Xəbər lenti



Son illər ərzində Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində bir çox nailiyyətlər əldə edilmişdir. Həyata keçirilən dövlət proqramları çərçivəsində təhsilin infrastrukturu əhəmiyyətli şəkildə yenilənməyə doğru hərəkət edir. Bütün bunların kökündə isə ölkədə təhsilin müasir tələblərə cavab verən normativ hüquqi bazasının yaradılması olmuşdur. Gerçəkləşdirilən islahatlar və genişmiqyaslı infrastruktur layihələri sosial-iqtisadi həyatın yenidən qurulması və davamlı inkişafı üçün şərait yaratmışdır.

Təhsilalanın savadlı və səriştəli şəxs kimi formalaşmasına ilk növbədə müəllimin təsiri onların akademik bacarıqlarından, tədris təcrübəsindən və peşəkarlıq səviyyəsindən irəli gəlməkdədir. Təhsil sisteminin bütün pillələrində müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətləri müasir tələblərə uyğunlaşdırılmalıdır.

Çox təəssüf ki, bu gün bəzi müəllimlərin tədris prosesində tətbiq etdiyi metodlar müasir tələblərə cavab vermir. Belə olan halda təhsilalanların əldə etdiyi bilikləri tətbiq etmə və müstəqil yaradıcı düşünmə qabiliyyətləri düzgün qiymətləndirilmir.

Hazırda təhsil iqtisadiyyatda tələb olunan  bilik və bacarıqların aşılanması ilə bərabər, vətəndaşın gələcək həyata və cəmiyyətə inteqrasiyasına hərtərəfli hazırlığı kimi vəzifələri yerinə yetirməlidir. Sürətli texnoloji tərəqqi bilik və bacarıqların müntəzəm yenilənməsini tələb edir. Bu isə yeni və daha münasib ixtisasa yiyələnməyə və səriştənin inkişafına tələbatı artırır.

Əmək bazarının tələblərinə uyğun ixtisaslı mütəxəssis-kadr hazırlığını özündə ehtiva edən orta ixtisas təhsili pilləsi üzrə müasir çağırışlara nəzər yetirəndə  məlum olur ki, burada tələb və təklif arasında ziddiyyətlər hökm sürür. Bu ziddiyyətləri aradan qaldırmaq ücün bir neçə problemlər hələ də həll olunmamış qalır. Bəs belə olan halda nə etməli?

1. İlk növbədə təhsil verənin maddi-texniki bazası müasir tələblərə cavab verməlidir və kadr potensialının gücləndirilməsi istiqamətində müxtəlif məzmunlu iş aparılmalıdır;

2. Tələbələrin əmək bazarının tələblərinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmələri işi sürətlə təkmilləşdirilməlidir;

3. Məzunların gələcəkdə əmək bazarında işlə təmin edilməsinə dair problemlərin araşdırılması aparılmalı və bu sahədə aşkar olunan nöqsanlar əsaslı şəkildə həll edilməlidir;

4.Təhsilverənin hər biri beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində işlərini qurmağı bacarmalı və sınaqdan keçmiş təcrübəni milli xüsusiyyətlərə çevirməyi üstün tutmalıdır;

5. Müasir metodları əldə etmiş təhsilverənin peşəkarlığının inkişafı üçün stimulların yaradılmasına şərait yaradılmalıdır;

6. Hər semestrdən sonra  təhsil müəssisələrində keyfiyyətin monitorinqi və qiymətləndirməsi mexanizmi yenidən işlənib hazırlanmalıdır;

7. Yeni təhsil proqramları, təlim metodikaları, təhsilalanlar arasında sağlam rəqabətin stimullaşdırılması təmin edilməlidir;

8.Təhsil müəssisəsində şəffaf idarəetmə modeli yaradılmalıdır;

9. Orta ixtisas təhsili müəssisələrinə qəbul və yerləşdirmə mexanizmi təkmilləşdirilməlidir;

10. Xüsusi istedadlı təhsilalan üçün inkişaf proqramları hazırlanmalı və onların kurrikulumdankənar məşğuliyyətinin təşkili mexanizmlərin müəyyən olunmalıdır;

11.Təhsilverən köhnə mexanizmi müasir standartlarla əvəzləməyi bacarmalıdır;

12.Təhsilverənlər ölkənin ictimai siyasi həyatında xüsusi rol oynamalıdırlar;

13. Bilik və bacarıqların təhsilalanlara ötürülməsi zamanı öyrədənlər əldə etdikləri nailiyyətlərdən istifadə etmək bacarıqlarını kollektivdə nümayiş etdirməlidirlər;

14. Orta ixtisas təhsili müəssisələrində subbakalavrların bütün proqramları müasir tələblərə cavab verməli və bu istiqamətdə təhsilin məzmunu köklü şəkildə dəyişdirilməlidir;

15. Bütün təhsilverənlər müasir çağrışlara cavab verən təlimlərə cəlb olunmalıdırlar;

16. Bu müəssisələrdə karyera mərkəzi, keyfiyyətin təminatı mərkəzi kimi mərkəzlər açılmalı və beynəlxalq təcrübəyə uyğun nizamnamə hazırlanaraq fəaliyyətlər tərtib edilməlidir;

17. Orta ixtisas təhsili müəssisələrində dərsdənkənar fəaliyyətin təşkili üçün tələbə klubları qurulmalı və geniş fəaliyyəti üçün şərait yaradılmalıdır;

18. Tələbələrin təcrübə proqramları daha nizamla həyata keçirilməli, onların əmək bazarının müasir dövrdə tələb etdiyi praktiki bacarıqlara yiyələnmələri təmin olunmalıdır

Təbii ki, bütün bu bəndlərə əməl etmək qısa müddət ərzində mümkün deyil. Konstitusiyada təsbit edilmiş təhsil hüququnun təmin edilməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Hər bir kəsin təhsil almaq hüququ olduğu kimi təhsilverənin də imkanları genişlənməlidir. Konstitusiyada təsbit edilmiş normalar orta ixtisas təhsili müəssisələrinin bütün pillələrini özündə ehtiva edir.

Modern milli təhsil sisteminin yaradılması istiqamətində bütün səylər səfərbər olmalıdır. Tələbələrdə daxili motivasiya yaratmaq lazımdır. Bunun üçün qərar verən zaman onları da proseslərə qoşmalı, fikirləri alınmalıdır. Yüksək motivasiya olunmuş tələbələrlə daha çox praktiki nəticələrə yiyələnmək mümkün  olar.

 

Zaur Vəliyev

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecin Sosial və Humanitar məsələlər üzrə direktor müavini

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov