biz işlədikcə təsdiq olunmuş ehtiyatlarımızın da miqdarı artacaq.

- Dünən (srağagün- red.) Neft Daşlarına getmişdiniz. Yəqin orda keçən gəncliyinizi xatırladınız...

- Hə, hər dəfə Neft Daşlarına gedəndə gözlərimdən yaş gəlir. Çünki 10 il az deyil. Mən 10 il orda işləmişəm. Zarafatla Rövnəq müəllimə deyirəm ki, hər gün Neft Daşlarına gedəcəyəm. Soruşdu nə üçün? Deyirəm dünən, Neft Daşlarında oldum, bu gün “qəndim”i (şəkəri) ölçdüm, düşüb 5,4-ə...(gülür)

- O vaxt birgə işlədiyiniz həmyaşıdlarınızdan həyatda q alan varmı?

- Yox, əşi. Qalanlar varsa da, bəlkə o vaxt uşaq olublar, mən xatırlamıram. Bu gün (dünən) Rövnəq müəllim də dedi ki, o vaxtdan yadigar elə bir dənə Xoşbəxt qalıb.

- Mötəbər tədbirlərin birində dediniz ki, Azərbaycanın birinci xanımının öz əlləri ilə bişirdiyi yeməklərdən dadmısınız. Nə vaxt olub bu?

- (Gülür) Biz 1994-cü ildə ay yarım ABŞ-da, Hyustonda olduq. Cənab İlham Əliyev xanımı ilə getmişdi. Bir ailə kimiydik. Bəzən Mehriban xanım xörək bişirirdi, bizi də çağırırdı.

- Xoşbəxt müəllim, keçdiyiniz yol bir nümunədir. Sizin şahidi olduqlarınız həm də bir tarixdir. Amma son vaxtlar yaşlı-cavan müzakirələri gedir və sizin də adınız hallandırılır. Belə söhbətlərə münasibətiniz necədir?

- Əvvəla, mən hələ 2015-ci ildə getmək istədim. Prezident dedi ki, hələ otur, işlə! Sonra Rövnəq müəllimə də demişdi ki, işini bir az yüngülləşdirin. O ki deyillər yeri cavanlara verin, mən artıq 5 il qabaq yerimi vermişəm. Mənim vəzifəm beləydi də: geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident. Prezident bizə iki vitse-prezident ştatı verdi. Biri geoloji kəşfiyyat və geofizika, o biri yataqların işlənməsi üzrə... Məni elə birinci vitse-prezident kimi təsdiqlədilər, ağsaqqal olaraq. Hesab edirəm ki, mənim bu vəzifəmi heç kim gözləmir. Artıq burda heç kimin gözü yoxdur. Çünki hamı bilir ki, mən burdan gedən kimi, bu vəzifə də ləğv olunacaq. Mən prezidentin tövsiyəsi ilə burada qalmışam. Dedi sən hələ bizə lazımsan, get, otur, işlə! İndi nə vaxt deyərlər get, gedərəm. İndi özümü babat hiss edirəm. Bir də ki, prezident bildirdi ki, bəziləri mənim dediklərimdən istifadə edirlər. Amma bu, o demək deyil ki, bütün təcrübəli insanların hamısını bayıra atasan. Gərək yaşlılarla gənclərin əlaqəsini saxlayasan. Mən də yazılarda öz adımı oxudum. Deyirlər Xoşbəxt Yusifzadənin 89 yaşı var. Deyəcəyəm o qədər yaşım yoxdur? Var da. İndi məsləhət bilərlər, gedərəm. Bu yaşımda əlimdən nə gəlir, edirəm. Həyatdır da. Amma hər halda, cavanları qabağa çəkmək lazımdır. Bir bayraq kimi yox e. Bir baxmaq lazımdır ki, cavanın əlindən nə gəlir? İndi məndən danışırlar. Mən bu yaşımda o qədər kadrlar yetişdirmişəm. Rəhmətlik Natiq Əliyev mənimlə işləyirdi, nazir oldu. Mənim tabeliyimdə o qədər adamlar işləyirdi ki, böyük vəzifələr aldılar. Mən cənab prezidentlə də bir yerdə işləmişəm, o da mənim gördüyüm işlərin şahidi olub, onları dəyərləndirir. Bir dəfə demişəm, indi təzədən müraciət etsəm ki, getmək istəyirəm, gülünc çıxar. Elə anlaşılar ki, mən köməklik etməkdən imtina edirəm. Məsləhət olsa, ömrümün qalan hissəsini də xalqıma həsr edəcəyəm. Özüm uşaq deyiləm, görsəm ki, səhhətim imkan vermir, kömək edə bilmirəm, yenə də özüm gedib xahiş edərəm. Nə isə... Hələ 90 yaşım olsun, sonra baxarıq...
istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov