Xəbər lenti


Xalq artisti Flora Kərimova xalq yazıçısı Elçin Əfəndiyevlə arasındakı anlaşılmazlığa münasibət bildirib.
 
Bizimaz.az xəbər verir ki, Flora Kərimova Unikal.org-a baş verən hadisə ilə bağlı müsahibə verib. O iddia edib ki, bundan əvvəl də Elçin Əfəndiyev ona qarşı oxşar münasibət sərgiləyib.
 
-Flora xanım, həqiqətənmi, Elçin müəllim sizə arxa çevirib?
 
-Bəli. O, yerində normal şəkildə oturmuşdu. Mən gedib, xalq artisti, Şəfiqə Məmmədova ilə salamlaşıb, görüşdüm və yerimdə oturdum. Üzümü sağ tərəfə çevirib, Elçin bəylə salamlaşmaq istədim. Bu zaman o, arxasın mənə tərəf çevirdi. Oğul, mən bu həyatı yaşamışam. Ömrümdə yaltaq olmamışam. Heç kimə, onun tutduğu vəzifəyə görə baş əyməmişəm. Əysəydim, indi bəzi savadsızların sırasında savadlı cavabımı verə bilərdim. Mən hesab edirəm ki, o, mənim müxalifətliyimdən çəkinərək mənə qarşı belə hərəkət etdi.
 
-Aranızda əvvəldən hər hansısa bir münaqişə baş vermişdimi?
 
-Xeyr. Hamınız kimi, mən də Elçin Əfəndiyevə çox hörmət edirəm. Ancaq onun bu hərəkətinə heç cür bəraət qazandıra bilmərəm. O, məni sırf müxalifətçi kimi qəbul etdi və belə münasibət göstərdi.
 
-Axı, Elçin müəllim də bildirdi ki, sizə arxa çevirməyib?
 
- Xeyr, o mənə arxa çevirdi. Mən nəyə görə, ona əsəbləşməliyəm ki? Səbəb oldu ki, mən əsəbləşdim! Mən də keçdiyim həyat yoluna görə düşünüb-daşınıb, fərqi görən bir insanam. Heç vaxt sayılıb və ya sayılmamağıma görə mübarizə aparmamışam.
 
Oğul, mən Elçin bəyin hərəkətini necə başa düşməliyəm? Mən ancaq münasibətə adekvat cavab verən adamam. Amma, düşünmürəm ki, Elçin bəylə düşmən ola bilərəm!. Demirəm ki, xalq artsitiyəm mənə arxa çevirmək olmaz!? Mən xalqın artistiyəm. Mənə arxa çevirmək adıma, daşıdığım rütbəyə və o adın arxasında duran, qiymət verən millətimə hörmətsizlikdi. İndiyə qədər heç vaxt ünvanıma olan hörmətsizliyi udmamışam və udmaram da. Bundan sonra mənə karyera lazım deyil. Hazırda 78 yaşındayam. Bu yaşa kimi mənliyimi qorumuşam. Amma, siz durub adımı müxalifət qoyub, mənə arxa çevirirsiz? Elçin bəy, siz məni nə yerinə qoydunuz? Elə bildin ki, mən bunu udacam? Udmayacam! Buna görə 78 il başı uca gəzməmişəm. Mənim mənəviyyat və fiziki ünvanıma bir adam söz danışa bilməz. Deyirlər ki, "qocalıb, ağlın itirib”. Bəli, qocalmışam. Ancaq hamıya bu yaşı arzulayıram. Bu yaşda hər kəsə mənim şuxluğumu, mənliyini qorumağı arzulayıram.
 
Bəzi məmurlar bizimlə, yuxarılar arasında nifaq salırlar. Qoymurlar, millət hökumətə, hökumətdə millətə yaxınlaşsın. Mənim iki il ömürüm qala, ya yox... Bu ömrü də şərəflə yaşamaq istəyirəm.
 
-Bizdə olan məlumata görə, əvvəllər Elçin müəllimlə çox yaxşı münasibətdə olmusuz...
 
-Nə onun mənə, nə də ki mənim ona düşmənçiliyim olmayıb. Dünənki söz-söhbət onun sayqısızlığı nəticəsində baş verdi. O elə bir insandır ki, Azərbaycanın ən dəyərli yazıçıları ilə adı çəkilir. Amma nədənsə, çəkinib mənə arxa çevirmək belə insana yaraşdırmıram.
 
-Elçin müəllim başqa yerlərdə də sizə eyni münasibətdə olub?
 
- Elçin müəllimin ssenarisi əsasında tamaşa nümayiş olundu. Mən də o tədbirə dəvətli idim. Sözügedən tədbirdə Elçin bəyə salam verdim və onu təbrik etdim. Mənim salamıma isə Elçin bəy minnətlə cavab verdi. Sonra özüm-özümə dedim ki, mən niyə ona salam verir, təbrik edirəm? "Ay Allah, bu nədir?” - deyə özüm-özümə təsəlli verdim.
 
-Flora xanım, siz iddia edirsiz ki, Elçin bəy sizi müxalifətçi kimi qəbul etdiyi üçün sizə arxa çevirdi. Siz həqiqətənmi özünüzü müxalifətçi sayırsız?
 
-Mən heç vaxt müxalifətçi olmamışam. Əsl müxalifətçi olmaq üçün siyasi savad lazımdır. Mən müxalif olmuşam. Sadəcə, adımı müxalifətçi qoyublar. Adıma bu adı nədənsə yazıblar. Qoy, yazsınlar. İnsanam, mən də nədənsə narazı ola və fikrimi söyləyə bilərəm. Sonda onu qeyd edim ki, mənim sənətkar kimi ölkəmdən narazılığım yoxdur.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov