- Bakıda milyonların nifrətini qazanacaq oğurluq hadisəsi
Niyə axı biz öz şəhərimizə qarşı bu qədər biganəyik. Şəhər infrastruktrunda hər hansı bir çatışmazlıq olanda böyükdən kiçiyə - hamımız səsimizi atırıq başımıza...
Bu dəfə isə tam tərsinə, hər kəs susqunluq içindədir...
Niyə axı bizdə ictimai qınaq o dərəcədə deyil ki, hətta bir cüt gözə möhtac olan vətəndaşlarımızın haqqına girib, pul qazananların sərbəst şəkildə “at oynatma”larına göz yumuruq... Deyəsən, göz yuma-yuma biz də görmə qabiliyyətimizi itirmiş olacağıq, bəlkə də itirmişik...
Fotoda gördüyünüz insanlığa sığmayan, acı gülüş doğuran mənzərə elə zənn etməyin ki, hansısa başqa bir xarici ölkədə çəkilib. Əsla yox, bu hadisə elə öz doğma Bakımızda obyektivə tuş gəlib.
Deməli, naqis, insanlıqda payı olmayan şəxs və yaxud şəxslər tərəfindən piyada keçidinin girişindəki drenaj sisteminin dəmir barmaqlığı oğurlanıb. Oğurluq var, oğurluq var. Bu oğurluq hadisəsi milyonların nifrətini qazanacaq bir olaydır.
Drenaj sistemindən səkiyə doğru diqqət etsəniz, acıq-aydın görünür ki, piyada keçidinin girişində fiziki qüsurlu insanlar, o cümlədən də gözdən əlillər üçün yerə panduslar bərkidilib. Əgər görmə məhdudiyyətli bir şəxs pandusa güvənib hərəkəti davam etdirəcəksə, onun aqibətinin necə sonuclanacağını təsəvvür etmək o qədər də çətin deyil.
Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev facebook səhifəsində bu məsələyə təəssüf hissilə münasibət bildirərək narahatlığını ifadə edib.
Qeyd edib ki, paytaxtın Hüseyn Cavid prospektində fiziki imkanları məhdud şəxslərin rahat hərəkəti üçün təşkil edilən pandusun qaraşısında drenaj sisteminin dəmir barmaqlığı məlum olmayan səbəbdən çıxarılıb: “Məsələ ilə bağlı müvafiq qurumlara məlumat verilib. Lakin təəssüf doğuran məqam odur ki, bu cür hallarla tez-tez rastlaşırıq. Və hər dəfə bunu edənə nə ad vermək olar, deyə düşünürəm, amma cavab tapa bilmirəm”.
Doğrudan da hər şeyi göz önünə alıb bu əməli törədən vicdansız insanlara nə deyəcəyini tapa bilmirsən...
Rəşad SARIYEV