Xəbər lenti


 

Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixində videokonfrans formatında növbəti icası keçrilmişdir. Keçirilən iclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın dövlət maraqlarını geniş şəkildə bir daha müdafiə etmiş, hər zamankı kimi, bu dəfə də qətiyyətli və məntiqli çıxışı ilə diqqəti cəlb etmişdir. Biz bilirik ki, bundan əvvəl də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bir neçə dəfə dialoq olub. Hər dəfə Paşinyan bu dialoqdan məğlub ayrılıb, irəli sürülən ittihamlara doğru-düzgün cavab verə bilməyib. Bu dəfə Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsi olaraq qalib ölkənin Müzəffər Ali Baş Komandanı kimi çıxış etdi. Bölgədəki mövcud durumu MDB dövlət başçılarına, ümumilikdə isə bütün dünyaya çatdırdı. Prezident qeyd etdi ki, Qarabağ münaqişəsi arxada qalıb və bu konteksdə irəliyə baxmaq lazımdır. Təbii ki, kommunikasiya xətlərinin açılması, eyni zamanda, sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası olduqca vacibdir. Delimitasiya Azərbaycanın və Ermənistan qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanıyacağı halda əhəmiyyət kəsb edir. Bu, təbii ki, vacib nüanslardan biridir. Regionda müharibəyə qədərki dövrdə olduğu kimi, postmüharibə mərhələsində də bir çox dairələr sülhə, sabitliyə xələl gətirmək üçün əllərindən gələni edirlər. Prezident İlham Əliyev çıxışı zamanı həmin qüvvələrə də mesaj göndərmiş oldu.

 

Dövlətimizin başçısı MDB dövlətləri liderlərinə hazırda ölkəmizdə davam edən bərpa-quruculuq işləri ilə bağlı da məlumat verdi. Bildirdi ki, müharibə bitəndən, torpaqlarımız işğaldan azad ediləndən sonra bizim əsas məqsədimiz 30 il müddətində xüsusi amansızlıqla da­ğıdılan, məhv edilən şəhər və kəndlərimizi yenidən dirçəltmək, bu yerlərə həyatı qay­tarmaqdır. Lakin əlbəttə ki, qarşımızda du­ran ən önəmli problem mina xəritələrinin bizə verilməməsidir. Bu da düşmənin növbəti insanlıq cinayətidir. Düşmən müharibədəki məğlubiyyətini qəbul edib, kapitulyasiya aktına imza atdıqdan sonra belə, yalvararaq bizdən aldığı möhləti yenə öz iyrənc əməllərinə xərcləyərək boşaltdığı ərazilərə pərakəndə şəkildə mina səpələməklə keçirmişdi. Ölkəmizin başçısı bu məsələni xüsusi qeyd edərək bildirdi ki, təkcə bu əməl belə Ermənistanın həqiqi xislətinin ortaya çıxmasına kifayət edir.

Bundan əlavə, erməni vandallarının torpaqlarımızda törətdiyi insanlıqdan kənar vəhşilikləri xatırladan Prezident İlham Əliyev bildirdi ki, ermənilər heç vaxt bu torpaqlarda yaşamaq, yarat­maq niyyətində olmayıblar. Çünki onlar özləri də yaxşı bilirdi ki, bu ərazilər Azərbaycana məxsusdur və tarixi ədalət öz yerini tapacaq. Sadəcə geci-tezi var idi. Prezident MDB dövlətləri liderlərinə xatırlatdı ki, işğaldan azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə, demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb: “Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxla­yır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində bi­nalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayo­nunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubad­lı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb”.

Düşmənin məqsədi sadəcə işğal müddətini uzatmaq, qurduqları “böyük Hayastan” xülyasının bataqlı­ğında bir qədər də boğulmaq idi. Lakin Azərbaycan əsgərinin ayaq səsləri erməniləri dərin yuxudan oyandırmaq üçün kifayət etdi. Onlar hələ müharibənin ilk günlərindən Prezident İlham Əliyevin dediyi kimi “qapı-qapı gəzib bütün dünya liderlərinə yalvarır”, kömək istəyirdilər. Özləri də yaxşı bilirdilər ki, uzun müddət qurduqları miflər həqiqətin qarşısında acizdir. Həqiqət isə dövlətimizin baş­çısının sonradan qələbənin simvoluna çevrilən bu sözlərində idi: “Qarabağ Azərbaycandır və nida işarəsi”.

Çıxışının sonunda münaqişənin artıq geridə qaldığını xatırladan Prezidentimiz Ermənistanın ona verilən şansı düzgün dəyərləndirəcəyinə ümidvar olduğumu­zu qeyd edib: “Biz, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq, həmçinin Ermənistan ilə sülh sazişinə dair danı­şıqlara başlamağa hazırıq. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır. Ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.

 

 

Aynur Əsgərova,

Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov