Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qəti iradəsi və müdrik xarici siyasəti, qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı və şücaəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində təcavüzkar Ermənistan döyüş meydanında və siyasi müstəvidə ağır məğlubiyyətə uğradılaraq 30 ildir işğal altında qalan torpaqlarımız azad olundu, Azərbaycanın Böyük Qələbəsi ilə Dağlıq Qarabağ münaqişəsi başa çataraq ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr müharibənin taleyində həlledici rol oynamış və Zəfər yürüşündə Azərbaycan Ordusunun qarşısında tab gətirməyən Ermənistan beynəlxalq hüquqa məhəl qoymamağın, təcavüzkar siyasətini davam etdirməyin və özgə torpaqlarını işğalda saxlamağın daha mümkünsüz olduğunu dərk edərək öz məğlubiyyətini etiraf etmək məcburiyyətində qalmışdır. 44 gün sürən hərbi əməliyyatları uduzmağı ilə barışan Ermənistan noyabrın 10-da Birgə Bəyanata imza ataraq işğalçı qüvvələrini Azərbaycanın ərazilərindən çıxarılması və torpaqlarımızın qısa müddətdə boşaldılması öhdəliyini üzərinə götürmüşdür.
Regionda bütün kommunikasiyaların açılması Azərbaycana öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə maneəsiz çıxış əldə etmək imkanı verəcək. Prezident İlham Əliyev Aİ Şurasının Prezidenti Şarl Mişellə birgə keçirilən mətbuat konfransında sualları cavablandırarkən bildirib ki, Ermənistan sərhədinə doğru dəmir yollarının və magistral yolun tikintisinə başlanılıb. Biz öz ərazimizdə Ermənistan ərazisinə 100 kilometrdən çox magistral və dəmir yolları tikməliyik. Ermənistan ərazisində bu, təxminən cəmi 40 kilometrdir. Regionda bütün kommunikasiyalar paralel olaraq açılmalıdır. Bu, Ermənistan üçün Rusiya və İranla dəmir yolu əlaqəsinə sahib olmaq imkanı yaradır. Bu, Azərbaycan üçün Naxçıvan Muxtar Respublikasına əlavə çıxış əldə etmək imkanı yaradır və regionun 4 ölkəsi - Azərbaycan, İran, Rusiya və Türkiyə bu yanaşmaya güclü dəstək verir. Beləliklə, biz Ermənistandan müsbət cavab almalıyıq, lakin bu cavab selektiv olmamalıdır. Bütün kommunikasiyalar eyni vaxtda açılmalıdır və bu baxımdan ayrı-seçkilik olmamalıdır. Sözsüz ki, bundan sonra regionda proqnozlaşdırılma, sabitlik və təhlükəsizlik artıq reallığa çevriləcək.
Hökümət regionun gələcək inkişafında yeni tendensiyaların və rəqəmsal texnologiyaların istifadəsinin vacibliyini anlayır. Erməni işğalından azad olunmuş torpaqlar “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarına əsasən bərpa olunmalıdır. Dövlətimizin başçısı bildirib ki, bu işlər indidən planlaşdırılmalıdır ki, şəhərsalma aparılarkən, layihələr icra edilərkən mütləq dünyanın ən qabaqcıl texnologiyaları orada tətbiq olunsun: “Bizim digər şəhər və kəndlərimizdə buna oxşar layihələri də icra etmək lazımdır. Çünki əgər biz bunu bu gün etməsək, sabah geri qalacağıq. Biz geri qala bilmərik”.
Prezident İlham Əliyev bərpa olunan enerji mənbələri və aqrar-sənaye kompleksi sahəsində qabaqcıl texnologiyaların istifadəsinin gələcək perspektivlərini də qeyd edib. Ölkə başçısının sözlərinə görə, azad edilmiş torpaqlar yüksək texnoloji inkişaf rayonları olmalıdır. Bir sıra dost ölkələr də, o cümlədən qardaş Türkiyə işğaldan azad olunmuş ərazilərimizin bərpası prosesində iştirak etmək arzusunda olduqlarını bildiriblər. Azərbaycan dövləti də dost ölkələrlə bu sahədə əməkdaşlıq etmək niyyətini açıqlayıb. Türkiyədə fəaliyyət göstərən, 130 texnologiya şirkətinə dəstək göstərən “GOSB” texnoparkı ilə Azərbaycan İnnovasiyalar Agentliyi arasında imzalanmış “Mədəni və Elmi Əməkdaşlıq” memorandumuna əsasən, Qarabağda Yüksək Texnologiyalar Parkı yaradılacaq. Parkda ən son “soft” və “hard” elmi araşdırmaların aparılması, eyni zamanda, yüksək texnoloji cihazların istehsalı planlaşdırılır. Türkiyə şirkətləri Azərbaycanda təqribən 10 milyard dollardan çox dəyəri olan layihələrdə, müxtəlif inşaat layihələrində iştirak ediblər. Qarabağda da yenidənqurma işləri birgə görüləcək və Türkiyə şirkətlərinin buradakı fəaliyyəti üçün yeni imkanlar yaranacaq. Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da türk şirkətləri fəaliyyət göstərirlər və o da çox mürəkkəb, çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır. Artıq ilkin razılaşmalar əldə edilib.
Bəli, Qarabağımızda dost, qardaş ölkələrlə, xüsusən 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işində dövlətimizə, xalqımıza mənəvi dəstək olan Türkiyə ilə görüləcək işlərin həcmi çox böyükdür. Azərbaycan hökümətinin hazırladığı Strateji Bərpa Planı və Dirçəliş Konsepsiyası Qarabağ Regionunu ən inkşaf etmiş zonaya çevirməyi nəzərdə tutur.
Günel Yaqubova,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı