Xəbər lenti

***
İki gündür sosial şəbəkələrdə "Qarabağ-Arsenal" oyunu ilə bağlı paylaşılan statuslara, açılan müzakirələrə baxıram.

Bilirsiz, söhbət təkcə futboldan da getmir. İnsanlarımızın ümumilikdə məsələyə yanaşma tərzi adamı dəhşətli dərəcədə heyrətləndirir.

"Qarabağ"ın 0:3 hesablı məğlubiyyətini lağa qoyub gülürlər bəzi soydaşlarımız. Çoxdandır gözlədikləri xoş xəbəri alıbmış kimi sevincini gizlədə bilməyənlər də var hətta...

Öncə deyim ki, mən özümü futbol azarkeşi saymıram. Kim qrupda qaldı, kim çıxdı - belə şeylərdən də başım çıxmaz. Olsa, olsa, Dünya və Avropa çempionatlarının ən prinsipial oyunlarını izləyərəm. Milli komandamızın oyunu və ya klub komandalarımızın, tutaq ki, Avropa liqasında oyunlarını isə heç vaxt qaçırmıram.

Çünki başqalarını deyə bilmərəm, şəxsən mənim üçün futbol siyasi əhəmiyyət daşıyır.

Məsələn, İran çemionatı haqda təsəvvürüm belə yoxdur: necə keçirilir, hansı güclü komandalar var və s. Fəqət Təbrizin "Traxtur" komandasının qələbəsi mənim üçün fövqəladə xəbər olur - fərqi yoxdur harda oynadı, kimlə oynadı. Əsas odur ki, qələbə çalan "Traxtur"du. Ona görə ki, "Traxtur" da mənim üçün "Qarabağ" qədər doğmadı.

Səmimi deyirəm, dünənki oyundan sonra mən heç də məyus olmadım, ola bilmədim. Əksinə, içimdə qəribə bir sevinc hissi vardı. Elə bil 3 qolu biz vurmuşduq "Arsenal"a.

Bir zamanlar "Arsenal" kimi əfsanəvi bir komandanın Bakıya gələcəyini, üstəlik milli klublarımızdan biri ilə oynayacağını xəyalımızdan belə keçirmirdik. İndi qapımızdan keçirdiyimiz 3 qola görə dünya dağılası deyil. Qapımızda futbol bayramıdır – bütün dünyanın diqqəti Bakıya yönəlib.

Üstəlik, qələbə qazanmaq, Azərbaycan, Qarabağ adını dünyaya zəfər sorağı ilə duydurmaq üçün az qala can qoyan bir komandaya necə lağ eləmək olar? Hansı hisslərlə? Hansı düşüncələrlə?

Bayaq baxıram, İran telekanallarının birində yayımlanmış farsca süjetdə də "Qarabağ"ın məğlubiyyətinə bu cür lağ edib gülürlər. Hardasa başa düşmək asandı: çünki onlar üçün də futbol siyasi söhbətdi...

Bəs biz? Öz məğlubiyyətimizə, məyusluğumuza yadlar sayağı sevinməyi, gülməyi kimdən öyrəndik?

Xalq dilində “darqursaqlıq” deyə bir ifadə var. Elə məsələlər var ki, orda darqursaqlıq etmək olmaz, olmaz, olmaz.

Etiraf etmək istəmirik ki, qapıdan keçən qol sayı əsas nəticə sayılsa da, "Qarabağ" "Arsenal" ilə gözəl oyun oynadı. O "Arsenal" ki, 132 ilin futbol klubudu. O "Arsenal" ki, futbolun vətəni olan İngiltərənin komandasıdı. Uzun bir yol keçərək oturuşmuş klubdu, futbolu həyat tərzinə çevirmiş bir toplumun komandasıdı.

Ən azı, bu baxımdan "Qarabağ"ın oyununa üzülmək lazım deyil. Azərbaycan futbolu öz qüsurlarına, çatışmazlıqlarına rəğmən, zəif templə də olsa getdikcə inkişaf edir, edəcək də. Bunu görmək və sevinmək lazımdı. Vətəndaş kimi, ürəkdən sevinmək. Bunun üçün əvvəldən əvvəl, özümüzü qiymətləndirməyi, özümüzünkünə dəyər verməyi, sevməyi bacarmalıyıq.

Futbol söhbəti də bir bəhanədir. Əslində bir toplum olaraq bütün taleyüklü problemlərimizin kökündə sevgisizlik dayanır. Sevgisizlik - bütün doğmaların, bütün doğmalıqların yadlaşmasıdır. O, parçalayır, məğlubiyyətə aparır, cəmiyyəti fərd olana qədər kiçildir. Sevgi isə birləşdirir - zərrəni küllə, toz dənəsini kainata, fərdi cəmiyyətə çevirir.

Yeri gəlib, sonda bunu da deməliyəm. “Traxtur”çulardan azarkeşliyin nəmənə bir şey olduğunu öyrənməyimizə zərurət olduğunu düşünürəm. Nədən ki, komandaları uduzanda, “Traxtur”çular bizim kimi futbolçuları təhqir etmir, lağa qoymur, gülmürlər. Bilirsinizmi nə deyirlər?

On minlərlə azarkeş “Eybi yox, eybi yox!” deyə təsəlli verirlər öz komandalarına!

Bu iki sözdən ibarət şüarın arxasında nə boyda sevgi var, ilahi!

Demək istəyirəm ki, bax, bu sevgi çatışmır bizdə.

Özünü sevmək, özününkünü sevmək - zorla, qarşıya məqsəd qoymaqla alınacaq bir nəticə deyil. Bu, bir mərhələdir. Ondan əvvəlki mərhələnin adı isə ÖZÜNÜDƏRKdir.

Məsələn, "Qarabağ"ı Qarabağ qədər, "Traxtur"u Təbriz qədər sevmək özünüdərkin təzahürü sayıla bilər...

Əvəz Qurbanlı

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov