Xəbər lenti

 

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə vermişdir. Müsahibə zamanı Qarabağda Rusiya sülhməramlılarının fəaliyyəti, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri və bu istiqamətdə İtaliya şirkətləri il birgə əməkdaşlıq, Azərbaycanın xarici siyasətinin prioritetləri kimi mühüm mövzulara toxunulmuşdur.

 

Son illərdə Azərbaycan və İtaliya arasında müttəfiqlik əlaqələri, siyasi-iqtisadi əlaqələr mahiyyət etibarilə yeni mərhələyə qədəm qoymuşdur. Ötən ilin dekabrın 19-da İtaliya ilə Azərbaycan arasında Qarabağda quruculuq işlərinə dair müqavilə imzalanıb. Bununla da Qarabağ regionunun bərpasında Türkiyədən sonra iştirak edəcək ikinci ölkə İtaliya olmuşdur. Hal-hazırda hər iki ölkə beynəlxalq aləmdə strateji tərəfdaş, həm də yaxın dost kimi çıxış edir. Biz bunun ölkə başçımızın müsahibə zamanı səsləndirdiyi fikirlərdə də aydın şahidi oluruq: “Azərbaycan Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edib. Bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq”

2020-ci ilin sonlarında Azərbaycan qazı Avropaya nəql edilməyə başlandı. Beləliklə, İtaliya da Azərbaycandan qaz qəbul etməyə başladı. İtaliya kənd təsərrüfatı və sənaye sektorlarında mütərəqqi texnoloji avadanlıqların tətbiqi sahəsində böyük təcrübəyə malikdir. Odur ki, İtaliya şirkətlərinin Azərbaycanda həyata keçirilən investisiya layihələrində, sənaye zonalarında, aqroparklarda, logistik mərkəzlərin yaradılmasında iştirakı əməkdaşlığımıza əlavə stimul verə bilər. Qeyd olunan layihələrin icrasının mürəkkəb bir proses olmasına baxmayaraq, əslində, bu layihələrin regionda sülhün bərqərar olmasına xidmət edəcək. Habelə işğaldan azad edilmiş ərazilərə xarici şirkətlərin cəlb edilməsi biznes əlaqələrinin qurulması və etibarlılıq mühitinin yaradılması nöqteyi-nəzərindən də bir fürsətdir.

Azərbaycan-İtaliya münasibətləri tarixi köklərə, qarşılıqlı faydalı əməkdaşlığa söykənir və iki ölkə arasındakı dostluq əlaqələrinin strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsində Prezident İlham Əliyevin müstəsna xidmətləri var.

2021-ci ilin cari dövründə Azərbaycanın neft-qaz məhsullarının ixracında İtaliya ilk yerdə qərarlaşıb. Bu müddət ərzində ixracın 38,2 faizi İtaliyaya reallaşdırılıb. Qarşılıqlı ticarət dövriyyəsi 6 mlrd ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həçmində sərmayə yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 mlrd ABŞ dolları olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 mln ABŞ dolları olan 37 layihədə podratçı kimi iştirak edirlər.

İtaliya Azərbaycan torpaqlarının işğal altında olduğu zaman kəsiyində ölkəmizin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləmiş, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və dövlətinin haqq işinə dəstək vermişdir. Təsadüfi deyil ki, postmüharibə dövründə ölkəmizə yüksək səviyyəli nümayəndə heyəti ilə səfər edən dost, qardaş ölkələrin ön sıralarında İtaliya da yer alır. Müharibə başa çatdıqdan qısa bir müddət sonra İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini Ettore

Rosatonun başçılıq etdiyi nümayəndə heyəti işğaldan azad edilən Ağdam şəhərinə və Ermənistanın raket atəşinə tutduğu Gəncə şəhərinə gedərək, gördükləri dəhşətli mənzərə ilə bağlı öz mövqelərini açıq şəkildə ifadə etdilər.

Bu səfərdən bir neçə gün sonra İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun ölkəmizə səfər edərək İtaliyanın mövqeyinin Azərbaycan torpaqlıarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT qətnamələrinə söykəndiyini bir daha dilə gətirdilər.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan-İtaliya münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Qarabağda həyata keçirilən quruculuq-abadlıq işləri, gerçəkləşdirilən və reallaşması nəzərdə tutulan çoxsaylı layihələr Azərbaycan-İtaliya münasibətlərində yeni və əlaqələri daha dinamik şəkildə inkişaf etdirəcək mərhələnin başlanması deməkdir.

 

 

Könül Nuriyeva,

Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbin direktor əvəzi

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov