Qırx dörd günlük İkinci Qarabağ münaqişəsi 30 illik işğal, həmçinin müharibə dövrünün reallıqlarına aydınlıq gətirməklə yanaşı, yeni əməkdaşlıq formatlarının yaranmasına yol açdı. Bu baxımdan ki, 30 ildə işğalçı Ermənistana və ona havadarlıq edən supergüclərə “sirr”, amma ədaləti və beynəlxalq hüququ dəstəkləyən dövlətlərə bəlli olan məqamlar bir daha işıq üzü gördü, münaqişənin həlli prosesinin uzanmasının səbəbləri açıqlandı. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dövründə 30-dan artıq xarici KİV-lərə müsahibələrinin hər biri bu reallıqların təbliğində əhəmiyyətli rol oynadı. Ən əsası, Prezident İlham Əliyev diplomatik şəkildə, təmkin nümayiş etdirərək, bir çox hallarda qərəzi özündə ehtiva edən sualları cavablandırmaqla Azərbaycanın haqlı olduğunu, mövqeyinin ədalətə və beynəlxalq hüquqa əsaslandığını konkret faktlarla ortaya qoydu.
Həmin dövrdə dövlət başçısı İlham Əliyevin müsahibələri sırasında İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi də diqqətdən kənarda qalmadı. Prezident İlham Əliyevin müharibə dövründə “La Repubblica” qəzetinə müsahibəsi ilə bu il oktyabrın 13-də sözügedən nəşrdə yer alan müsahibəsini müqayisə etdikdə fərqli məqamları görməmək mümkün deyil. Çünki münaqişə artıq tarixə qovuşub, postmüharibə dövrünün reallıqlarını yaşayırıq. Hazırda diqqət göstərilən əsas məsələ işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri, bu ərazilərə investisiyaların yatırılmasına yaradılan şərait geniş müzakirə mövzusudur. Digər bir tərəfdən isə bu ərazilərə investisiya yatıran xarici şirkətlər arasında İtaliyaya da məxsus olanlar var. Dövlət başçısı İlham Əliyev müsahibəsində bu məqamı xüsusi qeyd etmişdir ki, İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. Bu, təsadüfi deyil. Prezident İlham Əliyev Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyini bildirmişdi. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər, Memorial, İşğal muzeylərinin yaradılmasında iştirak edir. Bütün bunlar artıq iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsinin aydın mənzərəsini yaradır.
İkinci Qarabağ müharibəsində Qələbəmiz bir çox dairələri narahat etdi. Onlar Azərbaycanı zəif, asılı, işğal altında olan və hər zaman münaqişənin həlli üçün yardım istəyən ölkə kimi görmək istəyirdilər. İndi isə Azərbaycanın diktə edən tərəf kimi çıxış etməsi təbii ki, həmin dövlətlərdə qısqanclıq hissi yaratmaya bilməzdi. Nəzərə alsaq ki, həmin dövlətlərin işğalçı Ermənistana böyük sevgiləri vardır, bu nöqteyi-nəzərdən Ermənistanı məğlub görmək istəməyən dairələrə Zəfərimiz böyük zərbədir. Azərbaycan 30 ilin işğalına 44 gündə son qoyaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra etməklə özünün hərbi qüdrətini və yenilməz siyasi iradəsini bütün dünyaya nümayiş etdirdi. Bununla yanaşı, Azərbaycan Zəfərdən sonra bəzi ermənipərəst Qərb dairələri tərəfindən qarayaxma kampaniyası ilə qarşılaşacağını da bilirdi. Çünki zaman-zaman belə kampaniyalar aparılıb və hər dəfə Azərbaycanın reallıqlarının fonunda iflasa uğrayıb.
Daim siyasətində müstəqil olan, istər ikitərəfli, istərsə də çoxtərəfli müstəvidə münasibətlər quran, dövlət maraqlarını və xalqın iradəsini öndə saxlayan Azərbaycan 44 gündə tarixi Qələbəsi ilə ədalətə deyil, maraqlara üstünlük verən və bu səbəbdən də yanlış yol tutaraq qərəzli addımlar atan dövlətlərə əsl həqiqəti diktə edir. Bu gün maraqları naminə Ermənistana sevgi nümayiş etdirən dövlətlər Azərbaycanın Vətən müharibəsinin getdiyi vaxtlarda təzyiqlərə baxmayaraq savaşı sonadək davam etdirib təcavüzkarı kapitulyasiya aktına imza atmağa məcbur etdiyini unutmasınlar. Bu mesaj hazırda da öz aktuallığını qoruyur: Dəmir yumruq yerindədir. İstər Ermənistan, istərsə də ona havadarlıq edən dövlətlər Azərbaycana qarşı belə yanlış addımlardan çəkinməli, həqiqəti ortaya qoymaqla ölkəmizin təklif etdiyi sülh müqaviləsinin imzalanmasına, münasibətlərdə yeni səhifənin açılmasına dəstək olmalıdırlar. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, sülh təklifi masa üzərində əbədi qala bilməz.
Ülviyyə Mirzəyeva,
Salyan rayon Xurşud kənd ümumi orta məktəbin direktoru