Əziz gənclər!
Bildiyimiz kimi, aprelin 11-də Azərbaycanda böyük siyasi hadisənin –Prezident seçkilərinin şahidi olacağıq. Onu da bilirsiniz ki, Azərbaycan Respublikasının Konstitusiyasının nəzərdə tutulan hallar istisna olmaqla, Milli Məclis, Prezident,bələdiyyə seçkiləri keçirildiyi gün irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və başqa ictimai birliklərə mənsubiyyətindən və ya digər statusundan asılı olmayaraq, 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçmək, müşahidə etmək, seçkiqabağı təşviqatda iştirak etmək hüququ vardır. Gənclərin ölkənin ictimai-siyasi həyatında fəal rol oynadığını nəzərə alaraq qeyd etməliyik ki, qarşıdan gələn prezident seçkilərində də cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin iştirakı olduqca əhəmiyyətlidir.
Danılmaz faktdır ki, azad və demokratik seçkilərin keçirilməsi və belə seçkilərin keçirilməsinə imkan yaradan seçki qanunvericiliyinin mövcudluğu demokratik cəmiyyət quruculuğunun əsas komponentlərindən biridir. Çox sevindirici haldır ki, məhz gənclər də cəmiyyətimizin hər bir üzvü kimi öz konstitusion hüquqları olan seçmək və seçilmək hüquqlarından istifadə edirlər. Sizin çoxunuz bu hüquqdan ilk dəfə istifadə edəcəksiniz.
Dünyada mürəkkəb siyasi proseslərin getdiyi və Azərbaycan torpaqlarının 20 faizinin hələ də düşmən işğalında olduğu bir dövrdə siz gənclərin öz potensialınızı maksimal şəkildə ortaya qoymağınız qaçılmazdır. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti siz gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır.
Dövlətimizin gənc nəslin tərbiyəsi və inkişafı, gənclərimizin ölkənin ictimai, siyasi, sosial, iqtisadi həyatında fəal iştirakının təmiuni ilə bağlı fəaliyyəti həmişə xüsusi xarakter daşıyıb. Bu ənənənin əsası hələ uzun illər qabaq Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Son illərdə də bu istiqamətdə atılan addımlar gənclər siyasətinin yeni dövrə uyğunlaşdırılması xarakteri daşıyır. Dövlətin ən ali rəhbərliyinin gənclər siyasətinə xüsusi diqqət ayırması 2017-ci ildə Prezident Administrasiyasının strukturunun yenidən qurulması zamanı bir daha özünü göstərdi, burada Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradıldı. Azərbaycan dövləti ölkə gənclərini sağlam, savadlı, vətənpərvər, müasir, eyni zamanda milli köklərə bağlı görmək istəyir. Dövlətimiz, ölkə başçısı cənab Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva gənclərin müasir dövrün tələbatına uyğun inkişafında, onların ölkənin gələcəyinin qurulmasında rolunun artmasında maraqlıdırlar. Qəbul olunmuş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində həyata keçirilməsinəzərdə tutulan layihə və tədbirlər gəncliyimizin daha böyük uğurlara nail olmasına imkan yaradacaq.
Ümumiyyətlə isə, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmaqdadır. Son illər Bakıda və regionlarda istifadəyə verilən "Gənclər ev”ləri də gənclərin maraq dairəsinin genişləndirilməsi, asudə vaxtın mənalı və səmərəli təşkilində həlledici faktor kimi çıxış edir.
1993-cü ildən başlayaraq Azərbaycanda keçirilən prezident, parlament və bələdiyyə seçkilərinin nəticələri gənclərimizin düzgün qərar qəbul etmək bacarığını dəfələrlə nümayiş etdirib. Bu gün Azərbaycan gəncləri öz seçimində yanılmırlar. Çünki, onlar vəziyyəti düzgün qiymətləndirir, ağı qaradan seçə bilirlər. Gənclər ölkəmizdəki inkişafı, reallaşdırılan layihələri görür və dəyərləndirirlər. Bu gün ölkə gəncliyi seçkilərə yalnız seçici kimi qoşulmurlar. Onlar öz potensiallarına, demokratik seçki mühitinin onlara verdiyi imkanlara arxalanaraq, seçkilərdə müşahidəçi, namizəd vəkili və ya nümayəndəsi, habelə namizəd kimi iştirak edirlər. Müşahidələr deməyə əsas verir ki, ildən-ilə gənclərin seçkilərdə iştirak və fəallıq göstəriciləri durmadan yüksəlir.
Prezident İlham Əliyev özünün çıxışlarında mütəmadi olaraq gənclərin ictimai-siyasi və humanitar proseslərdə göstərdiyi səyləri nəzərə alaraq bu təbəqəni novator, yeniliyə can atan və vətənpərvər insanlar kimi təqdim edir. Həqiqətən də, dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik, gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir. Bu faktor isə müstəqilliyini 26 il bundan öncə bərpa edən bir respublika üçün mürəkkəb geosiyasi proseslərin getdiyi dövrdə çox əhəmiyyətli sayılır.
2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, 2015-ci il I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində könüllülük daha böyük vüsət alıb. Sadaladığımız bir sıra mühüm tədbirlər, festivallar, simpoziumlar, habelə, idman və musiqi yarışları ölkə gəncinin vətənə sevgi və bağlılığını ortaya qoyub. Belə ki, gənc nəslin nümayəndələri ölkəmizin adının ucalacağı və xalqımız haqqında müsbət rəyin yaradılacağı həmin kütləvi tədbirlərdə özlərini ən yaxşı tərəfdən göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verdiklərini nümayiş etdirdilər. Bu, onların tək dövlət deyil, həm də vətən qarşısında bir xidməti oldu.
Biz, gənclərin təbliğat kampaniyalarına qoşulmalarını müsbət addım hesab edirik. Siz gənclər təbliğat kampaniyalarının ədalətli, mədəni şəkildə keçirilməsində də çox böyük rol oynayırsınız. Seçkilərdə müxtəlif namizədlərin apardığı təbliğat-təşviqat kampaniyasının əsas aparıcı qüvvəsi də məhz gənclərdən ibarətdir. Sizlər ölkəmizdə mədəni seçki mühitinin formalaşmasında əvəzsiz rol oynamaqla yanaşı demokratik cəmiyyətimizin qurulmasında iştirak edirsiniz. Əminik ki, apreldə keçiriləcək Prezident seçkiləri siz gənclərin aktivliyi baxımından digərlərindən çox fərqlənəcəkdir. Sizlər könüllü olaraq bu prosesə qoşulmaqla yanaşı, həm də demokratik seçki təcrübəsi qazanırsınız. Gələcəkdə müxtəlif seçkilərdə namizəd olmaq istəsəniz, bu seçkilərdə qazanacağınız təcrübələr sizə çox böyük kömək olacaqdır. Odur ki, sizi Prezident seçkilərində fəal iştiraka səsləyirik.
Uğurlar Azərbaycan gəncliyinə!Zaur Vəliyev