Xəbər lenti



 

Ermənistan 1992-1994-cü illərdə dövlət sərhədlərini, beynəlxalq hüququ və dünya arenasında sivil davranış normalarını pozaraq  Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi. İşğal zamanı orada yaşayan azərbaycanlılar amansız etnik təmizləməyə məruz qalmışdı. İşğaldan sonrakı 30 il ərzində Ermənistan bu ərazilərin təbii sərvətlərini talan etmiş, tarixi abidələri, yaşayış məntəqələrini,nəqliyyat infrastrukturunu dağıtmış, bununla da ölkəmizin iqtisadiyyatına külli miqdarda zərər vurmuşdur. Bu müddət ərzində Azərbaycanın xarici siyasətinin əsas prioriteti işğal altında qalan torpaqları azad etmək və Ermənistanın əsassız ərazi iddialarına son qoyub, regionda sabitliyi bərpa etmək olmuşdur. Ulu Öndər Heydər Əliyev  dəfələrlə beynəlxalq  arenalarda Ermənistanın işğalçılıq siyasətini ifşa etmiş və BMT qətnamələrini heçə saydığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.

 

Ulu Öndər Heydər Əliyevin  siyasətini davam etdirən Prezident cənab İlham Əliyev Azərbaycanı son 18 il ərzində həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı bütün qüvvəsini ortaya qoydu. Xalq öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı Qarabağ arzusundan bir addım da geri çəkilməyib. Azərbaycan bütün dövlətlərin sərhədlərinə və ərazi bütövlüyünə hörmət edir. Azərbaycan dünya arenasında ardıcıl olaraq dövlətlərin sərhədlərinə, ərazi bütövlüyünə hörmətlə yanaşılmasının tərəfdarı kimi çıxış edir. Amma bu, qarşılıqlı bir prosesdir.

İndi Ermənistan müharibədə məğlub olub. O, işğal etdiyi torpaqları boşaltmağa güc yolu ilə məcbur edilib. Buna görə də Ermənistan əsassız ərazi iddialarından imtina etməlidir, əks halda bu dövlət fəlakətə sürüklənəcək. Otuz ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu. Yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir. Azərbaycan malik olduğu iqtisadi və kommunikasiya potensialını region xalqları arasında bölüşməsi ilə seçilir və buna çoxsaylı nümunələr də göstərmək olar. Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır.

Bu gün Azərbaycanın daxili və xarici siyasəti müstəqillik prinsipinə əsaslanır, milli maraqların qorunmasına xidmət edir. Məhz elə buna görədir ki, artıq regionda güc mərkəzinə çevrilən Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq daha da möhkəmlənir, ölkəmiz beynəlxalq münasibətlər sistemində özünə layiq yer tutmaqla günü-gündən nüfuzunu daha da artırır. Təbii ki, bunun da əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Hazırda müstəqil ölkə kimi müstəqil siyasət aparan ölkəmiz xarici siyasi əlaqələrini, siyasi, iqtisadi, hərbi, humanitar və digər sahələrdə müttəfiqlərini, əməkdaşlıq etdiyi ölkə və beynəlxalq təşkilatları özü seçir. Azərbaycan öz təbii sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq əlaqələrini dövlət maraqları və qarşılıqlı faydalılıq prinsipləri əsasında reallaşdırır. Ölkədə həmçinin əhalinin gəlirlərinin stabil artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici qüvvələrin Azərbaycana təzyiq göstərmək, daxili sabitliyi pozmaq cəhdləri hər dəfə uğursuzluğa düçar olur. Ölkəmizin inkişafını istəməyən bəzi xarici qüvvələr artıq anlayır ki, Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın maraqlarını bütün dəyərlərdən üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən Lideri var və Xalq-Lider vəhdəti Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır.

 

 

Xəyalə Dadaşova,

Salyan rayon Qızılağac kənd tam orta məktəbin müəllimi

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov