Xəbər lenti



 

Ermənistan 30 ildən artıq idi ki, Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti həyata keçirirdi. Beynəlxalq aləm isə bütün bunları, sadəcə olaraq, müşahidə edirdi. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi vurğulansa da, işğalçı qüvvələrin ölkəmizin ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması tələb olunsa da, Ermənistan işğalçılıq siyasətindən geri çəkilmir, sadalanan qətnamələr yerinə yetirilmirdi.

 

Nəhayət, bütün bu ikili standartlar, eyni zamanda, düşmən ölkənin mütəmadi təxribatları, həmçinin ötən il sentyabrın 27-də ölkəmizə qarşı hücum əməliyyatı Azərbaycanın səbir kasasını daşdırdı. Silahlı qüvvələrimiz əks həmlə əməliyyatına başlamağa məcbur oldu. Bu müharibədə xalqımız “Heç bir təhdid, heç bir hədə, heç bir təzyiq mənim iradəmə təsir edə bilməz. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır, onun iradəsidir və onun maraqlarıdır”, – deyən Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi, bu inam, bu həmrəylik isə Vətən müharibəsində əldə edilən möhtəşəm qələbəmizi şərtləndirdi. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsinə son qoyuldu.

“Prezident İlham Əliyev oktyabrın 15-də keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında çıxış edərək, ötən il noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli bəyanatın Ermənistan-Azərbaycan tərəfdən minlərlə insanın ölümündən qaçmağa, Ermənistanın öz silahlı qüvvələrini Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal olunan hissəsindən çıxarmağa imkan verdiyini bildirib. Bəyanatdan əvvəl isə Azərbaycan Silahlı Qüvvələrinin 300-dən çox şəhər və kəndi döyüş meydanında azad etdiyini bir daha diqqətə çatdırmışdır.

Artıq İkinci Qarabağ müharibəsindən təxminən bir il ötür. Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa, ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına və sülh sazişinin təfərrüatlarının müəyyən edilməsi üçün Ermənistanla danışıqların aparılmasına hazırdır. İstər Ermənistan əhalisinin sülhü dəstəkləyən hissəsi, istərsə də xalqımız rəsmi İrəvan rəhbərliyinin bu tarixi şansı əldən verməyəcəyinə ümid bəsləyir. Çünki Ermənistanın dirçəlməsi, inkişafı qonşuları, xüsusilə Azərbaycan ilə sülh şəraitində yaşamasından asılıdır. Belə halda, şübhəsiz ki, qoşulacağı gələcək layihələrdə iştirakı onu indiki böhran vəziyyətindən xilas edə bilər. Əks təqdirdə, daxili çaxnaşma–vətəndaş qarşıdurması və ən başlıcası isə Azərbaycanın “dəmir yumruğu” ilə yenidən üzləşməsi qaçılmazdır.

Prezident İlham Əliyev həmçinin, çıxışında hazırda Qarabağ və ətraf bölgələrimizdə ciddi narahatlıq doğuran bir məsələyə də toxundu: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi qarşımızda duran əsas problemlərdən biridir. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir”.

Müharibənin başa çatmasından indiyədək Ermənistan mina xəritələrini min bir bəhanə ilə verməkdən imtina edir. Təqdim olunan xəritələrin əksər hissəsi isə həqiqətdən uzaqdır. Belə bir hərəkət, əslində, onun faşist xislətinin ifadəsidir. Ümumiyyətlə, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməməsi Ermənistanın “mina müharibəsi”ni davam etdirməsinin sübutudur. Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərin böyük bir qismini minalaması işğalçı dövlətin militarist siyasətinin miqyas və mahiyyətindən xəbər verir.

Düşmən bu mahiyyətini işğal dövründə də göstərib. Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında bu barədə ətraflı bəhs edib, azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələrin kərpic-kərpic, daş-daş sökülərək, Ermənistana və İrana

satıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni zamanda, təbiətimizə də çox böyük ziyan vurulduğunu, 60 min hektara yaxın meşənin qırıldığını, qızıl yataqları və digər təbii ehtiyatların da qanunsuz istismar edildiyini xatırladıb.

Ümumilikdə, bu otuz il ərzində erməni vandalizmi sərhəd tanımayıb. Bu illər ərzində ermənilər Azərbaycan xalqına məxsus ərazilərdə dağıntı işləri aparmaqla və tarixi saxtalaşdırmaqla məşğul olmuşlar. Çox təəssüflər olsun ki, dünya ölkələri, müvafiq beynəlxalq təşkilatlar ermənilərin bu terrorçu və vandalizm hərəkətlərinə susqunluq nümayiş etdirir, bununla bağlı Ermənistana qarşı heç bir təsir göstərmirlər.

Lakin, dövlət başçısının da bəyan etdiyi kimi, 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır.

 

 

Araz Hüseynov,

Salyan rayon Gənclər və İdman İdarəsinin rəis

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov