Ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək, ərazi bütövlüyümüzü təmin etdi. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalçıları üzərində qazandığımız hərbi-siyasi Zəfər xalqımızın çoxəsrlik tarixinin ən böyük hadisəsidir.
İşğaldan azad edilmiş ərazilərimizin böyük iqtisadi potensialı və təbii ehtiyatları var. Bu ərazilər həm yerli və xarici investisiyaların cəlbi, həm də əhalinin məşğulluğunun təmin edilməsi baxımından dövlət siyasətinin bir parçası olacaq. Artıq işğaldan azad edilən torpaqlarımızın iqtisadiyyata qazandırılmasının uğurlu təcrübələri vardır. 2016-cı il aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulması, yaşayış evlərinin, nəqliyyat infrastrukturunun tikilməsi, yeni müəssisələrin və iş yerlərinin yaradılması tarixi torpaqlarımızda yeni həyatın başlanğıcı oldu. Azad edilən rayonlar işğaldan əvvəl üzümçülük, pambıqçılıq, taxılçılıq, heyvandarlıq sahəsində xüsusi paya malik idi. Bu ərazilərin aqrar istehsal və ixrac potensialı kifayət qədər böyükdür. Xüsusilə Şuşa, Füzuli, Kəlbəcər və Zəngilan əraziləri böyük turizm potensialına malikdir. Bu rayonlarda daxili və gəlmə turizm imkanları kifayət qədər böyükdür. İsti su mənbələri ilə zəngin Kəlbəcərdə sağlamlıq turizmi inkişaf etdiriləcək və mədəniyyət turizm marşrutları bərpa olunacaqdır.
Erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb edir. Bununla bağlı bir sıra proqramlar qəbul olunmuşdur. Yaxın vaxtlarda Araz çayı üzərində “Xudafərin” və “Qız qalası” adlı iki su elektrik stansiyasının istifadəyə verilməsi planlaşdırılıb və bununla işğaldan azad edilən ərazilərin elektrik enerjisi ilə fasiləsiz təminatına imkan yaranacaq. Yerli enerji tələbatının ödənilməsi və ölkənin enerji ixrac potensialının artması baxımından hər iki stansiyanın əhəmiyyətli yeri olacaq. İşğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərin, faydalı qazıntıların işlənilməsi investisiyaların qoyuluşu baxımından böyük perspektiv vəd edir. Son illərdə Azərbaycanın qeyri- neft ixracında qızıl mühüm yer tutur. Həm dünya bazarlarında qızılın qiymətinin yüksəlməsi, həm də bu sahədəki şirkətlərin müasir istehsal texnologiyalarına sahib olması onu deməyə əsas verir ki, işğaldan azad edilmiş ərazilərdə qızıl yataqlarının istismarı yaxın illərdə Azərbaycan iqtisadiyyatına böyük töhfə verəcəkdir. Bütün bunlar onu deməyə əsas verir ki, erməni vandalizminə məruz qalan ərazilərin əvvəlki vəziyyətinə qaytarılması müəyyən müddət və vəsait tələb etsə də, qısa zamanda orada əhatəli layihələr reallaşadırlacaqdır.
İman Mustafayev,
Salyan Dövlət Rəsm Qalereyasının direktoru